Pandemiyadan sonra Azərbaycanda iş yerləri bağlanacaq? - Deputat AÇIQLADI

Oxunma sayı: 370
28-04-2020, 19:37

Pandemiyadan sonra Azərbaycanda iş yerləri bağlanacaq? - Deputat AÇIQLADI
Koronavirus pandemiyasının ən böyük zərər vurduğu sahələrin önündə iqtisadiyyat və sahibkarlıq gəlir. Belə ki, istər Azərbaycanda, istərsə də digər ölkələrdə pandemiya səbəbindən çoxlu sayda fəaliyyət sahəsinin işi məhdudlaşdırıldı. Birləşmiş Millətlər Təşkilatının apardığı hesablamalara görə, koronavirusun iqtisadiyyata vurduğu ziyan nəticəsində 200 milyondan çox insan iş yerini itirə bilər. Bəs görək, Azərbaycanda da insanların iş yerini itirmək təhlükəsi varmı?

Mövzu ilə bağlı Lent.az -a açıqlama verən Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, iqtisadçı ekspert Vüqar Bayramov Azərbaycanda həyata keçirilən iqtisadi və sosial paketlərdən söz açıb:



“Pandemiyanın qlobal iqtisadiyyata mənfi təsiri kimi, ayrı-ayrı bazarlarda, birjalarda dalğalanma müşahidə edirik. İqtisadiyyat Nazirliyinin apardığı qiymətləndirmə nəticəsində müəyyən olunub ki, pandemiya Azərbaycanda da 20 fəaliyyət sahəsinə təsir göstərib. Onların 11-də fəaliyyət tam, 9-da isə 70 faiz məhdudlaşdırılıb. Ancaq nəzərə alaq ki, Azərbaycan koronavirusun təsirlərini minimal etmək üçün ən çevik tədbirlər görən ölkələrdən biridir. Ölkə prezidentinin tapşırığı ilə 4 işçi qrupu yaradıldı. Onlardan iqtisadi və sosial işiçi qrupları sırf məşğul olan və işsiz qalanların sosial təminatlarının gücləndirilməsi ilə bağlı tədbirlər həyata keçirirlər. İqtisadi paket 10 proqramdan ibarətdir ki, onlardan ikisi birbaşa məşğul əhalinin əməkhaqqının tam və ya qismən dövlət tərəfindən ödənilməsini nəzərdə tutur. İqtisadi və sosial paketlər pandemiyanın ölkə iqtisadiyyatına, sahibkar və vətəndaşlara vurduğu zərəri minimallaşdırmağa xidmət etdi. Əmək müqaviləsi ilə işləyən vətəndaşların maaşları dövlət tərəfindən ödənildi və dövlət sektorunda işləyənlər ödənişli məzuniyyətə göndərildi. Hər iki paket məşğulluq imkanlarının artırılmasına və işləməyən əhalinin sosial təminatlarının gücləndirilməsinə istiqamətləndi”.

Vüqar Bayramov bildirib ki, həyata keçirilən paketlər postpandemiya dövründə də davam edəcək. Həmsöhbətimiz dünən Milli Məclisə vergi güzəştləri ilə bağlı paketin təqdim olunduğunu bildirib:

“Qlobal işsizlik aspketindən Azərbaycanda reallaşan iqtisadi paketin strateji özəlliyi ondan ibarətdir ki, iqtisadi paket yalnız pandemiya dövründə iqtisadiyyata dəyən ziyanların minimallaşdırılması deyil, eyni zamanda postpandemiya dövründə sahibkarların dəstəklənməsini nəzərdə tutur. Artıq dünən mənim də üzvü olduğum İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinə vergi güzəştləri paketi təqdim olundu. Paket fərdi mikrosahibkarlar da daxil olmaqlar bütün sahibkarları əhatə edir. Həmçinin İqtisadiyyat Nazirliyinin hazırladığı paketdə 500 milyonluq kredit portfeli var. Kreitlərin 60 faiziə dövlət zəmanətinin verilməsi nəzərdə tutulub. Mövcud iqtisadi paket imkan verir ki, Azərbaycan post pandemiya dövründə iqtisadi aktivliyi daha qısa zamanda bərpa edə bilsin. Mərhələli şəkildə Azərbaycanda iqtisadi aktivliyin bərpa olunacağı gözlənilir. Bu da məşğulluğun qorunub saxlanılması üçün vacibdir. Gözlənilir ki, qlobal məşğulluqdakı çətinliklərə rəğmən mövcud iqtisadi paketlə postpandemiya dövründə iqtisadi aktivliyi bərpa etmək mümkün olacaq və bu paket postpandemiya dövründə də məşğul əhalinin dəstəklənməsinə imkan verəcək”.

Paylaş
Xəbər lentİ