Şəhid qızı bank fırıldaqçılığının qurbanı oldu - "7 ildən sonra bildim" - FOTO

Oxunma sayı: 74
11-05-2023, 09:04

Şəhid qızı bank fırıldaqçılığının qurbanı oldu - "7 ildən sonra bildim" - FOTO
Mingəçevir şəhər sakini, əslən Ağdaş rayonundan olan şəhid Zabid Əzizovun qızı Ülviyyə Əzizova bank fırıldaqçılığının qurbanı olub.
Şikayətçinin anası Rahilə Əzizova Bakupost.az -a bildirib ki, qızı 02.05.2011-ci ildə “Royal Bank” Açıq Səhmdar Cəmiyyətinin Qaradağ filialı ilə bağlanmış müqavilə üzrə “Opel Vita” markalı, 01 BK 295 nömrə nişanlı minik avtomobilini kreditə götürüb.
Onun sözlərinə görə, kredit borcunu vaxtında ödəsə də, bir müddət sonra qızının adına 7.089.00 ABŞ dolları dəyərində borc yazılıb.
Şikayətçi bildirib ki, “Royal Bank” ASC müştəri kimi onlara bu barədə rəsmi məlumat verməyib. Heç bir xəbərdarlıq olunmadan bank Abşeron rayon məhkəməsinə kreditin ödənilməsi tələbi ilə iddia qaldırıb.
Rahilə Əzizova bildirib ki, məhkəmə 18.02.2015-ci il tarixində bankın iddiası ilə bağlı 2(012)-4118/2015 saylı qətnamə çıxarıb. Qətnamədə qeyd olunur ki, kredit borcu 6685.06 ABŞ dolları, faiz məbləğindən 5697,55 ABŞ dolları və dəbbə pulu 1738 ABŞ dolları olmaqla müştəri tərəfindən banka cəmi 14120.61 ABŞ dolları örənməlidir:
"Qətnamədə həmçinin 31 AZN dövlət rüsumu və 2 azn poçt ximdəti haqqının qızım və Nəhəmmədzadə Ağaməhəmməd Nəbi oğlundan müştərək qaydada tutularaq “Royal Bank” ASC-yə ödənilməsi əksini tapıb".
Rahilə Əzizovanın bildirdiyinə görə, məhkəmə ödəmənin həyata keçirilməsi üçün “Opel Vitla” markalı 01 BK 295 nişanlı minik avtomoblinin açıq hərracda satılmasını qərar alıb. Avtomobilin ilkin satış qiyməti 7200 manat müəyyən edilib.

