Ölən qıza lənət oxumaq...

Oxunma sayı: 158
8-04-2022, 03:46

Ölən qıza lənət oxumaq...
Gecə klubunda baş vermiş partlayışa görə iki istiqamətdə araşdırma aparılır - biri hüquq-mühafizə orqanları tərəfindən, digəri də cəmiyyət. Dövlət qurumları artıq ilkin nəticəyə gəlib, partlayışın səbəbi də bəllidir, buna görə həbs olunanlar da. Amma cəmiyyətin araşdırması, əxlaq ölçüsü ilə bağlı götür-qoyu deyəsən, hələ çox çəkəcək.

Məsələn, belə bir partlayış başqa bir ölkədə, Avropanın mərkəzində olsaydı, orada cəmiyyətin araşdırmasına heç ehtiyac da qalmayacaqdı, ya ilkin ehtimalla bunun terror ola biləcəyini düşünərdilər, ya da bədbəxt hadisə. Hər halda suallar bu istiqamətdə olardı. Amma bizim cəmiyyət sualı tamam fərqli verir: "Gecə saat 3-də orada nə işləri var idi?".

Suala sualla cavab vermək istəyirəm: Məgər, ölkədə komendant saatıdır?

Ümumiyyətlə, cəmiyyət məsələyə niyə bu qədər sərt reaksiya göstərir? Maraqlıdır, həmin partlayış baş verməsəydi, Bakıda gecə klublarının fəaliyyətindən, orada əylənənlərdən xəbərsiz idilər ki? Yoxsa, cəmiyyətin əxlaqını pozan məhz elə o gecə klubunda toplaşanlar imiş? Qəribədir, həm də çox qəribə...

Bu, məsələnin bir tərəfi, digər acınacaqlı tərəfi isə ondan ibarətdir ki, həmin partlayışda ağır yaralanan, bir neçə gün sonra isə aldığı xəsarətlərdən xəstəxanada vəfat edən qızın arxasınca lənət oxuyanlar da var. Sosial şəbəkələrdə şərhlərin yarıdan çoxu bundan ibarətdir. Bəziləri elə düşünür ki, hamı bu həyatda eyni olmalıdır - oxumalıdır, yüksək təhsil almalıdır, müəllim olmalıdır, hansısa dövlət qurumunda işləməlidir, nəhayət ailə qurub, övlad-uşaq sahibi olmalıdır və s.

Amma düşünmürlər ki, ölkədə gecə klubu varsa, orada əylənən də var, universitet varsa, tələbə də var, polis varsa, cinayət də var, zibil qutusuna atılan körpə varsa, onu doğan ana da var.

Düşünmürlər ki, hər bir insan həyat tərzini, peşəsini özü seçir. Kimisi alim olur, kimisi əyyaş, kimisi müəllim, kimisi də avara. Başqasının həyat tərzini, onun əyləncə metodunu biz müəyyənləşdirə bilmərik axı.

Əgər bu, belədirsə, o zaman niyə ölən birinin arxasınca lənət oxuyuruq? Qız lənət oxuyanlardan hansı birinin haqqına girib? Kimin çörəyini əlindən alıb? Görəsən, niyə əylənmək hüququndan məhrum olan insanlar, başqasını buna görə qınayır? Guya lənət oxuyan bəzi kişilərdən gecə klubuna getmək istəyən yox idi? Yoxsa, hamı açıq-saçıq geyimli bir qadın görəndə "tövbə, tövbə" deyib üzünü o tərəfə çevirir?

Hə, bir də ölən birinin arxasınca lənət oxumağı onunla əsaslandırırlar ki, gecə klubunda əylənənlər, ümumiyyətlə, bu klublar cəmiyyətin, uşaqların əxlaqını pozurmuş, gələcəyimiz məhv olurmuş-filan. Dəqiq bilmirəm, bəlkə də ən çox gecə klubu ABŞ-dadır. Amma dünyaya diqtə edən də ABŞ-dır, o şərhlərin yazıldığı sosial şəbəkələrin sahibi də amerikalıdır.

ABŞ-dan söz düşmüşkən, 2016-cı ildə Orlondo ştatında gecə klubuna silahlı hücum olur. Qatil də daxil olmaqla, 51 nəfər ölür, 53-ü isə yaralanır. Hadisə 2001-ci ildə baş vermiş 11 sentyabr terror aktlarından sonra ABŞ-da ən çox insanın öldürüldüyü terror hadisəsi idi. Amma biri də çıxıb demədi ki, bax, gecə sizin orada nə işiniz var idi? Heç ölənlərin arxasınca lənət də oxumadılar...

//qafqazinfo

Paylaş
Xəbər lentİ