Arasdirma.info

"Qarabağ" münaqişəsi 2017-ci ildə həll edilə bilərmi? – DEPUTATLAR NƏ DÜŞÜNÜR? – "Mən peyğəmbər deyiləm ki, deyim…"

3-03-2017, 16:04

"Qarabağ" münaqişəsi 2017-ci ildə həll edilə bilərmi? – DEPUTATLAR NƏ DÜŞÜNÜR? – "Mən peyğəmbər deyiləm ki, deyim…"


Təxminən 30 il yaxın bir vaxtdır ki, Ermənistanla Azərbaycan arasında baş verən gərginlik, eləcə də Qarabağ münaqişəsi hələ də həllini tapmır. Uzun sürən danışıqlar masa üzərində qalır, sülhə etdiyimiz çağırışlara heç bir məhəl qoyulmur. ATƏT-in Minsk qrupunun səyləri də bu illər ərzində heç bir nəticə ortaya çıxarmayıb.
Bəs görəsən "Qarabağ" münaqişəsinin 2017-ci ildə həlli mümkündürmü? Münaqişənin həlli yolları nələr ola bilər?

Məsələ ilə bağlı Milli Məclis deputatlarının fikirlərini öyrəndik.
"Münaqişənin bu il həll olunması yaxın görünmür" – Asim Mollazadə
Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə A24.Az-a açıqlamasında indiki vəziyyətdə Ermənistanın sülh istiqamətində hansısa addımlar atmasını düşünmədiyini qeyd edib:
"İnanmıram bu il hansısa addımlar atıla. Əsas səbəb bununla bağlıdır ki, beynəlxalq təşkilatlar, ictimaiyyət sülhə məcbur etmək istiqamətində zəruri addımlar atmır və Ermənistanın arxasında duran qüvvələr onları təzyiqlərdən qorumağa çalışır. Buna görə də münaqişənin bu il həll olunması yaxın görünmür".
"Ermənilər nəinki Bakını vurmaq, heç onların İrəvanı qorumaq üçün qüvvələri yoxdur. Ermənistan müstəqil olmayan, ordusu başqa bir qüvvələr tərəfindən idarə olunan ölkədir. Və onların "general"larını da qışqırdan, onları danışdıran məhz Ermənistanı idarə edən digər ölkənin sahibləridir", – deyə A.Mollazadə bildirib.

"Ermənistan bilməlidir ki, atacağı hər bir addıma qarşı Azərbaycanın 2 ehtiyat variantı var" – Aydın Mirzəzadə
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə açıqlamasında münaqişənin nə vaxt həll olunacağını deməyin çətin olduğu bildirib:
"Hər il Qarabağ münaqişəsinin həllində ciddi bir dönüş ili ola bilər. Ancaq konkret olaraq bunun ilini demək çox çətindir. Çünki həm vəziyyət mürəkkəbdir, həm Ermənistanın arxasında duran qüvvələr problemin həllinə çox ciddi təsir göstərirlər. Ermənistanın özündə hələ vəziyyəti real qiymətləndirən hakmiyyət formalaşmayıb. Bir sözlə, səbəblər çoxdur. Ona görə bu haqda indidən bir söz demək çətindir. Prinsip etibarı ilə illər sonra bu məsələ həll oluna bilər. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan öz mövqeyindən əl çəkmir. Bu danışıqlara getməklə yanaşı, hərbi, diplomotik fəaliyyətini davam etdirib, gücləndirir. Ermənistanın cəbhə xəttindəki provokasiyalarına üstün cavab verir. Azərbaycan tərəfindən problemin tezliklə həlli üçün cəhdlər dayanmır".
Deputat ehtiyatda olan erməni generallarının "İsgəndər" raketi ilə Azərbaycanı hədələmələrinə də münasibət bildirdi:
"Erməni generalları o cür pasfoslu danışıqları ilə sadəcə mif yaratmaq istəyirlər. Nüvə başlıqlı "İsgəndər" raketindən istifadə etmək bütün dünyaya meydan oxumaq deməkdir. Həmçinin Ermənistan nüvə silahını yaymamaq haqqında müqaviləyə imza atıb və bunun məsuliyyətini daşıyır. Eyni zamanda Ermənistan bilməlidir ki, atacağı hər bir addıma qarşı Azərbaycanın 2 ehtiyat variantı var. Bunu yaddan çıxarmasınlar".

