Azərbaycan Ordusunun hər kəsi təəccübləndirən strategiyası.... - Siyasi təhlilçi

Oxunma sayı: 301
21-10-2020, 16:56

Azərbaycan Ordusunun hər kəsi təəccübləndirən strategiyası.... - Siyasi təhlilçi
Əksər beynəlxalq hərbi ekspertlər açıq qeyd edirlər ki, Azərbaycan Ordusunun apardığı müharibə hərbi doktrinalara nümunə ola bilər. Əslində, biz ilk dəfədir ki, dron və digər yeni texnoloji silahlarla aparılan müasir müharibənin şahidi olduq. Belə bir müharibəni son dövürlərdə güclü ölkələr belə aparmayıb.

Bu fikirləri Teleqraf.com-a Turan İnformasiya Agentliyinin rəhbəri, siyasi təhlilçi Mehman Əliyev Azərbaycan Ordusunun Qarabağda apardığı əməliyyatları qiymətləndirərkən deyib.

Siyasi təhlilçinin sözlərinə görə, real olaraq Qarabağ hərbi teatrında biz görürük ki, yeni hərbi doktrina ortaya çıxıb:

"Söhbət ondan gedir ki, müharibənin ilkin dövründə bəzi xarici ekspertlər deyirdilər ki, Azərbaycan Ordusunda hər şeyi piyadalar həll edir, bəlli məsafədən düşmən mövqelərinə zərbələr endirirlər, onlar düşmənin hərbi postlarını tutarlarsa, bu qələbə sayıla bilər və s. Belə yanaşmalar primitiv sovet hərbi doktrinasından irəli gəlir. Biz bilirik ki, bu doktrina çox sayda əsgər ölümü ilə nəticələnən dəhşətli hərbi əməliyyatlarla müşayiət olunub. Heç II Dünya Müharibəsində almanlar bu cür vuruşmurdu. İndiki halda Azərbaycan Ordusunun taktiki gedişləri, həyata keçirdiyi əməliyyatlar müasir hərb standartlara uyğundur - yəni maksimum dərəcədə canlı qüvvə və texnika məhv etmək, düşmənin kommunikasiyalarını sıradan çıxarmaqla əsgərlərin az itki ilə düşmən mövqelərini ələ keçirməsinə imkan yaratmaq. Çox ağıllı və müasir əməliyyatdır. Hesab edirəm ki, bu çox doğru taktikadır. Əgər Azərbaycan Ordusu birbaşa piyada qoşun ilə düşmən mövqelərinə hücum çəksəydi, minalanan ərazilərdə artilleriya atəşi altında qalaraq böyük itkilər verəcəkdi. Bu halda biz heç bir ciddi uğur qazanmayacaqdıq".

Mehman Əliyev qeyd edib ki, Azərbaycan Ordusunun hücum zamanı tətbiq etdiyi və uğurla nəticələnən hərbi strategiyası çoxları üçün gözlənilməz olub:

“Bu, müasir taktikadır. Sanki NATO ordusunun həyata keçirdiyi əməliyyatdır. Ermənistan ordusu isə bununla müqayisədə XX əsrdə qalıb və nəticədə darmadağın olublar. Bu mənada hesab edirəm ki, Azərbaycan Ordusunun inkişafında böyük irəliləyişlər var”.

Davam edən hərbi əməliyyatlar zamanı düşmənin hansı sayda itkilər verdiyi haqda danışan analitik qeyd edib ki, tam dəqiq olmasa da, hesablamalara əsasən müəyyən rəqəmlər demək mümkündür:

“200-dən çox tank və zirehli texnikaları vurulub, eləcə də 40-dan çox hava qorunması sistemləri məhv edilib. Burada personallara baxmaq lazımdır. 200 tankın hər birində 4 nəfər olduğunu nəzərə alsaq, bu, 800 itki deməkdir. Bundan başqa, piyadalar, artilleriya qurğuları - artilleriya qurğularının hər birində 6 hərbçi olur. 50-yə qədər BMP vurmuşuq, hər birinin içərisində 8-9 nəfər otura bilir. Ümumi hesablayıb deyə bilərəm ki, Ermənistanın canlı itkiləri azı 5 minə yaxındır”.

Paylaş
Xəbər lentİ