Ziya Bünyadov və Fərəməz Maqsudov kimi ziyalıları Ramiz Mehdiyev öldürdü - TƏFƏRRÜAT

Oxunma sayı: 312
25-01-2021, 03:09

Ziya Bünyadov və Fərəməz Maqsudov kimi ziyalıları Ramiz Mehdiyev öldürdü - TƏFƏRRÜAT
Ramiz Mehdiyevlə Əli Həsənov bir medalın iki üzüdür. Bu adamlar xaraktercə də, əqidəcə də bir-birini tamamlayır. Onlar bir-birilərini sözsüz başa düşürlər. Çünki mahiyyətləri eynidir. İkisi də həyatları boyu daha çox səlahiyyət, daha çox imkan uğrunda mübarizə aparıblar. Bu yolda müəyyən müddətdə çəkici bir zindana vurublar. Və çox oğulların “başını yeyiblər”. Qarşılarına çıxan, onları ifşa etmək istəyən nə qədər insanın qanına susayıblar… Bunu bir Allah bilir.

Ramiz Mehdiyev hakimi-mütləq olmaq istəyirdi, Əli Həsənov isə bacardığı qədər irəli getməyi hədəfləyirdi. Ona görə də onlar birləşdi. Və çox böyük və qorxunc layihələrin icrasına başladılar. Onların ilk hədəfi ümummilli lider Heydər Əliyevin yaxın çevrəsi oldu. Bu, o adamlar idi ki, onlar sadəcə Heydər Əliyev fanatı idilər. Heydər Əliyev üçün o adamlar tərəddüdsüz ölümə gedə bilirdilər. Bu adamların bir qismi məşhur “91-lər”in sırasında idi. Bir qismi isə YAP-ın pionerləri idi.

Ən əsası bu adamlar həm də Ramiz Mehdiyev və Əli Həsənovun qorxub-çəkindikləri insanlar idi. Ona görə ki, Ramiz Mehdiyevlə Əli Həsənov heç vaxt qəlbən Əliyevçi olmamışdı. Belə olsa idi, onlar da “91-lər” kimi həyatlarını riskə atardılar. Lakin 1988-1993-cü illərdə bu cütlük nəinki Heydər Əliyevə qarşı başlanan mübarizəyə qarşı çıxmadı, əksinə, ovaxtkı qaragüruha qoşulub Heydər Əliyevə qarşı çıxış etdi.

Əli Həsənovun Vəzirov hakimiyyəti dövründə anti-Əliyev məzmunlu müraciət məktubu bir müddət əvvəl mətbuatda təkrarən işıq üzü gördü. Bu mənada hazırın naziri olan bu cütlük kimlərinsə haqq etdiyi kresloda oturduqlarını yaxşı bilirdi. Bunun üçün də həmin adamlara “səlib yürüşü” elan etdilər. Bir anlığa öldürülən və yaxud ləkələnən qatı Əliyevçiləri göz önünə gətirək: Maksim Musayev, Rza İbadov, Ziya Bünyadov, Fərəməz Maqsudov, Rafael Allahverdiyev, Sirus Təbrizli, Hüseyn Abdullayev (“Quska”), Əli Nağıyev və b.

Bu siyahını çox uzatmaq olar. Amma nəticə dəyişmir. Nəticə isə odur ki, bu adamların talelərinin uğursuz sonluğunda Ramiz Mehdiyevlə Əli Həsənovun müstəsna xidmətləri var. Yuxarıda adlarını çəkdiyim adamların hər biri yanlışı ilə, doğrusu ilə xarakter idi. Onların hər biri sona qədər həqiqət bildiklərini söyləyib. Və bu adamlar (dünyasını dəyişənlərə Allah rəhmət eləsin – S.A) sonadək Ramiz Mehdiyevi və Əli Həsənovu özlərinin və xalqın düşməni gözündə gördülər.

Adlarını çəkdiyim adamlar Ramiz Mehdiyevlə Əli Həsənovun məkrli oyunlarının qurbanına çevrilənlərin çox az bir qismidir. Son 25 ildə o qədər işiqlı ziyalımız, peşəkar rəhbər kadrımız bu cütlüyün iddiasının qurbanına çevrildi ki… Onlar bununla da kifayətlənmədilər. Şəxsi məqsədləri və xarici havadarlarının istəkləri üçün Azərbaycanın mənəvi dəyərlərini baltaladılar. Ölkəmizin demokratik dövlət kimi formalaşmasına və milli dəyərlər üzərində inkişaf etməsinə əngəl olmaq üçün əllərindən gələni etdilər. Nəticədə Azərbaycanın beynəlxalq imicinə güclü zərbə vuruldu və ölkədə sosial narazılıq artdı.

“5-ci kolon”un liderləri olan Ramiz Mehdiyev-Əli Həsənov cütlüyü Azərbaycan dövlətinin və milli dəyərlərinin kökündən sarsıdılması üçün bir neçə fəaliyyət istiqaməti müəyyənləşdirmişdi.

Birinci və əsas istiqamət. “Azərbaycan Rusiyasız yaşaya bilməz” fikri bütün cəmiyyətdə bütləşdirilməli idi. Guya ABŞ və Avropadan fərqli olaraq Rusiya Azərbaycanın inkişafını və qüdrətlənməsini istəyir. Və cəmiyyətə rus dəyərləri dünyanın ən ali dəyəri kimi təlqin edilirdi. Guya ən yaxşı ədəbiyyat, ən yaxşı incəsənət və hətta ən yaxşı televiziya proqramları ruslara məxsusdur. Və özünü mədəni insan sayan hər kəs rus dilini bilməli, bu dildə daha çox danışmalıdır. Hətta insanlar bir-birilərinə rusca müraciət etməlidirlər. Məsələn, Ramiz Ənvəroviç, Artur Tahiroviç, Abid Qocayeviç, Əli Şamiloviç, Ziya Arzumanoviç və sair.