"Mən peyğəmbər deyiləm ki, "Qarabağ" münaqişəsinin nə vaxt həll olunacağını deyim" – Aqil Abbas
Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas açıqlamasında məsələyə fərqli münasibət bildirib:
""Mən peyğəmbər deyiləm ki, "Qarabağ" münaqişəsinin nə vaxt həll olunacağını deyim. Nə vaxt müharibə olsa, o vaxt da münaqişə həllini tapacaq. Mən belə düşünürəm. Sən sual verdin, mən də cavablandırdım".

""İsgəndər" tipli uzunmənzilli raketlərin istifadə olunması üçün "Qarabağ"da elə bir şərait də yoxdur" – Tahir Mirkişili
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili açıqlamasında "Qarabağ" münaqişəsinin həllinin əsasən 2 istiqamətinin olduğunu deyib:
"İntensiv sülh danışıqlarının getməsini prezident İlham Əliyev ATƏT-in Minsk çərçivəsində aparır. Bizi narahat edən məsələ isə ermənilərin daim sülh danışıqları prosesindən qaçması və bu prosesi illərdir uzatmasıdır. Bu məsələni də Azərbaycan tərəfi qəbul etmir və status-kvonun dəyişdirilməli olduğunu hər zaman bəyan edir. Bununla paralel olaraq, Ermənistanın hərbi işğalçı qüvvələri sərhəd bölgələrində, eləcə də işğal olunmuş ərazilərdə bizim ordumuzun qüvvələrinə daim hücum edir, onları atəşə tuturlar.
Ermənistan qoşunlarının bu hücumları, eyni zamanda diversiya hərəkətləri danışıqlar prosesinin pozulmasına yönəlmiş addımdır. Ona görə problem kifayət qədər mürəkkəbdir. Eyni zamanda da bu münaqişənin çox uzun bir tarixi var. Azərbaycan tərəfinin mövqeyi konkret bəllidir. Amma istənilən halda münaqişənin nizamlanmasında o qədər gözlənilməz hadisələr baş verir ki, hər hansı proqnoz vermək çox çətindir. Amma istənilən halda Ali Baş Komandanın elan etdiyi kimi, Azərbaycan ordusu bu həmlələri dəf etməyə, eləcə də cavab həmləsi yetirməyə daim hazırdır. Aprel hadisləri bunu bir daha sübut etdi"
Deputat hesab edir ki, Ermənistan mətbuatı xüsusən "İsgəndər" raketlərinin və bu raketlərin orada yerləşməsini daim şişirdir. Onun sözlərinə görə, Ermənistan mətbuatı və rəhbərliyinin burada bir nömrəli məqsədi "İsgəndər" raketlərinin adından istifadə etməklə, Azərbaycanda bir qorxu yaratmağa və yaxud ölkəmizin edəcəyi cavab tədbirlərini öyrənməyə çalışmaqdır.
Daim belə bəyanatlar verilir. Amma nəzərə almaq lazımdır ki, əslində "Qarabağ"da gedən müharibəyə, münaqişə və orduların istifadə etdiyi silahlara nəzər yetirdikdə və coğrafi relyefə baxdıqda "İsgəndər" tipli uzunmənzilli raketlərin istifadə olunması üçün "Qarabağ"da elə bir şərait də yoxdur. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanın özünün də hücumları dəf etmək, həmin raketlərin qarşısı almaq, eyni zamanda cavab tədbirləri görmək və "İsgəndər" raketinin vura biləcəyi hər hansı zərbəni neytrallaşdırmaq üçün kifayət qədər texnikası var. Ona görə həmin erməni generallarının belə bəyanatları əsassızdır. Bu bəyanatlar bir növ hərbi vəziyyəti bilməyən, hərbi texnologiyadan başı çıxamayan insanların çıxışlarıdır", – deyə T.Mirkişili əlavə edib.
"İki üz-üzə dayanan ordu arasında hər an müharibə başlaya bilər" – Elman Məmmədov
