Xırdalana gedən yol niyə 7 km uzadılıb...

Oxunma sayı: 117
2-10-2022, 01:08

Xırdalana gedən yol niyə 7 km uzadılıb...
“VAZ” adı ilə tanınan dairənin düz mərkəzində dayanmışıq. Ləğv edilsə də, izləri qalıb. Burada dayanmağımızın səbəbi qaynar xəttimizə ünvanlanan vətəndaş şikayətidir.

Arasdırma.info xəbər verir ki, bu barədə APA TV-nin hazırladğı sujetdə bildirilib.Məsələ burasındadır ki, Bakı-Sumqayıt yolunun üzərində yerləşən Abşeron Gənclər şəhərciyində yaşayan sakinlər və ümumiyyətlə bu yolla hərəkət edən bütün sürücülər əvvəllər bax bu dairədən istifadə etməklə çox rahat formada üzü mərkəzə doğru irəliləyirdilər. Hazırda isə dairə ləğv edildiyindən onların işi bir qədər çətinləşib. Belə ki, üzü şəhərə doğru qayıtmaq üçün onlar Saray yolu ilə 3-4 kilometr də qabağa gedib geri dönmək məcburiyyətindədirlər”.

Sözügedən “VAZ” dairəsi təxminən bir aya yaxındır ki, ləğv edilib. Bu da 20 min nəfərə yaxın sakinin yaşadığı Masazır və Abşeron Gənclər şəhərciyinin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin etirazına səbəb olub. Özlərinin dili ilə desək işə gecikən kim, övladını məktəbə apararkən 1-ci dərsə çatdırmayan kim.

Bundan başqa, bu yolla hərəkət edən 199 saylı yeganə müntəzəm marşrut xəttinin fəaliyyəti də pozulub. Sözügedən yolda edilən dəyişikliyə görə, sürücülər hər gün 7 kilometr əlavə yol qət edirlər. Bu da təbii ki, onlar üçün həm əlavə vaxt itkisidir, həm də artıq yanacaq sərfiyyatı. Bütün bunların fonunda hələ işləri Təcili və Təxirəsalınmaz Tibbi yardıma düşərsə, bax əsl problem bundan sonra başlayır.

Maraqlıdır ki, bu yolda nə yol hərəkəti qaydalarını tənzimləyən lövhələr var, nə də işıqfor. Məsələ ilə bağlı əvvəlcə Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq. Qurumun əməkdaşı, polis baş leytenantı Toğrul Nəsirli bildirdi ki, “VAZ” dairəsi yolda yaranan uzun-uzadı tıxaclar səbəbindən ləğv edilib.

“Nəzərə almaq lazımdır ki, layihənin icrasının sonrakı mərhələsində mövcud yol şəraiti, istiqamətlər üzrə nəqliyyat axını tam təhlil olunaraq, hərəkətin daha da təkmilləşdirilməsi istiqamətində əlavə işlərin görülməsi, daha yaxın məsafədə geriyə dönmə zolağının yaradılması nəzərdə tutulub. Lakin unutmayaq ki, həmin ərazidə əvvəllər mütəmadi sıxlıq müşahidə olunurdu ki, bu da həmin yolla hərəkətdə olan sürücülərin narazılığına, əlavə vaxt itkisinə və artıq yanacaq sərfiyyatına səbəb olurdu. Hazırda sürücülər bu istiqamət üzrə əlavə olaraq 2.8 kilometr məsafə qət etməklə heç bir sıxlıq problemi yaşamadan geri dönmə edib, hərəkətlərini davam edə bilərlər ki, bununla da tıxacda qalmadan mənzil başına rahat gedə bilərlər”.

Məsələyə digər cavabdeh qurum olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxlamaq istəyimiz isə baş tutmadı. Çünki qurumun heç bir nümayəndəsi telefonlara cavab vermədi. Bir müddət öncə saytlardan birinə açıqlama verən qurumun mətbuat katibi Anar Nəcəfli isə yalnız bunları deyib.

"Baş Dövlət Yol Polisi ilə birlikdə qeyd edilən ərazidə yeni layihə hazırlanıb. Hazırda layihənin icrası həyata keçirilir. Günün pik saatlarında həmin ərazidə tıxaclarla bağlı çoxsaylı müraciətlər daxil olurdu. Layihə də bu müraciətlər əsasında həyata keçirilir. Hazırda sürücülər bir istiqamət üzrə əlavə 2,5 kilometr məsafə qət etməklə geridönmə edib hərəkətlərinə davam edə bilərlər. Layihə hələ tam başa çatmayıb, gələcəkdə daha yaxın məsafədən yeni geridönmə hissəsinin yaradılması da nəzərdə tutulur. Bütün bunlar əlavə vaxt itkisinə səbəb olmur, əksinə tıxacların qarşısını alır". Sitatın sonu

Əvvəla burda bir şeyi dəqiqləşdirək. Hazırda sürücülər bir istiqamət üzrə əlavə 2,5 deyil, 3 kilometr məsafə qət edir. Bu da həm əlavə vaxt itkisi, həm də artıq yanacaq sərfiyyatına səbəb olur. İkincisi isə göz önündədir. Rəsmi qurumlar nə qədər sakinlərin bu yoldan rahat şəkildə istifadə etdiyini desə də, vətəndaşlar tam əksini bildirir.

Hələ biz insanların müayinə olunmaq üçün Abşeron xəstəxanasına və ya işlərini asanlaşdırmaq üçün “DOST” mərkəzinə gedərkən qarşılaşdığı çətinlikləri demirik. Dövlət vətəndaşın işini asanlaşdırmaq üçün bir bu qədər şərait yaratsa da, bu kimi qurumlar öz fəaliyyətsizlikləri ilə bu işə kölgə salmağa çalışırlar.

Paylaş
Xəbər lentİ