Əmlakını sığortalamayanları nə gözləyir? - EKSPERTDƏN AÇIQLAMA

Oxunma sayı: 435
1-12-2020, 19:25

Əmlakını sığortalamayanları nə gözləyir? - EKSPERTDƏN AÇIQLAMA
“Dövlət qeydiyyatında olmayan mülklərin sənədləşdirilməsi daşınmaz əmlakın icbari sığortası prosesinin sürətlənməsinə səbəb olacaq.”

Arasdırma.info xəbər verir ki,bunu FED.AZ-a açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının “Ekspert qrupu”nun üzvü, “AtaSığorta” şirkətinin department rəhbəri Fariz Hacızadə deyib. O bildirib ki, dünya praktikasında daşınmaz əmlaka dəyən zərəri dövlət qarşılamır və bu proses yalnız sığorta sisteminin üstünlükləri ilə tənzimlənir:

“Bir çox hallarda vətəndaşlar riskləri doğru qiymətləndirməyərək baş verə biləcək xoşagəlməz hadisələri nəzərə almırlar və əmlaklarını sığortalamağa maraq göstərmirlər. Nəticədə gözlənilməz hadisələrin əmlaka vurduğu zərər zamanı evsiz qalırlar. Bu itki və zərər mülk sahibinin maddi olmaqla yanaşı, həm də mənəvi və psixoloji sarsıntı yaşamasına səbəb olur. Bu tip hadisələr baş verdikdə vətəndaşların tək ümid yeri dövlət olur. Doğrudur, Azərbaycan hökuməti bir çox hallarda kütləvi təbii fəlakət və yanğınlar zamanı dəyən zərəri ödəsə də, dünya təcrübəsi onu göstərir ki, dövlət heç bir halda dövlət əmlakı olmayan daşınmaz mülkə dəyən zərəri ödəmir.”
Ekspertin sözlərinə görə, Qanunun sərtləşdirilməsi Daşınmaz əmlakın icbari sığortası növü üzrə fəallığı artırıb:

“Daşınmaz əmlakın icbari sığortası ilə bağlı 2019-cu ilin sonlarında aparılan ciddi təbliğat işləri 2020-ci ilin ilk aylarından etibarən öz müsbət nəticəsini verməyə başladı. Lakin məsələyə ümumi kontekstdən yanaşsaq “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvədə olduğu gündən daşınmaz əmlak sahəsində təxminən 20 faiz nisbətində sığortalanma qeydə alınıb. Məhz bu səbəblər müvafiq Qanuna cərimə cəzalarının tətbiqi ilə bağlı edilən düzəliş daşınmaz əmlakın icbari sığortasına fəallığı artırdı. Fikrimcə, dövlət qeydiyyatında olmayan mülklərin də sənədləşdirilməsi bu prosesi daha da sürətləndirəcək.”
Əmlakını sığortalamayanları nə gözləyir? - EKSPERTDƏN AÇIQLAMA
F.Hacızadə bildirib ki, Daşınmaz əmlakın icbari sığortası olmayan mülk sahiblərinə qanunvericiliyə əsasən cərimələr nəzərdə tutulub:

“İcbari sığorta müqaviləsinin bağlanmamasına görə, qanunvericiliyə əsasən fiziki şəxslərə 30, vəzifəli şəxslərə 80, hüquqi şəxslərə isə 200 manat məbləğində cərimə nəzərdə tutulub.”

Məlumat üçün qeyd edək ki, Bakıdakı ev və mənzillərin illik sığorta haqqı 50, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40, digər şəhər və rayonlarda isə 30 manatdır. Müvafiq olaraq, paytaxtdakı mənzillərə 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəki mənzillərə 20 min, digər şəhər və rayonlardakı mənzillərə isə 15 min manat sığorta təminatı verilir.

Paylaş
Xəbər lentİ