Prezident qazilərlə bağlı göstəriş verib - Vahid Əhmədov AÇIQLADI

Oxunma sayı: 42
24-09-2021, 18:56

Prezident qazilərlə bağlı göstəriş verib - Vahid Əhmədov AÇIQLADI
Xəbər verdiyimiz kimi, Vətən müharibəsi qazisi Səid İskəndərov “Xocavəndin azad olunmasına görə” aldığı medalı satışa çıxarıb. O, diqqətdən kənarda qaldığı üçün belə bir addım atdığını bildirib.

Təəssüf ki, son günlər qazilərin müxtəlif sosial çətinliklərlə rastlaşdığının şahidi oluruq. Məsələ ictimailəşməsə, problemlərin öz həllini tapacağı da sual altında qalır. Bəs görəsən Qarabağı bizə qaytaran qazilərin sosial problemlərinin birdəfəlik həlli üçün hansı addımlar atılmalıdır? Bunun üçün xüsusi qurum yaradıla bilərmi?

Milli Məclisin deputatı Vahid Əhmədov mövzu ilə bağlı Redaktor.az-a bildirib ki, qazilərin sosial problemləri hər zaman dövlətin diqqətində olub:

“Deputatı olduğum Quba rayonunda şəhid ailələri və qazilərlə icra başçısı və işçiləri tərəfindən mütəmadi olaraq görüşlər keçirilir. Bu görüşlər zamanı onların problemləri dinlənilir, lazımi yardımlar edilir. Mən özüm də bir neçə dəfə onlarla görüşmüşəm. Bəzən hansısa rayonda yaşayan qazi diqqətdən kənarda qala bilər. Hansısa qazinin sosial çətinliyi varsa, ona mütləq dəstək göstərilir. Bütün icra başçılarına və aidiyyatı qurumlara xüsusi tapşırıqlar verilib. Biz onları necə yaddan çıxara və yaxud diqqətdən kənarda saxlaya bilərik?”

Deputat bildirib ki, 2022-ci ilin dövlət büdcəsi müzakirə edilərkən bu məqam diqqətdə saxlanılacaq: “2022-ci ilin dövlət büdcəsində bu istiqamətdə əlavə vəsaitin ayrılmasına dair dövlət başçısı tərəfindən göstəriş verilib. Milli Məclisdə də bu barədə müxtəlif müraciətlər və təkliflər var. Biz də öz təkliflərimizi hazırlamışıq. Yəqin ki, məsələ üzrə müzakirələr aparılacaq. Amma bütün problemləri birdə-birə həll edə bilmərik. Biz indi bütün diqqətimzi Qarabağın bərpasına yönəltmişik. Qaçqın və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması üçün bu işləri qısa zamanda həll etməliyik”.

Paylaş
Xəbər lentİ