Vəfat edən şəxsin pensiya kapitalı ailə üzvlərinə verilə bilər - Komitə sədrindən AÇIQLAMA

Oxunma sayı: 266
3-01-2022, 20:15

Vəfat edən şəxsin pensiya kapitalı ailə üzvlərinə verilə bilər - Komitə sədrindən AÇIQLAMA
Son günlər pensiyalarla bağlı müxtəlif məsələlər gündəmdədir. İnsanlar bir ömür boyu müxtəlif sahələrdə işləyir, pensiya fonduna ödəmələr edir, sonda isə bunun qarşılığı olaraq bəzi hallarda onlara çox cüzi məbləğdə pensiya kəsilir. Təbii ki, əgər şansınız varsa. Çünki bu insanların bir qismi pensiya yaşına çatar-çatmaz vəfat edir. Belə olan təqdirdə onun 30-40 il ərzində çalışıb artırdığı pensiya kapitalı itib-batır. Dünyanın bir çox ölkələrində bu kapital vəfat edən şəxsin vərəsələrinə miras olaraq verilir. Bizdə isə təəssüf ki, qanunvericilikdə ciddi boşluqlar var. Bəs görəsən, bu təcrübədən ölkəmizdə də istifadə edilə bilərmi?

Arasdırma.info xəbər verir ki,mövzu ilə bağlı Redaktor.az-ın suallarını Milli Məclisin deputatı Vahid Əhmədov cavablandırıb. O bildirib ki, bu məsələyə yenidən baxmaq olar:

“Azərbaycanda pensiya və vərəsiliklə əlaqədar qanunlar var. Qanuna əsasən kişi rəhmətə gedibsə onun həyat yoldaşı onun pensiyasını alır. Əgər hər ikisi pensiya alırsa hansı pensiyanın məbləği yüksəkdirsə, onu ala bilər. Amma pensiyanın vərəsəlik olaraq kiməsə keçməyi haqqında Azərbaycanda hələlik belə bir qanun yoxdur. Pensiya kapitalı şəxsin öz vəsaitidir və sosial yığımdır. Onun işlədiyi müddətdə bu qədər vəsait yığılıb. Əlbəttə ki, həmin məbləği vəfat edən şəxsin varisi ala bilər. Hesab edirəm ki, bu məsələyə yenidən baxmaq olar. Müəyyən qədər vəsait tələb etsə də, bu çox vacib məsələdir”.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, bu məsələ müzakirə mövzusudur:

“Hesab edirəm ki, zamanı gəldikdə bu məsələ öz həllini tapacaq. Bu gün vəfat edən şəxsin həyat yoldaşı pensiya yaşındadırsa və vəfat edən şəxsin pensiyası həyat yoldaşının penisyasından çoxdursa, bu məbləğ ona verilir. Həmçinin, o şəxsin 18 yaşa qədər övladı varsa, o cümlədən övladı əyani təhsil alırsa bu pensiya onun övladına verilir. Əlil övladı olan şəxslər vəfat edərsə, onun pensiyası əlil övladına verilir. Qalan hallarda vəfat edən şəxsin pensiyasının övladlarına, yaxud həyat yoldaşına verilməsi nəzərdə tutulmayıb. Yəqin ki, bu məsələ gələcəkdə öz həllini tapacaq. Dövlət Sosial Sığorta Fondu bizdə tam oturuşmayıb. Bu sahədə islahatlar davam edir. Fondun kifayət qədər artıq kapitalı yoxdur ki, vəfat edən şəxsin pensiya kapitalını ailə üzvlərinə verə bilsin. Belə olan halda digər vətəndaşların pensiya ödəmələrində ciddi problemlər yarana bilər. Fondun kapitalı artarsa, bu məsələ öz həllini tapa bilər".

Deputat bildirib ki, indi gündəmdə olan əsas məsələ fondun investisiya fəaliyyətinin təmin olunmasıdır:

"Fondda yığılan vəsaitlər ölü vəziyyətdə qalmamalıdır. Müəyyən investisiyalar yatırmaqla əlavə gəlirlər təmin edərək penisyaçılarımıza yığdığı kapitaldan daha çox məbləğdə pensiya almasını təmin edə bilək. Bu sahədə olan problemlər yavaş-yavaş öz həllini tapacaq”.

Paylaş
Xəbər lentİ