Yeni məktəbli forması: ekspertlər və valideynlər nədən narazıdır?

Oxunma sayı: 120
25-07-2022, 20:06

Yeni məktəbli forması: ekspertlər və valideynlər nədən narazıdır?
Bu ilin mart ayında Baş nazir Əli Əsədov “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi” haqqında qərar imzalayıb.
Qərara əsasən, dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri ​ təsdiq edilib.
Artıq növbəti tədris ilindən etibarən yeni məktəbli formalarının tətbiqinə başlanılacaq.
Qeyd edək ki, təhsilalanların geyim forması oğlan və qızlar üçün ayrı olmaqla qış və yay formalarından ibarətdir. Qızlar üçün yay forması - üçdüyməli qısaqol köynək və ətək. Oğlanlar üçün yay forması - üçdüyməli qısaqol köynək və şalvar. Qızlar üçün qış forması - üçdüyməli uzunqol köynək, ətək və ya şalvar, önü bağlanılan cibli jaket. Oğlanlar üçün qış forması - üçdüyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jaket.​
Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib ki, təhsilalanların sağlamlığına mənfi təsir göstərməməsi üçün geyim formaları təbii və keyfiyyətli parçalardan tikilməlidir.
Yeni məktəbli forması: ekspertlər və valideynlər nədən narazıdır?
Şagirdlər üçün hazırlanan geyim formalarının etiketində istifadə edilən parçanın tərkibi barədə və “məktəbli forması” sözləri yazılmalıdır. Geyim formasının üzərində məktəbin emblemi də əks oluna bilər. Buna icazə var: “Qeyd edim ki, təhsilalanlar geyim forması ilə valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən təmin edilirlər”.
Şöbə müdirinin dediyinə görə, məktəbin geyim formalarını sifariş vermək səlahiyyəti yoxdur. Məktəblər yalnız qərar verir ki, orada təhsil alan şagirdlər hansı rəng çalarlarında olan məktəbli forması geyinəcək. Valideynlər müvafiq yerlərdən həmin geyim formalarını əldə edirlər: “Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, təsdiq edilmiş geyim formaları 2022-2023-cü tədris ilindən tətbiq ediləcək. Lakin hazırda istifadədə olan geyim formalarının 2022-2023-cü tədris ilinin sonunadək tətbiq edilməsinə icazə verilir. Yeni geyim formaları tam tətbiq olunduqdan sonra şagirdlərin ümumi təhsil müəssisəsinə fərqli geyimdə gəlməsinə yol verilməyəcək. Məktəblər bir tədris ili ərzində tədricən yeni geyim formalarına keçəcəklər”.
Məktəblərdə yeni geyim formalarının 2022-2023-cü tədris ilindən tətbiq edilməsi nəzərdə tutulsa da, valideynlərin çoxu yeni dərs ilində övladlarının məktəbə hansı formada gedəcəyi barədə məlumatsızdır.
Mövzu ilə bağlı Bakupost.az -a danışan valideyn Nurlanə Nəbiyevanın sözlərinə görə, növbəti tədris ilindən yeni məktəbli formasının tətbiq olunacağından xəbərdardır. Ancaq övladının təhsil aldığı məktəbdə uşaqların hansı forma geyinəcəyi barədə məlumatsızdır:
“Deyirlər ki, avqustun sonunda bizə bu barədə məlumat veriləcək. Hazırda məktəb bağlıdır və müəllimlər məzuniyyətdədir. Fikrimcə, valideynləri forma barədə avqustun sonunda məlumatlandırmaq doğru deyil. Bunu üçün valideynlərə ən azı 2 ay vaxt verilməlidir. Mənim üç övladım məktəblidir. Mən üç uşağın geyimini, məktəb ləvazimatlarını bu müddətə necə alıb hazır edəcəm? Buna həm vaxt, həm də maddi imkanım çatmayacaq. Vaxtında biz valideynlərə məktəbli forması barədə məlumat verəydilər ki, biz də imkanlaşdırıb alaydıq”.​ ​