Vaxtilə məhz rəsmi müraciətlər bu cür edilirdi. Bütün dövlət strukturlarında əsasən rus dilində danışılırdı. Özünü ziyalı sayan hər kəs övladını “rus sektoru”nda oxutmalı idi. Bu əslində “5-ci kolon”un həyata keçirdiyi ən böyük layihə idi.
İkinci istiqamət ABŞ, Avropa, İran və başda Türkiyə olmaqla bütün türkdilli dövlətlərə antipatiyanın təşviq edilməsi idi. Guya bu dövlətlər Azərbaycanı nəinki iqtisadi cəhətdən zəiflətmək istəyir, hətta mənəviyyatımızı məhv etməyə çalışırlar. Bu xətt son 25 ildə ABŞ, Avropa, İranla, eləcə də türkdilli dövlətlərlə münasibətimizə ciddi ziyan vurdu. Adi bir fakt deyim: Son 2 ildə Türkiyə-Azərbaycan münasibətləri tarixdə heç zaman təsadüf olunmayan qədər yüksək səviyyədədir. Bu gün artıq “Bir millət, iki dövlət” ideyası tamamilə reallığa çevrilib. Hələ qardaş Türkmənistanı demirəm. Son 25 ildə düşmənçilik səviyyəsinə qaldırılan münasibətlər axır 2 ildə 180 dərəcə dəyişib. Axır ki, iki ölkə biri-birinə əl uzatdı. Nəhayət ki, Azərbaycan və Türkmənistan liderləri şirin-şirin bir-birilərinə “qardaş” dedilər. Bu isə “5-ci kolon”un Azərbaycandakı dayaqlarının sarsıdıldığını göstərir.

Üçüncü istiqamət xarici dövlətlərdə Azərbaycan dövlətinə və xalqına qarşı antipatiyanın alovlandırılması idi. Ramiz Mehdiyev-Əli Həsənov hər vasitə ilə Azərbaycana maraq göstərən əcnəbiləri yerli emmissarları vasitəsi ilə incik salır, onlarda xalqımız və dövlətimiz haqqında mənfi fikirlərin formalaşmasına təkan verirdilər. Heç kimə sirr deyil ki, son 10 ildə xeyli miqdarda xarici investor incidilərək Azərbaycandan göndərildi. Hətta Azərbaycana gələn turistlərin dinamikası da müxtəlif vasitələrlə durduruldu.

Dördüncü istiqamət korrupsiya piramidasının yaradılması idi. Bir zamanlar adamlarda belə bir fikir formalaşmışdı ki, Azərbaycanda bütün vəzifələr alınıb-satılır. Əslində, belə bir çirkin proses gizli şəkildə aparılırdı və hətta ən yuxarı instansiyalarda. Bəllidir ki, son 27 ildə Azərbaycanda aparılan kadr siyasətində Ramiz Mehdiyevin xüsusi rolu olub. Çünki bütün namizədlər protokol qaydasına uyğun olaraq Ramiz Mehdiyevin “süzgəcindən” keçirdi. Və hər zaman Ramiz Ənvəroviç bir vakansiyaya qarşı 4-5, bəzən də daha çox namizədin irəli sürülməsinə çalışırdı. Bununla da “rəqabət mühiti” yaradırdı. Təbii ki, təklif olunan namizədlərin biri haqqında Ali rəhbər müsbət qərar verirdi. Bu zamansa Ramiz Ənvəroviç yenə də “qazanclı” çıxırdı.

Ən dəhşətlisi də odur ki, çox zaman yüksək vəzifə istəyən adamların yüksək səviyyədə ödədiyi “şirinlik” batırdı. Çünki pulunu geri istəyən adamlar müxtəlif yollarla şantaj edilirdi. Və nə yazıq ki, bu adamların bəzisi nicatı intiharda görürdü. Bu cür çirkin oyunlar həm ölkənin beynəlxalq imicinə ziyan vururdu, həm də ölkə daxilində atmosferi korlayırdı.

Fikrimin sübutu üçün bir faktı deyim. Son bir ildə təyin olunan nazirlərə fikir verək. Təhsil, mədəniyyət və xarici işlər nazirlərinin heç biri Ramiz Mehdiyevin standartına qətiyyən uyğun gəlmir.

Beşinci istiqamət liberal idarəetmədən, bürokratik və korrupsiyalaşmış idarəçilik sisteminə keçidin təşviqi idi. Bir zamanlar Azərbaycanın əksər strukturlarında “konvert” sistemi mövcud idi. Çalışanlar leqal əməkhaqlarından başqa “konvert” alırdılar. Bu “konvert” isə leqal əməkhaqqından bir neçə dəfə yüksək idi. Bəzi strukturlarda isə çapolçuluq sistemi var idi. Yəni haqq-nahaq gördüyün işin müqabilində qarşı tərəfdən nəsə tələb etməli idin. Bütün bunlar isə dövlətçiliyin əsaslarını sarsıdan faktorlar idi. Amma “5-ci kolon”nun planlarına tamamilə uyğun bir proses idi. Nə yaxşı ki, son illər bu proseslər durduruldu.

Bəs Ramiz Mehdiyev-Əli Həsənov cütlüyü ideoloji sahədə hansı antimilli siyasət yürüdürdü? Bu barədə isə növbəti yazıda söhbət açacağıq.

Paylaş
Xəbər lentİ