Məcburi köçkünlərin satdığı evi qəti şəkildə almaq olmaz - AÇIQLAMA

Oxunma sayı: 285
24-12-2021, 00:59

Məcburi köçkünlərin satdığı evi qəti şəkildə almaq olmaz - AÇIQLAMA
Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. İndi biz azad edilmiş əraziləri yenidən bərpa edib o torpaqlara geri qayıtmalıyıq. Bunun üçün isə lazımi tədbirlər görülməyə başlanılıb. Dövlət vaxtilə öz yurd-yuvalarından qovulanları artıq öz torpaqlarında mənzillə təmin edəcək. Lakin təəssüf ki, bu məsələnin digər tərəfi də var. Belə ki, vaxtilə kimlərinsə evini zəbt edərək məskunlaşan məcburi köçkünlər o evləri öz mülkü kimi satışa çıxarıb. Bu yaxınlarda feysbukdakı ev alqı-satqısı ilə bağlı qruplardan birində məcburi köçkünün 1993-cü ildə zəbt etdiyi mənzili hazırda 30 min manata satışa çıxarması ilə bağlı elanı müzakirələrə səbəb olub.

Bəs görəsən, belə olan halda ev sahibinin hüquqları necə tənzimlənməlidir? O evi alan şəxslərin hüquqları necə bərpa olunmalıdır?

Arasdırma.info xəbər verir ki,mövzu ilə bağlı Redaktor.az-ın suallarını hüquqşünas Əlövsət Allahverdiyev cavablandırıb. O bildirib ki, mülkiyyət hüququ qanunla toxunulmazdır:

“Azərbaycan Respublikasının Konstitusiyasında bu öz əksini tapıb. Vaxtilə ölkə rəhbərliyinin belə bir tapşırığı olmuşdu ki, müvəqqəti olaraq məcburi köçkünlər məskunlaşdığı yerdə qalsın. Lakin indi dövlət tərəfindən onlara mənzillər tikilir və onlar mənzillə təmin olunur. Lakin qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı evi satışa çıxarmaq ixtiyarı yoxdur. Çünki bu ev onların deyil. Bu məsələ ilə bağlı çoxsaylı məhkəmə işləri var. Ev sahibi məcburi köçkünü məhkəməyə verir. Məhkəmə qərarına əsasən onlar bu evdən çıxarılmalıdır. Sadəcə məhkəmə və ev sahibi müəyyən müddət gözləyirdilər ki, bu məsələ həll olunsun. Bu həm də vicdan məsələsidir. Əgər mülkiyyət sahibinin mülkiyyətinə müdaxilə edib orada illərlə yaşayırsansa, həmin evi mülk sahibinə təhvil verməlisən. Bu evi başqasına satmaq qanunsuzluqdur. Ev sahibi evi satmaq istəyən şəxsi məhkəməyə versə, bu mülkiyyət onun əlindən alınacaq. Bu evi necə satmaq olar axı? Həmçinin, bu məsələdə alqı-satqı müqaviləsi də yoxdur. Vətəndaş məcburi köçkünə pul verib evi ala bilər. Bu evi “alan” şəxs özü öz hüquqlarını pozaraq uçuruma atır. Birmənalı şəkildə başa düşmək lazımdır ki, alqı-satqı müqaviləsi olmadan mənzil almaq olmaz. Sabah siz kimə sübut edə bilərsiz ki, pul verib bu evi almısınız. Öz aramızda razılığa gəlib alğı-satqı edə bilərik. Sabah həmin şəxs iddia edə bilər ki, heç bir ödəniş edilməyib. Belə hallar çox olub. Kortəbii şəkildə ödəmə edib ev almaqla insan özünü uçuruma atır. O şəxs öz məsuliyyətsizliyi ilə öz hüquqlarını pozur. Yekun olaraq da cəzasını çəkir”.

Hüquqşünas bildirib ki, evin əsl sahibi isə evində məskunlaşan məcburi köçkünü məhkəməyə verib mülkiyyətini geri almalıdır:

“Məcburi köçkün evlə təmin olunubsa, ev sahiblərinin şikayətlərini məhkəmə təmin edəcək. Əgər məcburi köçkün evlə təmin olunmayıbsa, proses uzun çəkə bilər. Qısa müddətdə bu məsələlər öz həllini tapacaq. Çünki bu adamın mülkiyyətidir bu. Mülkiyyət toxunulmazdır. Bu qədər müddət ev sahibi susub, amma bundan sonra susa bilməz. Məcburi köçkünlərin satdığı evi qəti şəkildə almaq olmaz. Çünki sonradan çox ciddi problemlərlə qarşılaşacaqlar”.

Paylaş
Xəbər lentİ