Toyuq ətinin qiyməti dəyişməyib, bəs, dönər niyə bahalaşıb? - Ekspert aydınlıq gətirdi

Oxunma sayı: 101
30-09-2022, 01:34

Toyuq ətinin qiyməti dəyişməyib, bəs, dönər niyə bahalaşıb? - Ekspert aydınlıq gətirdi
Bu gün "Siyəzən", "Mərcan", "Səba" toyuqlarında qiymət artımı yoxdur. Sadəcə, orta və ali məktəblərin açılması ilə dönərə tələbat artıb. İşbazlar da bundan istifadə edərək, toyuq əti dönərlərinin qiymətini artırıblar. Yəni, yerli məhsullarda qiymət artımı yoxdur. Biz gündəlik buna nəzarət edirik".
Bu fikirləri Bakupost.az -a açıqlamasında Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli quş ətinin bahalaşması barədə xəbərləri şərh edərkən deyib.
Assosiasiya sədri qeyd edib ki, Prezident İlham Əliyevin avqustun 1-də verdiyi qərara əsasən, soyadan əlavə dəyər vergisi götürüldüyünə görə, toyuq əti qiymətləri 7-10 % ucuzlaşıb:

"Amma buna baxmayaraq, digər məhsulların - qarğıdalı, buğda, yem qatqılar və toyuq əti üçün lazım olan inqredietlərin qiymətinin qalxması quş ətinin bahalaşmasına səbəb olub. Ötən il qarğıdalının tonu 380 manata idisə, bu il 720 manatadır. Buğdanın qiyməti 300 manatdan 620 manata, günəbaxan yağının qiyməti 1500 manatdan 3500 manata qədər qalxıb. Bu da quş ətinin qiymətinin qalxamasının ən əsas səbəblərindən biridir. Amma ümumiyyətlə, quş ətinin idxalı çox azdır. Niyə? Çünki illik tələbatımız 140 min tondur, bunun da 120-125 min tonu artıq ölkədə istehsal olunur. Yerdə qalan 20-25 min ton isə bud və file şəklində gəlir. Bu da dönərxanalarda istifadə olunan ətdir. Niyə birdən-birə quş ətinə tələbat çoxaldı? Quş əti həm sağlıqlı qida olduğu üçün, həm də qırmızı ətə nisbətən ucuz olduğuna görə daha çox istehlak olundu. İstehlak olunanda da bazarda tələbat çoxalır. Tələbatçoxalanda az da olsa, qiymət artımı ola bilir. Amma bu gün üçün deyə bilərəm ki, ümumiyyətlə, quş ətinin qiymətində artım yoxdur və ilin sonuna kimi də gözlənilmir. Ona görə ki, yem qatqılarında qiymətlər stabilləşib".
M.Həsənli yumurtaya olan tələbatın da ödənildiyini və heç bir qıtlığın olmadığını diqqətə çatdırıb:
"Süfrə yumurtasına günlük tələbat 3 milyon 600 min ədəd olsa da, istehsal 4,5 milyondan artıqdır. Anbarlarda kifayət qədər yumurta var. Hətta xarici ölkələrə - Qətər, BƏƏ, Əfqanıstan, İraqa yumurta ixrac olunur. Hazırda İsraillə də bu istiqamətdə danışıqlar gedir. Yaxın günlərdə ora süfrə yumurtası ixrac olunacaq".

Paylaş
Xəbər lentİ