“Bahalı maşınla taksidə işləyir, soruşanda da deyir ki, qız tutmağa çıxmışam...” — AÇIQLAMA

Oxunma sayı: 156
24-02-2022, 00:54

“Bahalı maşınla taksidə işləyir, soruşanda da deyir ki, qız tutmağa çıxmışam...” — AÇIQLAMA

“Taksi sürücülərinin etik-davranış qaydaları müəyyənləşdirilməlidir və onlar şirkətlərlə əməkdaşlığa cəlb olunarkən bu qaydalar ondalarda tələb olunmalıdır. Mən tam əminliklə deyirəm ki, yetmiş faiz taksi sürücüsünün qaydalardan, mədəniyyətdən, sərnişinlərlə ünsiyyət qaydalarından məlumatı yoxdur. Onlar kobud davranış nümayiş etdirirlər. Yəni taksi sürücüsünə aid olan davranışlar bəzilərində yoxdur. Problem odur ki, bu qaydaları onlardan tələb edən də yoxdur. Hal-hazırda taksi fəaliyyətiylə bağlı xaotik bir vəziyyət hökm sürür və bu heç də yaxşıya doğru getmir”

Arasdırma.info xəbər verir ki,bunu Moderator.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. Ekspertin sözlərinə görə bəzi vətəndaşlar taksi sürücüsü adıyla sükan arxasına keçib başqa işlərlə məşğul olur və nəticə də həqiqi peşə sahiblərini də gözdən salır:

“Burda çox ciddi problemlər var. Biz əvvəlcədən qaydalar müəyyənləşdirməliyik və ortaya konkret sual qoymalıyıq ki, kim taksi sürücüsüdür? Yəni biz taksi sürücüsü deyəndə təsəvvürümüzə kim gəlir, hansı kriteriyalara cavab verən taksi sürücüsü sayılır. Bu barədə götür-qoy etmək, düşünmək lazımdır. Mənə elə gəlir ki, bu sualların da cavabı, həlli onda bilinəcək ki, bu peşə sahəsidir və bunun da öz kriteriyaları var və bu kriteriyalara cavab verməyən adam taksi sürücüsü, dərzi, bər-bər işləyə bilməz.
Əlbəttə, ruhi xəstəni bər-bər, dərzi qoymaq olmaz. Bir qolu olmayan adam yaxşı kostyum tikə bilməz. Bu baxımdan hər bir peşənin özünün spesifik xarakteri olmalıdır. Taksi fəaliyyəti də bir peşədir, amma bu gün reallıq ondan ibarətdir ki, insanlar iş tapa bilmədiyi üçün taksi sürücüsü olmağa maraq göstərirlər. Amma sizə səmimi şəkildə deyirəm ki, cavan oğlanlar var, özlərini ağır işə verməmək üçün bəzənib-düzənib qadınlara, qızlara sataşmaq üçün taksi sürürlər. Yəni gedib daş daşıya, bazarda alma sata bilər, peşə öyrənib maşın ustası, elektrik ola bilər. Amma olmur, adam manyakdır, xəstədir. Baxırsan ki, 50-60 minlik maşınla taksi sürücüsü işləyir. Görürsən ki, bu normal adam deyil, xəstədir. Hətta sual da vermişik ki, sən bu bahalı maşınla taksidə nə gəzirsən? Cavabında deyib ki, qız tutmağa çıxmışam. Beləsinin dilini kəsmək lazımdır ya yox? Bədbəxt insandır, seksual insan belə formalaşır. Yəni maşının üstünə şahmat qoyub, bir şirkətə qoşulur və şirkət də onu müştəri arxasına göndərir. Sonra da qadınlar, qızlar taksi sürücüsündən şikayət edib deyirlər ki, mənə əxlaqsız təklif etdi və sair. Bunun öhdəsindən gəlmək üçün isə qaydalar müəyyən etmək lazımdır. Belə axmaqlar şirkətə niyə qoşula bilir? Şirkət niyə onu işə cəlb edir? Niyə soruşmur ki, sən kimsən, nəçisən, bahalı maşınla taksidə işləməkdə məqsədin nədir? Bəlkə adam potensial qatildir, bahalı maşınla taksi işləyib, adamları bir-bir aparıb öldürəcək.

Hər bir peşənin özünün yanaşma tərzi olmalıdır. Hərbçi, polis, həkim necə təhsil alıb bu peşəyə yiyələnirsə, taksi sürücüsü də yoldan keçən olmamalıdır. Metronun “20 Yanvar” və “Koroğlu” metro stansiyasından keçəndə baxın. Orda baxırsan ki, normal adamlardır, işi-gücü, normal maşını var, taksi sürücüsü deyil, amma ordan keçəndə deyir ki, “Mərdəkana 1 manat”. O da fikirləşir ki, evimə gedirəm elə boş getməyim. Biz buna da, səhər saat 8-də evdən çıxıb, axşam saat 9-da evə qayıdan adama da taksi sürücüsü deyirik. Axı bu belə olmamalıdır. Həqiqi taksi sürücülərinə dəyər vermək, onları qorumaq lazımdır. Onlar həqiqi bir peşə sahibidirlər. Adam var ki, taksi peşəsi onlara babadan qalma bir sənətdir və ailəlikcə bu sənətə yiyələniblər. Amma biz buna da, başqasına da taksi sürücüsü deyirik. Taksi sürücüsü var ki, yolu səndən soruşur, amma taksi sürücüsü də var ki, ünvanı deyən kimi bir də görürsən artıq həmin ünvandasan. Yəni bu qaydaları müəyyənləşdirmək lazımdır. Taksi fəaliyyətiylə bağlı keçmiş Nəqliyyat Nazirliyi “nəqliyyat qoçuları” hesabına nə qədər çalışdı, amma nizam-intizam yarada bilmədi. İndiki dövrdə isə taksi sürücülərinə qarşı çox böyük yumşalma var. Çox primitiv qaydalar müəyyənləşdirilib. Fərqlənmə nişanından başqa heç nə tələb olunmur və o nişanı da yetmiş min sürücüdən heç on mini alır və ya almır. Onun da dövlət rüsumu 18 manatdır. Ziya Məmmədov taksi sürücüsündən yetmiş manat alırdı, döydürürdü, maşınını əlindən alırdılar. İndi isə sərbəstlik verilib və bu da bunun nəticəsidir”

Paylaş
Xəbər lentİ