Nazirin cəzalandırdığı sükan arxasına keçən direktor barədə MARAQLI FAKT

Oxunma sayı: 592
6-09-2020, 06:40

Nazirin cəzalandırdığı sükan arxasına keçən direktor barədə MARAQLI FAKT
Xəbər verdimiz kimi, Təhsil naziri Emin Əmrullayevin əmri ilə töhmət verilən avtobus sürücüsü işlədiyi ilə bağlı sosial şəbəkələrdə foto paylaşan Saatlı rayonunun Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayev barəsində cinayət işi başlanılıb.

Arasdırma.info xəbər verir ki, məktəb direktorunun cəzalandırılmasına tanınmış müəllim Həbib Əlizadə münasibət bildirib.

O, Elnur Rzayevin direktor fəaliyyəti ilə bağlı ifşaedici faktlar paylaşıb: "Keçən il Saatlıda direktor işləyən Elnur Rzayev haqsızlıqlarla üzləşdiyini deyib status yazmışdı. Mən də onu paylaşmışdım. Dəstək göstərmişdim. Statusdan az sonra onunla problemlər yaşayan müəllim mənə yazdı. Əslində məsələnin başqa cür olduğunu deyirdi. Həmin dövrdə isə nəticə olaraq mənə bütün xırdalıqlar aydın olmurdu. Zaman keçdikcə Elnur Rzayevin çoxüzlü, yalançı olduğunu yavaş-yavaş müşahidə etdim. Pərviz müəllimin dedikləri yavaş-yavaş düz çıxırdı.

Bu yaxınlarda direktor Elnur Rzayev əvvəlcə "BakuBus"-dan, sükan arxasında şəkillər paylaşdı, məzuniyyət dövründə də işlədiyini yazdı. Sonra təhsil işçiləri, jurnalistlər bunu yaydı. Gördüyüm o idi ki, Elnur Rzayevə bu paylaşımlar çox xoş idi. Sonra direktoru tənqid etdilər, ardınca töhmət verildi.
Direktor başladı medianı günahkar çıxarmağa ki, yanlış məlumat yayırsınız. Halbuki ictimaiyyəti ələ saldığı üçün ən azı üzr istəyə bilərdi.
Töhmətə gəldikdə isə ona töhmət haqlı verilib, yoxsa haqsız, bu haqda danışmıram. Amma direktor Elnur Rzayevin ictimaiyyəti ələ saldığı artıq dəqiqdi.

Elnur Rzayev tərəfindən saxta sənədlərlə işdən çıxarılan, məhkəmələri davam edən tarix müəllimi Pərviz Zərbaliyevin direktorun özbaşınalıqdan bəhs edən məktubunu paylaşıram. Mən Zərbaliyev Pərviz Gülmirzə oğlu, 2009-cu ildən Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbində tarix müəllimi kimi pedaqoji fəaliyyətə başlamışam. Müəllim kimi işlədiyim bu on il ərzində heç bir intizam tənbehi almamışam.

Əksinə, məktəbdə saxtakarlıq, təhsilə ayrılan büdcə vəsaitini dolayısı yolla mənimsəyən və israf edən direktor Elnur Rzayevin əməllərinə göz yummayıb dəfələrlə aidiyyətli orqanlara, yəni Təhsil Nazirliyinə, Maliyyə Nazirliyinə, Saatlı rayon prokurorluğuna müraciət etmişəm.

Belə ki, sonuncu dəfə 01 oktyabr 2018-ci ildə məktəbdə baş verən qanunsuzluqlara göz yummayıb Saatlı rayon Prokurorluğuna şikayət əizəsi ilə müaciət etdim. Belə ki, 23 yanvar 2019-cu il tarixdə Saatlı rayon prokurorluğunun təqdimatı əsasında Maliyyə müfəttişlərinin məktəbdə apardığı təftiş yoxlaması nəticəsində toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, və 313-cü maddələri ilə cinayət işi başlanmışdır.

Prokurorluğun təqdimatı ilə Təhsil Nazirliyi bu direktoru vəzifəsindən və müəllimlik fəaliyyətinə xitam verir. Direktor Elnur Rzayevin Cinayət işi Saatlı rayon Məhkəməsində getdiyi halda səkkiz aydan sonra Nərimanov rayon məhkəməsində bu direktor barəsində işə bərpa barədə qətnamə qəbul edilir.

Sonda Cinayət işinə Saatlı rayon məhkəməsi tərəfindən baxılaraq, 09 yanvar 2020-ci ildə Cinayət Məcəlləsinin 179.2.3, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib CM-nin 66.2 maddəsi ilə 5000 manat cərimə cəzasına məhkum edilmişdir.

Amma bu direktor haqqında yüngül cəza qərarı qəbul edilərək, maddi məsul şəxs kimi vəzifədə qalmasına, direktor kimi işləməsinə heç bir məhdudiyyət qoyulmur. Onu da qeyd edim ki, iş üzrə dövlət ittihamçısı Saatlı rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixindəki qəbul etdiyi qərardan apellyasiya protesti verdikdən sonra Elnur Rzayevin təqsirləndirilməsinə dair cinayət işi hal-hazırda Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının icraatındadır.



29 dekabr 2019-cu il tarixdə məktəbə direktor kimi qayıdan Elnur Rzayevin əsas işi məndən qisas almaq olur. Belə ki 31 yanvar 2020-ci il tarixdə Pedaqoji Şuranın iclasında, qəflətən mənim işdən çıxarılma barədə 15 saylı əmri mənə təqdim edir. Fevral ayında Məhkəməyə iddia ərizəsi ilə müraciət etdim. Mənim işə bərpa iddiamla bağlı 04 may 2020-ci il tarixdə mülki iş üzrə Məhkəmə baxışı zamanı hakim şahid dindirilməsindən sonra mənə verilən töhmətlərin və Həmkarların qərarının mən işdən çıxarılandan 2-3 həftə sonra saxta yolla tərtib olunduğu aşkarlandı və işə bərpa barədə qərar qəbul edildi.

Lakin mənim işə bərpa olunmağımı istəmədiyi üçün direktor bilərəkdən qərardan apellyasiya şikayəti verir. Məqsədli şəkildə məni və ailəmi maddi sıxıntı içində boğur. Səkkiz aydır ki, mən əmək haqqı ala bilmirəm. Çarəsiz durumdayam. Hələ bu sadaladığım faktlar bu cinayətkar direktorun saxta və qanunsuz əməllərinin bir hissəsidir”.

BAKU.WS

Paylaş
Xəbər lentİ