Manatlıq taksi xaosu: səs-küy, bitib-tükənməyən tıxaclar...

Oxunma sayı: 80
23-05-2023, 08:44

Manatlıq taksi xaosu: səs-küy, bitib-tükənməyən tıxaclar...
Paytaxtın bəzi ərazilərində ("20 Yanvar", "Koroğlu" metrostansiyalarının ətrafında) taksi sürücüləri adambaşı 1 manatdan sərnişin daşıyırlar. Bu, bir tərəfdən insanların işini asanlaşdırsa da, eyni zamanda, səs-küyə səbəb olur, digər nəqliyyat vasitələrinin hərəkətinə maneəçilik yaradır. Bunun əsas səbəbni də həmin taksilərin təyin olunmuş dayanacaqlarının olmamasıdır.

Nəqliyyat məsələləri üzrə ekspert Fərah Eyyubov Bakupost.az -a açıqlamasında bildirib ki, bu problemlərin aradan qaldırılması üçün marşrut taksiləri fəaliyyət göstərməlidir:
“İllərdir bu taksilər nizamsız, qayda-qanunsuz şəkildə fəaliyyət göstərirlər. Pərakəndə formada, təhlükəsizlik qaydalarına əməl etmədən, sürət həddini aşaraq qazanc əldə etməyə çalışırlar. Taksi daşımaları üçün yerlər də yoxdur. Avtomobil, avtobus dayanacaqlarında dayanırlar. Həm onların, həm də insanların hərəkətinə mane olurlar. Ümumiyyətlə, "manatlıq taksi" termini yoxdur. Təxminən, 20 il bundan əvvəl "marşrut taksiləri" adlanan termin var idi. İndi də müəyyən yerlərdə marşrutlar yaradıla, 1-1.50 AZN kimi qiymət təyin oluna bilər. Avtobusların həmin istiqamətdə yükünü azaltmaq üçün bu taksi daşımalarından istifadə oluna bilər. Yoxsa indi hərə bir avtomobil alıb taksi işləyir”.
Ekspert, taksi xidməti göstərən sürücülərin də məsuliyyətli olmalarını vacib sayıb:
“Taksi kimi işləyən avtomobillərin konstruksiyası, etibarlılığı, rəngi, nişanlanması elə olmalıdır ki, taksi olduğu bilinsin. Sürücülər də səliqəli geyinməli, üzləri təmiz olmalıdırlar. Şəhəri yaxşı tanımalı, gözəl ünsiyyət mədəniyyətinə sahib olmalıdırlar. Xarici dildə də ən azı tələb olunan sahələrlə bağlı danışıq qabiliyyətləri olmalıdır. Azərbaycana gələn turistlər də ilk növbədə taksi vasitəsilə ölkəmizlə tanış olur. Bu zaman yüksək mədəniyyət göstərilirsə, başqa yerdə də tərifləyirlər. Yox, sərnişin və yol mədəniyyəti aşağıdırsa, narazılığa səbəb olur”.
F.Eyyubov sonda bildirib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bu məsələləri araşdırmalıdır:
“Məsələnin sahibkarlıq, mədəniyyət, sosial cəhətlər nəzərə alınmaqla işlər görülməlidir. Bununla da, sıxlıq, tıxacda qalma, işə gecikmə halları aradan qalxar. Təcrübəli taksi daşımaları olmalıdr. Əvvəl taksi daşımalarına BNA nəzarət edirdi. İndi isə BNA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan AYNA-nın balansına verilib. AYNA 3 ay ərzində bu məsələləri araşdırmalıdır”.

Paylaş
Xəbər lentİ