Azərbaycan Tibb Universiteti ilin ən yaxşısı oldu

Oxunma sayı: 1 138
25-01-2019, 18:03

Azərbaycan Tibb Universiteti ilin ən yaxşısı oldu
Ölkəmizdə yeganə ali tibb təhsili verən qocaman universitet - Azərbaycan Tibb Universiteti ilin ən yaxşısı oldu.

Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ATU "Azərbaycan Universitetləri" Facebook səhifəsi tərəfindən keçirilən “2018-ci ilin ən yaxşı universiteti" sosial sorğusunun qalibi olub.

Azərbaycan Tibb Universiteti 1930-cu ildən fəaliyyət göstərir. Hər il olduğu kimi, 2018-ci ildə də yüzlərlə tələbə təhsil üçün Azərbaycan Tibb Universitetini seçib. Qəbul göstəricilərinə görə, ötən il ATU-nun müalicə profilaktika fakültəsinə- 501, ictimai səhiyyə fakültəsinə – 48, stomatologiya fakültəsinə – 30, əczaçılıq fakültəsinə 41 tələbə qəbul olub. 15 nəfər magistratura pilləsinə qəbul olub. 30 nəfər isə hərbi feldşerliyi seçib. Ümumilikdə, 715 nəfər ATU-nun tələbəsi adını qazanıb.

Yüksəkixtisaslı həkimləri yetişdirən ATU həm də xarici ölkələrin vətəndaşları tərəfindən dəyərləndirilən Azərbaycan universitetlərindən biridir. Hazırda Tibb Universitetində 1800-ə yaxın xarici vətəndaş təhsil alır. Bu il ATU-ya 558 xarici tələbə qəbul olub. Bunlardan: müalicə profilaktika fakültəsində – 265, stomatologiya fakültəsində – 205, əczaçılıq fakültəsində – 88 əcnəbi təhsil alır. Yeri gəlmişkən, bu tədris ilindən xarici tələbələrin universitetə qəbulunda yeni qayda tətbiq edilib. Belə ki, əcnəbilərin ATU-ya qəbulundan öncə onlarla Skype vasitəsilə müsahibə aparılıb.

2018-ci ildə 1025 nəfər ATU-nun məzunu adını qazanıb. Bunlardan 18 nəfər magistr pilləsini bitirib. Məzunların 85 nəfəri əcnəbi vətəndaşlardır.

Qeyd edək ki, son illər ATU-da müxtəlif istiqamətlərdə islahatlar aparılıb. Məsələn, Buraxılış Dövlət İmtahanlarında yeni formada – Obyektiv Strukturlaşdırılmış Klinik İmtahan bacarıq imtahanı formasında aparılır. O cümlədən, builki tədris ilindən etibarən, aralıq imtahanı tətbiq edilməyə başlanılıb.

ATU rəhbərliyinin təşəbbüsü ilə valideyn himayəsindən məhrum olan tələbələr üçün təqaüd fondu yaradılıb və onların təhsil haqqı fonddan ödənilir.

"Azərbaycan Universitetləri" – Facebook-da ali məktəblərin fəaliyyətini əks etdirən və qiymətləndirən ən populyar səhifələrdən biridir. 200 minə yaxın izləyicisi olan bu səhifə tərəfindən hər il müxtəlif mövzularda sorğular keçirilir.

Paylaş
Xəbər lentİ