Bakı ürəyimizdi, birdən "qəfəs" oldu: gedənlər istirahət, rayondakılar sağlamlıq arzusunda

Oxunma sayı: 511
25-06-2020, 01:55

Bakı ürəyimizdi, birdən "qəfəs" oldu: gedənlər istirahət, rayondakılar sağlamlıq arzusunda
"Rayonlara Bakıdan əhalini elə-belə də buraxmaq olmaz. Analiz nəticəsi neqativ olanların rayonlara istirahətinə icazə verilə bilər. Çünki rayonlara gedənlərin çoxu qohum evində qalır, yaxud da öz evi var"

Son günlərin ən çox müzakirə olunan mövzularından biri də Bakıda koronavirusa yoluxmanı azaltmaq üçün paytaxtdan bölgələrə gediş-gəlişə tətbiq edilən qadağanın götürülməsidir. Bu barədə Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev bildirib. O deyib ki, bu, paytaxtda əhalinin sayının azalmasına gətirib çıxardacaq.

Arasdırma.info xəbər verir ki,Sputnik Azərbaycan-a bununla bağlı açıqlama verən C.İsayev deyir ki, hələ ki onun səsləndirdiyi bu fikir təklif olaraq qalır. C.İsayev deyir ki, paytaxt "narıncı zona" sayıldığından rayonlara gedişə məhdudiyyət var. Amma C.İsayev hazırkı vəziyyətin də koronavirusa yoluxmanı sürətləndirdiyini söyləyir:

"Əvvəlcə biz də rayonlara axının əleyhinə idik. Amma havalar isindikcə paytaxtda əhalini evdə saxlamaq olmur. Hamı axışır dəniz kənarına, parklara, bulvara. Bu zaman çox adam ictimai nəqliyyatdan istifadə edir. Nəticədə yoluxma da artır. Biz əgər Bakıdan rayonlara əhalinin istirahət üçün getməsinə imkan yaratsaq, paytaxtda əhali sayı azalar. Bu, nəqliyyatdan istifadə edənlərin də sayına avtomatik olaraq təsir göstərəcək. Bu zaman Bakıda əsasən gündəlik işə gedib-gələn adamlar qalacaqlar. İctimai nəqliyyatda sıxlıq azalacaq. Bu da yoluxmanı azaldan əsas amildir".
C.İsayev deyir ki, rayonlara gedişə icazə koronavirus testi verməklə tətbiq olunsa, daha yaxşı olar: "Rayonlara Bakıdan əhalini elə-belə də buraxmaq olmaz. Analiz nəticəsi neqativ olanların rayonlara istirahətinə icazə verilə bilər. Çünki rayonlara gedənlərin çoxu qohum evində qalır, yaxud da öz evi var".


Qeyd edək ki, ötən həftəsonu sərt karantin günlərində turizm bölgələrimizdə əyləncə mərkəzləri də fəaliyyət göstərirdi.

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, turizm bölgələrində əyləncə mərkəzlərinin fəaliyyəti iyulun 5-dək məhdudlaşdırılmalıdır: "Əgər bu gün Bakıdan əhalinin turizm bölgələrinə getməsinə icazə yoxdursa, o əyləncə mərkəzlərinin fəaliyyəti nəyə lazımdır?

Bu gün turizm bölgələrimizdə əhalinin başı meyvə-tərəvəz yığımına qarışıb. O məkanların əsas müştərisi Bakı, Sumqayıt, Abşeron, Gəncə və Yevlax kimi iri şəhər və rayonların sakinləridir. Düşünürəm ki, yay boyu insanları Bakıda saxlamaq da düzgün addım deyil. Ona görə də istirahət mərkəzlərini bağlamaq şərtilə rayonlara çıxışa icazə verilə bilər.
Bu gün hələ ki nə otellər, nə də istirahət mərkəzləri pandemiya dövrünə hazırdır. Onların fəaliyyətini saxlayıb Bakıdan çıxışa icazə verilsə, bu həmin yerlərdə virusa yoluxmanı daha da artıracaq".

Paylaş
Xəbər lentİ