"Uşaq bağçalarına qəbulun elektronlaşması korrupsiya halını aradan qaldıracaq" - RƏYLƏR

Oxunma sayı: 385
25-01-2020, 18:05

"Uşaq bağçalarına qəbulun elektronlaşması korrupsiya halını aradan qaldıracaq" - RƏYLƏR
Bakının Nizami rayonunda uşaq bağçalarına uşaqların qəbulu ilə bağlı elektron sistem tətbiq edilir. Pilot layihə bu ilin əvvəlindən tətbiq edilməyə başlayıb və toplanmış təcrübənin gələcəkdə elektron sistemin paytaxtın digər rayonlarında tətbiqi zamanı istifadə edilməsi planlaşdırılır.

Ekspertlər hesab edirlər ki, bağçalara qəbul prosesində elektron sistemin tətbiqi bu sahədə olan bürokratiya, korrupsiya və digər neqativ halların aradan qaldırılmasına, şəffaflığın və hesabatlılığın təmin olunmasına səbəb olacaq. Onlar bildirir ki, qəbulun elektron olması korrupsiya halını aradan qaldıracaq.

Hüqiq müdafiəçisi, "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev “Report”a açıqlamasında bildirib ki, istənilən halda, elektronlaşmanın pozitiv tərəfləri var:

“Elektronlaşma birbaşa təması aradan qaldırır, korrupsiya imkanlarını məhdudlaşdırır, prosesə daha şəffaflıq verir, eyni zamanda hesabatlılığın təmin olunmasına yeni imkanlar yaradır. Uşaq bağçalarına qəbulla bağlı Nizami rayonunda belə bir pilot layihənin keçirilməsi alqışlanmalıdır. Çünki heç kimə sirr deyil ki, inzibati sferada ən çox korrupsiyaların baş verdiyi məkanlardan biri də uşaq bağçalarıdır. Yəni çox zaman bağça müdirləri boş yerləri gizlədirlər. Uşaq bağçalarına isə ehtiyac böyükdür və Bakı şəhərində məktəbəqədər təhsil müəssisələri yalnız 27 faiz ehtiyacı ödəyir. Çox sayda uşaqlar var ki, onlar dövlət bağçalarına düşə bilmirlər. Özəl bağçalarda isə qiymətlərin xeyli baha olması bir çox vətəndaşa uşaqlarını həmin bağçalara qoymağa imkan vermir”.

Əliməmməd Nuriyev bildirir ki, elektron sistemin tətbiqi ümumilkdə prosesin şəffaflığına xidmət edəcək:

“Bu sistem tətbiq olunan zaman əvvəlcədən bilinəcək ki, hansı bağçada nə qədər boş vakansiya var. Bununla da qəbulda növbəlilik qaydaları pozulmayacaq, müdirin özbaşınalığına gətirib çıxarmayacaq”.

Hüquq müdafiəçisi hesab edir ki, uşaq bağçaları ilə bağlı bütün məlumatlar ictimaiyyət üçün açıq olmalıdır.

Paylaş
Xəbər lentİ