“İcra başçıları, televiziyalar müğənnilərin pulunu vermir” – Fotolar+Video

Oxunma sayı: 399
27-09-2020, 17:40

“İcra başçıları, televiziyalar müğənnilərin pulunu vermir” – Fotolar+Video
Əməkdar artist Lalə Məmmədovanın Axşam.az-a müsahibəsi:

- Yəqin ki, pandemiya dövründə ilk sualımın nə haqqında olacağını təxmin edirsiniz. Karantin günləri sizin üçün necə keçdi?

- İnsanların hamısı bu bəlaya hazırlıqsız yaxalandı. Onların psixoloji durumunu o qədər gözəl anlayırdım ki... Hamımız bütün günü ora-bura qaçmağa öyrəşmişdik. İlk vaxtlar bir durğunluq oldu, hamı işləməkdən yorulmuşdu. Hər kəsin ailəsi, valideynləri ilə bir yerdə olmağa ehtiyacı var idi. Bir müddət sonra isə bu aclıq bitdi və başqa dəyərlər başladı. Bir zamanlar şikayət etdiyimiz "Bu qədər toy olar?", "Bu qədər işləmək olar?" kəlmələrini dəyərləndirməyə başladıq. Əvvəlki həyatımız üçün darıxdıq. Təəssüf ki, sənət adamlarının ancaq maddi çətinliyi qabardıldı. Mənəvi tərəflərə baxılmadı. Hər bir sənətçinin mütləq əlinin altında səhnəsi olmalıdır. Müxtəlif tədbirlərdə, efirlərdə çıxış edirik. Amma estrada ifaçılarının çalışdığı bir qurum olmalıdır. Biz bir anlıq hər şeydən məhrum olduq. Mənim üçün mənəvi tərəfləri daha çətin idi: ruh halım olmadı, düşündüm ki, səhnədən məhrum qaldım. Biz sənət adamları səhnəsiz heç kimik, məhv oluruq. Təəssüflənirəm ki, sənət adamları maddi durumdan şikayət etsələr də, mənəvi tərəfləri heç kim çıxıb danışmadı.


"VALİDEYNLƏRİMƏ GÖRƏ ÇOX QORXURAM"

- Mart ayında karantin elan ediləndən diqqətimi çəkən sizin hər şeydən uzaqlaşmağınız oldu. Nəinki televiziyada görünmək, heç sosial şəbəkədə də yox idiniz.

- Uşaqlarım və valideynlərimlə evdə oturdum... Valideynlərimə görə çox qorxurdum, indi də qorxuram. Yaşlı nəslin nümayəndələridir və risk qrupuna daxildirlər. Ona görə indi də çox yerə getmirəm, efirlərə çıxmıram. Ruh halım da buna imkan vermir. Apreldə həyətlərdə “Eyvana çıx” adlı konsert proqramları oldu. Onda gördüm ki, bəzi şeyləri pulla ala bilmərik. Şöhrətə pulla çata bilərsən, amma insan sevgisini ala bilməzsən. Həmin gün o qədər sevincli idim ki... Deyirdim, karantində həyatıma günəş doğdu. İnsanların alqışı ömrümü uzatdı.

"İCRA BAŞÇILARI, TELEVİZİYALAR MÜĞƏNNİLƏRİN PULUNU VERMİR”

- Bu yaxınlarda bir yazı yazmışdım: Toy bitdi, şou-biznesin sonudur... Doğrudanmı, Azərbaycanda şou-biznes yalnız toydan ibarət imiş?

- İstər Rusiya, istər Türkiyə ərazicə böyükdür. Onlarda konsert təşkil edən qurumlar fəaliyyət göstərir. Bizdə Mahnı Teatrı var, vaxtında az da olsa, qastrol səfərlərimiz olurdu. İndi isə bu yoxdur. Çox vaxt sənətçilər məcburiyyət qarşısında gedib rayonlarda hansısa bayram konsertlərində səhnəyə çıxırlar. Bunu ya telekanalların, ya da icra başçılarının "qara siyahı"sına düşməmək üçün edirlər. Bəlkə əvvəl bu cür konsertlərin dadı-duzu var idi, amma zamanla qalmadı. Rayonlardakı insanlar da doydular. İl ərzində nə qədər konsert olar? Hər sənətçinin öz auditoriyası var. Ora toplaşanlar bütün müğənniləri sevə bilməz. Tamaşaçı da məcbur qalırdı. İcra hakimiyyətindən tapşırıblar deyə yağışda, istidə əl çalırdılar. Beləcə, dadı-duzu qaçdı. Digər tərəfdən isə həmin konsertlərin keçirilməsi üçün istər televiziyalara, istərsə də icra hakimiyyətlərinə dövlətdən pul ödənilir. Amma sənətçilərin qonorarını vermirlər. Buna görə də müğənni toydan asılı vəziyyətdə qalır. Tək gəlir yeri toydur. Heç toydan gələn də bütöv sənətçiyə qalmır. Bəzən böyük qurumlardan sifariş gəlir: filankəsin toyunda oxumaq lazımdır. Kasıb birinin toyunda oxumaq bizim də ürəyimizdən keçir. Deyirsən, halal xoşu olsun, imkanı çatmır, ona hədiyyə etdim. Tapşırıqla hansısa toyda çıxış edirsən, halbuki məclis sahibinin sənə pul verməyə yetəri qədər imkanı var. Amma çalışdığı qurumdan, kiminsə adından istifadə edib, deyir, bir tük də qoparmaq qənimətdir. Bu, biz sənət adamlarının iç mətbəxidir. Bunu açmaqda bəlkə düz etmirəm, amma gerçəklər budur.

"ƏSL SƏNƏTKARLAR YARI AC, YARI TOX YAŞAYIR"
“İcra başçıları, televiziyalar müğənnilərin pulunu vermir” – Fotolar+Video
- Yenə sualıma qayıdacam... Bəzi müğənnilər deyir ki, toy yoxdur, niyə yeni mahnı yazdıraq?

- Onda belə çıxır ki, imkanımız var, amma niyə xərcləyək? Yenə gəlir maddi məsələyə... Əgər mənim imkanım olsaydı, karantində dayanmadan çalışardım. Sən tamaşaçı üçün çalışmırsan? Bu anlarda tamaşaçını ruhdan düşməyə qoymamalısan. Evdə otursam da, işlər gördüm. Yeni mahnılarım var, klip çəkdirməyə hazırlaşıram. Başa düşürəm bunu hansı müğənnilər deyir. Onlar sırf toy üçün çalışanlardır. Mənə də toy mahnıları oxumaq təklifləri gəlib... Bilirsiz nə qədər imtina etmişəm... Hər kəsin bir məqsədi var: başqasının məqsədi toy tutub, pul qazanıb, ev almaqdır. Sənət üçün yarananlar isə belə deyil. Əsl sənətkarlar yarı ac, yarı tox olub. Yağ-bal içində yaşayan sənətkar görə bilməzsiniz. Böyük sənətkar böyük şəxsiyyət deməkdir. Onlar hər şeyi pula bağlamır, hər yerə qaçmağı özlərinə sığışdırmırlar.

Paylaş
Xəbər lentİ