“ZƏNGƏZUR DƏHLİZİ OLMAMALIDIR...” – Fransa səfirindən həddini aşan açıqlamalar

Oxunma sayı: 262
23-07-2021, 21:59

“ZƏNGƏZUR DƏHLİZİ OLMAMALIDIR...” – Fransa səfirindən həddini aşan açıqlamalar
ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa tərəfi növbəti dəfə birmənalı olmayan açıqlama ilə çıxış edib.

Modern.az xəbər verir ki, ölkənin Ermənistandakı səfiri Conatan Lakot “Azadlıq” radiosunun erməni xidmətinə geniş müsahibə verib.

Müsahibə sırasında səfir bir neçə qalmaqallı tezislə çıxış edib. Belə ki, Lakot Qarabağın statusunun həll olunmadığını söyləyib.

“Reallıq var: Dağlıq Qarabağın statusu ATƏT-in Minsk qrupu çərçivəsində həll olunmalıdır. Bu status müəyyən edilmədən nə Fransanın Bakıdakı, nə də Yerevandakı səfirləri Qarabağa səfər edə bilməz. Və bu mövqe hər üç həmsədr ölkə tərəfindən qəbul olunur”.

Ölkəsinin regional nəqliyyat dəhlizlərinin açılmasında maraqlı olduğunu əlavə edən səfir bununla belə, Azərbaycanın qərbi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizini məhz dəhliz adlandırılmasına qarşı çıxıb.

““Dəhliz” terminindən imtina olunmalıdır. “Dəhlizlər” diplomatiya tarixində çox pis izlər qoyub. Məsələn, Dansinq dəhlizi kimi. 2021-ci il 11 yanvarda Moskvada Rusiya, Azərbaycan və Ermənistan arasında verilən və region ölkələri ilə qonşuları arasında əlaqə kanallarının bərpasını nəzərdə tutan üçtərəfli razılaşma əsasında çalışmaq lazımdır."

Qeyd edək ki, daim ermənipətrəst mövqe sərgiləyən Fransanın səfirinin bu cür hədyanlar danışması əlbəttə ki, təəccüblü deyil. Təəccüblüsü, səfir olan kəsin imzalanmlış 10 noyabr və 11 yanvar sənədlərinin mahiyyətindən xəbərsiz olması və ya özünü bu cür göstərməsidir.

İmzalanmış sənədlərdə Zəngəzur dəhlizinin adı olmaya bilər, amma kommunikasiyaların bərpası dedikdə səfir telefon rabitəsinin nəzərdə tutulmadığını bilməyəcək qədər savadsız ola bilməz. Zəngəzur dəhlizinin adı sənəddə göstərilməyib, amma aydındır ki, tərəflər arasında imzalanmış 10 noyabr razılaşmasının 10-cu bəndi məhz dəhlizin açılmasını nəzərdə tutur.

Sənədin 10-cu bəndinə diqqət edək: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokadadan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin edir”.

Bunu təmin edəcək isə ermənilərin də, səfirin də yuxusunu qaçıran Zəngəzur dəhlizidir ki, 11 yanvarda Moskvada imzalanmış bəyanatla kommunikasiyaların açılması üçün artıq işçi qrupları da yaradılıb. Yəni Zəngəzur dəhlizi hər iki razılaşmanın kənarında qalmır, əksinə onun mərkəzindədir.

Əlbətə, Fransanın “status”, “Minsk Qrupunun fəaliyyətinin bərpası haqda” çağırışlar altında pozucu fəaliyyətlə məşğul olduğu məlumdur. Ancaq səfirin həddini bu qədər aşması başadüşülən deyil..
“ZƏNGƏZUR DƏHLİZİ OLMAMALIDIR...” – Fransa səfirindən həddini aşan açıqlamalar
Bəs, səfirin bəhs etdiyi və pis nümunə kimi adını çəkdiyi Dantsiq dəhlizi nə deməkdir?

Məlumat üçün deyək ki, Dantsiq dəhlizi (tarixdə Polşa dəhlizi, Vistula dəhlizi kimi də tanınır) 1919-cu il Versal sülh müqaviləsi şərtlərinə əsasən, Baltik dənizinə çıxışı təmin etmək məqsədi ilə Almaniya ilə Polşa ərazidində yaranmış dəhlizdir. 200 km-dək uzanan Dantsiq dəhlizində Polşanın xüsusi hüquqları var idi. Amma 1933-cü ildə Hitlerin Almaniyada hakimiyyətə yiyilənməsi ilə Versal sülh müqaviləsinin şərtlərinin yenidən nəzərdən keçirilməsi gündəmə gəldi. 1938-ci ildən nasist hökuməti getdikcə daha israrla Dantsiq qaytarılmasını tələb edirdi. Bu dəhlizi bir bahənə hesab edən Hitler 1939-cu ildə Polşa ilə müharibəyə başladı və Almaniyanın sahilyanını iki yerə ayıran Dantsiq dəhlizini ərazisinə qatdı. Almaniyanın II dünya müharibəsində məğlubiyyəti nəticəsində isə almanlar buradan (indiki Qdansk) köçürüldü və yenə Polşa ərazinə qaytarıldı.

Fransa səfiri Dantsiq dəhlizini xatırlatmaqla kimə, nə mesaj verdiyini yəqin ki, özü də bilmir. Bəlkə də öz dar məntiqi ilə demək istəyir ki, Zəngəzur dəhlizi yaranacaqsa, Ermənistan bununla razılaşmayıb nə vaxtsa yenidən müharibəyə başlaya bilər. Ancaq bu zaman Azərbaycan yalnız dəhlizlə kifayətlənməyib, tarixi torpaqlarımız olan bütün Zəngəzuru geri qaytara bilər. Ola bilsin fransız səfiri narahat edən də elə budur...

"AzPolitika.info"

Paylaş
Xəbər lentİ