Şikayətçi sözügedən məhkəmə prosesi barədə xəbərdar edilmədiklərini bildirib:
”Guya məhkəmə barədə mənə və digər cavabdehə lazımi məlumat verilib. Lakin bizə məlumat verilməyib. Bu səbədən məhkəmə iclasında iştirak etməmişik, yəni bilərəkdən məhkəmədən yayınmamışıq. Bizim Abşeron rayon məhkəməsinin iclasından da, 2(012)-4118/2015 saylı, 18.02.2015-ci il tarixli qətnaməsindən də qəti şəkildə xəbərimiz olmayıb”.
Şikayətçi qızının himayəsində 2 azyaşlı uşaq olduğu üçün hüquqlarını müdafiə etmək üçün müvafiq prosedurları həyata keçirə bilməyib. Bu səbəbdən Ülviyyə Əzizova etibarnamə verərək, anası Rahilə Əzizovanı səlahəyyətli nümayəndə təyin etdirib.
Rahilə Əzizova 13.12.2021-ci il tarixində Bakı şəhərində fəaliyyət göstərən Azərbaycan Kredit Bürosu MMC-yə müraciət edərək kredit borcu ilə bağlı çıxarış alıb. “Royal Bank” ASC ləğv edildiyi üçün həmin bankın sənədlərinin haraya təhvil verildiyini isə öyrənə bilməyib.
Rahilə Əzizova həmçinin 20.12.2021-ci il tarixində Abşeron rayon məhkəməsindən 18.02.2015-ci il tarixli qətnaməni əldə edib.
Şikayətçi, bu qətnamə ilə razılaşmadığını və bəzi qurumlara rəsmi müraciət etdiyini qeyd edib. Lakin həmin qurumlardan bu günə qədər heç bir cavab ala bilməyib.
Şəhid qızı bank fırıldaqçılığının qurbanı oldu - "7 ildən sonra bildim" - FOTO
Bundan əlavə o, 15.11.2022-ci ildə Bakı şəhəri, Xətai rayonunda Nəcəfqulu Rəfiyev, 82 ünvanında yerləşən Əmanətlərin Sığortalanması Fonduna ərizə təqdim edərək, sözügedən məhkəmədən xəbərsiz olduqları, Prezidentin kredit borclarının bağışlanmasına dair 28.02.2019-cu ildə imzaladığı Fərmanın onlara da şamil edilməsi ilə bağlı müraciət edib. Bu rəsmi müraciətə də heç bir cavab verilməyib.
Qeyd edək ki, 18.02.2015-ci il tarixində qəbul olunan qətnamənin icra hissəsi Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilib. Həmin minik avtomobili hərracda satıldığı üçün bu işin icrasına 02.02.2016-cı ildə xitam verilib. Bu qərarla bağlı yenə də onlara məlumat verilməyib. Onlar yalnız 7 ildən sonra - 17.11.2022-ci ildə bu barədə məlumat əldə ediblər.
R.Əzizova kredit borcu ilə bağlı məlumat verilmədiyinə görə narazılığını bildirib:
“Qızım 2022-ci ildə "Kapital bank"dan kredit kartı götürmək istəyirdi. Bu zaman bank onun adına borc olduğu üçün kredit kartı verə bilməyəcəklərini deyib. Biz borcumuzun olduğunu yanlız bu vaxt öyrəndik. 1 saylı “ASAN” Xidmətə getdim. Oradan da bir sənəd verdilər ki, doğrudan da borc yazılıb. Biz "Kapital bank"a kredit üçün müraciət etməsəydik, məlumatımız olmayacaq və hələ də üzərinə borc faizi əlavə ediləcəkdi. Biz hökumətə borcluyuqsa, niyə bununla bağlı bir dəfə maraqlanmayıblar, zəng etməyiblər, məlumat verməyiblər? Qızım Türkiyəyə gedib-gəlirdi. Onun adına borc vardısa, niyə xarici ölkəyə çıxışına qadağa qoyulmamışdı?”
R.Əzizova bildirib ki, müvafiq təşkilatlar üzləşdikləri qanunsuzluqla bağlı tədbir görmədikləri üçün Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban Əliyevaya müraciət edərək, məsələnin həll edilməsinə yardımçı olmalarını xahiş ediblər.

Bank eksperti Əkrəm Həsənov isə şəhid ailəsinin üzləşdiyi problemlə bağlı Bakupost.az -a açıqlamasında bildirib ki, belə hallar baş verir:
"Məsələn, vətəndaş borcu ödəyir, amma borcun cüzi hissəsi, yaxud faiz qalır. Bu müddət ərzində onun da üzərinə faiz gələrək artır. Başqa bir məsələ isə budur ki, ola bilər, vətəndaşlar ödənişi icra edir, amma çekləri almır, yaxud tullayır. Ona görə də o, bank kreditini bağladıqdan sonra kredit bürosuna gedib çıxarış tələb etməlidir. Həmçinin, əllərində sənəd-sübutları varsa, Əmanətlərin Sığortalanması Fonduna müraciət edə bilərlər. Bununla da onların borcu silinəcək. Ümumiyyətlə, bu cür hallarda vətəndaşlar ayıq olmalıdır”.
Ekspert bildirib ki, kredit müddətinin bitməsindən 3 il keçsə, bununla iddia müddəti də bitir. Beləliklə, vətəndaşın həmin borcu ödəməsi tələb olunmur.

Paylaş
Xəbər lentİ