Valideyn Heyran Əliyeva bildirib ki, məktəbli formasını üç ildən bir dəyişdirmək yüz minlərlə valideynini çətin vəziyyətdə qoymaq deməkdir: “İnsanların çoxunun maddi vəziyyəti yaxşı deyil. Bahalıq, işsizlik, bir tərəfdən də məktəbli formasının dəyişməsi insanların onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdıracaq. Yeni məktəbli forması tətbiq etməkdənsə məktəblərdə tədrisin keyfiyyətini yüksəltsinlər”.
H. Əliyeva da deyir ki, övladlarının təhsil aldığı məktəbdə hansı formanın tətbiq olunacağı barədə məlumatsızdır və onlara da bu barədətədris ilinin başlanmasına az qalmış məlumat veriləcəyini bildiirblər: “Əgər yeni forma almağa vaxtım və maddi imkanım çatsa alacam. Yox, əgər çatmasa, övladlarımı məktəbə ötən ilki forma ilə göndərəcəm”.
Mövzuya münasibət bildirən təhsil eksperti Elşən Qafarov Bakupost.az -a deyib ki, Nazirlər Kabinetinin müvafiq qərarı mütərəqqi xarakter daşıyır. Lakin bizim bir çox hüquqi normativ sənədlərimiz kimi yarımçıqdır:
“Mütərəqqiliyi odur ki, məktəblərdə sosial bərabərliyi gözləmək üçün hamı vahid forma geyinməlidir. Yarımçıq olan isə Nazirlər Kabinetinin 4 növdə eskiz təyin etməsi və qərarda baş örtüyünün nəzərdə tutulmamasıdır. Qərarı qəbul edənlər yaxşı bilirlər ki, bu nə dərəcədə həssas mövzudur. Qərarda ya “məktəbli geyim formalarında baş örtüyü nəzərdə tutulmur” və yaxud “baş örtüyü qızlar üçün yalnız ağ örpək ola bilər” kimi yazılmalıdı idi. Yarımçıqlıq müəyyən əlavə suallar doğurur. Geyim forması ilə yanaşı uşaqların saçının uzanluğu, əlavə kosmetika, dırnaqların boyanması və s. bütün bunlar göstərilməli idi”.
Elşən Qafarovun sözlərinə görə, qərarda digər çatışmayan cəhət isə odur ki, orada 4 formadan hansısa birininin seçilməsinə məktəbin Pedaqoji Şurasının qərar verəcəyi qeyd edilib: “Ölkədə 4432 məktəb var. Axı BTE-nin tikəcəyi bu formalar ən azı 6 ay qabaq sifariş verilməlidir. Bilinməlidir ki, hansı formadan nə qədər şagird geyinəcək. Bu rəqəmlər isə yoxdur. BTE isə bildirir ki, bizə hələ sifariş daxil olmayıb. Bu sıradan bir məsələ deyil. Ölkədə 1 milyon 600 min şagird var. Bu qədər şagirdin geyim forması sentyabr ayının əvvəlinə qədər hazır olmalıdır. Bunun üçün ya Pedaqoji Şuralar keçirilməli, ya da Təhsil Nazirliyi Nazirlər Kabinetinin 17 mart tarixli qərarına uyğun olaraq əmr verməlidir ki, filan təhsil mərhələsində filan geyimlər olmalıdır və s. Ancaq bununla bağlı heç bir müvafiq qərar qəbul olunmayıb. Valideynlər bilmirlər ki, övladları sentyabrda hansı rəngdə, hansı formada məktəbli geyimi geyinəcək.​ Böyük ehtimal ki, bu, müəllimlər avqustun sonu məzuniyyətdən qayıtdıqdan sonra valideynlərə elan olunacaq. Bu vaxtdan sonra isə valideynlərin forma alması və ya tikdirməsi bir az çətin olacaq”.

Paylaş
Xəbər lentİ