Azərbaycanda qaz limiti sıfırlandı

Oxunma sayı: 437
4-01-2020, 06:48

Azərbaycanda qaz limiti sıfırlandı
Bu gündən Azərbaycanda smart tipli qaz sayğaclarında əhali üçün nəzərdə tutulan 2200 kub metrlik qaz limiti sıfırlanıb.
Arasdırma.info xəbər verir ki, bu gündən 2019-cu ildə bu limiti keçib-keçməməsindən asılı olmayaraq bütün smart tipli qaz sayğaclarından istifadə edən abonentlər qazın 1 kub metrini 10 qəpiyə alacaqlar.

“Azəriqaz” İstehsalat Birliyi hələ ötən ilin sonlarından açıqlama vermişdi ki, limitin sıfırlanması deyilən əməliyyatlar zamanı smart-kart tipli sayğaclarda dekabrın 31-də, gecə saat 00:00-da olacaq.

Bu gündən hər abonent üçün 2 200 kubmetrlik həcmin yenidən 10 qəpikdən hesablanmasına başlanılacaq. Azərbaycanda smart-kart tipi sayğaclardan istifadə edən 1 milyon 200 minə yaxın abonent mövcuddur. Digər abonentlər mexaniki sayğacdan istifadə edirlər.

Mexaniki sayğaclarda isə hesabat dövrü hər ayın 5-dən digər ayın 5-nə qədər olan müddəti əhatə edir. Birliyin əməkdaşları sayğacın göstəricilərinə baxmalı və qeydiyyat prosesini aparmalıdırlar. Bu da abonent bazasında hər bir abonent üçün ayrılıqda hesabat şəklində öz əksini tapmalıdır. Lakin, 2020-ci il yanvarın ilk 5 günü bayram günləri olacaq. Ona görə də mexaniki sayğacların qeydiyyat prosesinə ilin ilk iş günü - yanvarın 7-dən başlanılacaq.
“Yeni Sabah”

Paylaş
Xəbər lentİ