Bağçalardakı aylıq ödənişlərin heç bir qanuni əsası yoxdur - Cəsarət Valehov

Oxunma sayı: 125
13-09-2022, 04:41

Bağçalardakı aylıq ödənişlərin heç bir qanuni əsası yoxdur - Cəsarət Valehov
Dövlətə məxsus uşaq bağçları ilə bağlı narazılıqlar səngimək bilmir.
Valideynlərin ən çox narazılığına səbəb olan məsələlərdən biri də uşaq bağçlarında aylıq ödənişlərin bağça müdirələri tərəfindən süni şəkildə artırılmasıdır. Xətai rayonunda bir neçə bağçaya baş çəkdik və aylıq ödənişlərin məbləği ilə maraqlandıq.
Məsələn, Əhmədlidə fəaliyyət göstərən 202 saylı uşaq bağçasında kiçik yaş bölməsi üçün uşaqlara 50 manat aylıq ödəniş nəzərdə tutulub. 55 saylı uşaq bağçasında isə qiymət 20-30 manat arasında dəyişir. 88 saylı uşaq bağçasında aylıq ödəniş 20 manatdır. Paytaxtın mərkəzində fəaliyyət göstərən baçalarda isə qiymətlər 100 manata qədər yüksəlir.
Valideynlər mövcud vəziyyətdən şikayət edir. Halbuki dövlətə məxsus uşaq bağçalarına aylıq ödənişlər 2018-ci ildən ləğv olunub. Ancaq görünür, bu qərar bağça müdirələri üçün keçərli deyil. Hər ayın əvvəli valideynlərdən aylıq ödəniş toplanılır. Hətta bəzən bu məcburi hal alır.
Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi ilə əlaqə saxladıq.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov dövlətə məxsus uşaq bağçalarında valideynlərdən toplanan aylıq ödənişin heç bir qanuni əsası olmadığını bildirdi:

“Dövlətə məxsus bağçalarda aylıq ödənişlərin heç bir qanuni əsası yoxdur. Bağçalara dövlət tərəfindən həm ərzaq təminatı olunur, həm işçilərin məvacibləri verilir. Dövlət bağçalarına dövlət nəzarəti yüksək səviyyədədir. Hətta valideynlərin övladlarına daha çox diqqət göstərilməsi üçün müəllimələrə pul təklif etməsi belə doğru deyil. Ancaq hər iki tərəf bundan razıdırsa, biz artıq bunu tənzimləyə bilmərik”.
Bəzi bağça müdirələri isə bizimlə söhbətində bu pulun "fond pulu" kimi yığıldığını və bağçanın təmir-tikinti işlərinə sərf olunduğunu bildirdi.
C. Valehov bu məsələyə də münasibət bildirdi:
“Ola bilsin ki, Elm və Təhsil Nazirliyinin tabeçiliyində olmazdan əvvəl dövlət bağçalarında təchizatla bağlı problemlər yaşanıb. Ancaq Elm və Təhsil Nazirliyi bağçları öz tabeçiliyi altına aldıqdan sonra təmir-tikinti işləri ilə bağlı planlı şəkildə işlərə başlanıb. Zaman-zaman bu işlər yoluna qoyulacaq. O ki, qaldı bağçalarda boru partlaması, su krantının xarab olmasına, bunu valideynlər həll etməli deyil. Bununla bağlı bizim təmir-tikinti idarəmiz var və bağça müdirələri mövcud problemlə bağlı idarəyə məlumat verməlidir”.
Nazirlik rəsmisi onu da qeyd edib ki, uşaq bağçşalarına artıq ciddi nəzarət var və yaranan boşluqların aradan qaldırılması üçün bir sıra addımlar atılıb:
“İşində yol verdiyi ciddi nöqasanlara görə 11-dən çox bağça müdirinin işinə xitam verilib. Ancaq onu da nəzərə alın ki, uşaq bağçaları cəmi 6-7 aydır Elm və Təhsil Nazirliyinin tabeçiliyinə keçib və bütün problemləri qısa müddətdə həll etmək mümkün deyil. Zaman-zaman problemlər aradan qaldırılacaq. O cümlədən də bağçalarda heç bir qanuni əsası olmayan aylıq ödənişlərin yığılmasına da ciddi nəzarət olunacaq”.

Paylaş
Xəbər lentİ