Azərbaycanda insanlar niyə itir?

Oxunma sayı: 33
2-08-2022, 23:45

Azərbaycanda insanlar niyə itir?
Son zamanlar “itkin düşüb” başlıqlı xəbərlərə daha tez-tez rast gəlirik. Maraqlısı odur ki, bu, hazırlaşıb evdən qaçmaq deyil. İtkin düşənlərin ailəsi çox vaxt deyir ki, “normal formada evdən çıxdı və bir daha geri dönmədi”.

Bəs tapılanlar geri dönməmə səbəbləri kimi nəyi göstərir? Niyə insanlar gedib bir daha geri qayıtmır?

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev açıqlamasında bildirib ki,vətəndaşın itkin düşməsi ilə bağlı daxili işlər orqanlarına daxil olan müraciətlər əsasında polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər həyata keçirilir: “Həmin şəxsin yerinin müəyyən olunaraq ailəsinə xəbər verilməsi, yetkinlik yaşına çatmayıbsa, həmin şəxsin yerini müəyyən edib ailəsinə təhvil verməsi prosesləri polis əməkdaşları tərəfindən həyata keçirilir. Səbəblərsə müxtəlif olur. Yəni, vəziyyətdən asılı olaraq səbəblər müxtəlif olur”.

Psixoloq Nizami Orucov Bakıvaxtı.az-a bildirib ki, evdən getmənin səbəbləri güclü stress, psixoloji travma və bir çox məqamlar ola bilər: “Ümumiyyətlə, ciddi patoloji bir şey kimi olduqda bunun psixi pozuntu kimi adı var: dromomania adlanır. İnsan hər zaman evi tərk etmək, hara gəldi getmək ehtiyacı duyur. Söhbət evi tərk edim, gedib bir az parkda gəzim, tura qoşulum kimi deyil. Bu insanlar düşünür ki, hara olsa gedəcək, təki evi tərk etsin. Əlamətlərindən biri ilk növbədə impulsivlikdir, yəni, insan birdən-birə evi tərk etmək qərarı verir”.

N.Orucov vurğulayıb ki, evdən çıxıb geri dönməyən insanlar detallara önəm vermirlər: “Həmin adamlar evdən çıxarkən özləri ilə çox vaxt pul, sənəd, çanta, əşya götürmürlər. Bunun nəticəsində də çətin vəziyyətə düşür, küçədə köməksiz, ac-susuz qalır, meşə və dağ şəraitində daha ciddi fəsadlarla qarşılaşırlar”.

Müsahibimiz deyir ki, həmin şəxslərdə məsuliyyətsizlik də olur. Onlar nə iş itirmək, nə də ailə ilə bağlı məsuliyyət hiss edirlər həmin anda: “Çünki psixi pozuntu zamanı adam bir dəqiqə əvvəl özü də bilmirdi ki, evi tərk edəcək. Səbəblər qəddar valideynlər, ağır təhsil şərtləri, hər şeydən inciyən xarakterin olması, anidən baş verən və ya uzun müddət davam edən güclü stress, yaxınların təzyiqi, hər hansı şəxsiyyət daxili böhran, hər şeydən yorğunluq və bezginlikdir. Bütün bunlar evi tərk edən insanların davranışına səbəb ola bilər. Həmin insanlar problemlərindən bu şəkildə qaçmamalı, müzakirə edib həll etməyə çalışmalı və ya psixoloq, psixoterapevtlərə müraciət etməli, fiziki aktivliklə məşğul olmalıdırlar”.

Paylaş
Xəbər lentİ