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov açıqlamasında artıq 25 ildir ATƏT-in Minsk qrupunun nəticəsiz fəaliyyət göstərdiyini vurğulayıb:
"Bu gün onlar, həmçinin orda təmsil olunan dövlətlər, başqa qurumlar deyirlər ki, problem danışıqlar yolu ilə həll olunancaq və.s. Ancaq bu işdə heç bir nəticə yoxdur. Belə olan halda torpaqları işğaldan azad etmək üçün təbii ki, hərbi gücdən istifadə olunmasına ehtiyac olacaq. Bu arzu olunmazdır, yəni istəməzdik. Ancaq bizi buna həmin fəaliyyətsiz olan beynəlxalq qurumlar, işğalçını cəzalandırmayan, onu yerində oturtmayan, oturtmaq istəməyən, əksinə, ona havadarlıq edənlər məcbur edirlər. Yəqin ki, bu da asan olmayacaq. Çünki işğalçının tərəfini saxlayanlar da çoxdur. Ancaq bunlara baxmayaraq, biz son nəticədə müharibə edib, torpaqlarımız işğaldan azad edəcəyik. Təbii ki, başqa variantlar da görünür. Hər an vəziyyət dəyişir".
"Belə bir şeyə ümid edirəm: Türkiyə-Rusiya yaxınlaşması, Türkiyə-Rusiya-Azərbaycan üçbucağı, Rusiya-Azərbaycan-İran danışıqları, Rusiya-Türkiyə-İran-Azərbaycan- bu dövlətlərarası münasibətlərin getdikcə yaxınlaşması və yaxşılaşması iqtisadi sahədə əməkdaşlığın güclənməsi və s. məsələyə müsbət təsir edəcək. Bundan başqa, İran-Rusiya arasında olan yolların Azərbaycandan keçməsi, ticarət əlaqələri və digər sahələrdəki yaxınlıq inkar olunmazdır. Ancaq ən çox ümid olunan Türkiyə-Rusiya münasibətlərinin getdikcə yaxşılaşması və yaxınlaşmasıdır. Təbii ki, bu iki dövlət bu məsələnin həllinə öz töhfələrini verə bilərlər. Bu məsələnin həllinin açarı rusların cibindədir – Moskvadadır. Ona görə, ən çox ümid etdiyim bu iki ölkənin yaxınlaşmasıdır. Bu, ümid verici bir variantdır. Ancaq iki üz-üzə dayanan ordu arasında hər an müharibə də başlaya bilər. Hər an ona ümid edirik ki, biz torpaqlarımız işğaldan azad edib, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bu hansı variantlarla başa gələcək onu demək çətindir", – deyə millət vəkili vurğulayıb.
"Çox güman ki, bu məsələnin həlli biraz da uzanacaq" – Fazil Mustafa
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa açıqlamasında 2017-ci il ərzində "Qarabağ" probleminin həllinin mümkün görünmədiyinə diqqət çəkib:
"Azərbaycanla Ermənistan arasında olan gərgin münasibətlər buna əsas vermir. Digər tərəfdən Rusiyanın özünün də bölgədə fəaliyyətinin fərqli formada inkişaf etməsi demək olar ki, bölgədə nəzarəti itirməsi problemin həllinə müsbət bir baxış ortaya qoymur. Rusiya bu münaqişənin həll olunmasını istəmir. Əgər Rusiya istəsə, ən azından Ermənistanın müəyyən mənada maraqlarına toxunaraq, məsələnin həll edilməsinə nail ola bilər. Amma Rusiya bunu istəmir. Şimal qonşumuz birbaşa Azərbaycan maraqlarının tapdanmasına daha çox üstünlük verir. Çünki işğalçının stimullaşması bilavasitə Rusiyaya aid ola məsələdir. Ona görə də bu siyasət dayanmalıdır. Ancaq hələ də dayanmır. Bu baxımdan da hər halda xoşagələn situasiya deyil. Münaqişənin bu il həlli məsələsi nikbin bir proqnoza uyğun gəlmir. Çox güman ki, bu məsələnin həlli biraz da uzanacaq", – deyə F.Mustafa bildirib./a24.azQarabağ

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN