“Qarabağ şikəstəsi”ni dinləyib, döyüşə girirdilər...

Oxunma sayı: 279
17-01-2021, 19:48

“Qarabağ şikəstəsi”ni dinləyib, döyüşə girirdilər...
Hündür bir yer idi. Qarabağın harası idi, əvvəl bilmədim, bir onu hiss etdim ki, yalnız onu dinləyən əsgərləri deyil, bütün Qarabağ səması onu dinləyirdi. Qarlı dağın başında elə ayaq üstündə “Qarabağ şikəstəsi” oxuyurdu gənc xanəndə, əsgərlər də dövrə vurub, onu dinləyirdilər, sonra döyüşə girəcəkdilər.

44 günlük müharibə zamanı Azərbaycanda hər kəs müqəddəs yolda onun da addımı olsun, qələbəmizdə payı olsun istəyirdi. Heç kimi orda öləcəyi-qalacağı düşündürmürdü, yalnız iştirak etməyə can atırdı.

Muğam ifaçılarından da səfərbərlik üçün müraciət edənlər çox idi. Görəndə ki, onlara döyüşməyə aparmaq fikirləri yoxdur, xanəndələrdən bir neçəsi öz yolu ilə, könüllü qavalını götürüb, üz tutdu Qarabağa sarı. Düşündülər ki, heç olmasa, qısa istirahətləri vaxtı döyüşçüləri musiqimizə qonaq edə bilsinlər. Onları döyüşə ruhlandırsınlar. Bu sırada İlkin Əhmədov, Babək Niftəliyev, müğənni Vüqar Muradov da vardı.

Lent.az-ın söhbət açdığı isə Malik Həsənovdur – Azərbaycan Dövlət televiziyasının solisti. Həmin videoda gördüyüm xanəndə.

Malik Kəlbəcərdə dünyaya gəlib, aşağı sinifləri də orda oxuyub, işğaldan sonra Bərdədə məskunlaşıblar və orta təhsilini də Bərdə rayonu məktəblərindən birində tamamlayıb.

Daha doğrusu, tamamlamayıb, səsi yaxşı olduğu üçün musiqi müəllimi ona deyib ki, sən get səsinin arxasınca. Malik də söz eşidib, sənədlərini 9-cu sinifdən verib Asəf Zeynallı adına musiqi kollecinə. Qəbul olunub, Səkinə İsmayılova və Mənsum İbrahimovdan dərs alıb.

2007-ci ildə keçirilən Muğam Müsabiqəsinin diplomantı olan Malik Həsənov dediyinə görə, ilk günlərdən səfərbərlik üçün müraciət edib, amma gözləməyə səbri çatmayıb: “Düşündüm ki, gedim mənəvi dəstək olum əsgərlərimizə”. Əlində qavalı, sənət yoldaşları tar və kaman ifaçıları ilə Ağdam, Füzuli, Murov dağ silsiləsində əsgərlər qarşısında çıxışlar edib.

Deyir, əsgərlərlə bir yerdə olmaq adama başqa bir qürur, həvəs verir: “Sizin gördüyünüz video Murov dağda çəkilib. Elə yerlər olurdu ki, tar, kaman ifası olmadan solo oxuyurdum”.

Malik Həsənov danışır ki, “Qarabağ şikəstəsi”ni bu vaxta qədər hər oxuyanda bir nisgilin, ağrının üstündən gəlirdi o avaz: “Bu gün o əsgərlərin qarşısında mən şikəstəni oxuyanda içimdən qürur hissi qırtlağıma çıxırdı və o musiqi ilə, şikəstə ilə yoğrulub, Qarabağ səmalarına qalxırdı. Bu bir başqa ifa idi, elə bil, əsgərlər də hiss edirdilər, xüsusi şövqlə qarşılayırdılar ifamı”.

“Qarabağ şikəstəsi” 44 günlük müharibəmizdə Qarabağın himninə çevrilmişdi. Qarabağa ayağı dəyən əsgərlər də özləri hərəsi bir ifaçıya, musiqiçiyə çevrilmişdilər, Koroğlu kimi musiqi ilə döyüşə atılırdılar. “Dədə Qorqud” dastanında da var bu hal, musiqi döyüşçüyə ruh verir, onu qələbəyə aparır. Bizim musiqimiz də qələbəyə aparan musiqidir.

Paylaş
Xəbər lentİ