Məhərrəmlikdə toy etmək olar? - İlahiyyatçılar CAVABLANDIRDI

Oxunma sayı: 51
20-07-2023, 22:04

Məhərrəmlikdə toy etmək olar?  - İlahiyyatçılar CAVABLANDIRDI
Dünəndən etibarən Məhərrəm ayı başlayıb. Bu ayın başlanması ilə də Azərbaycanda ənənəvi olaraq “toy edəkmi?, etməyəkmi?” sualı ətrafında müzakirələrə start verilib.

Məsələ ilə bağlı Referans.az Bakı şəhərində yerləşən bir neçə şadlıq sarayının administratorları ilə əlaqə saxlayıb.

Onların bəziləri toy etmək üçün şadlıq sarayına müraciətlərin daxil olduğunu, lakin bunu qəbul etmədiklərini bildirib. Bəzi restoranlar isə nadir hallarda toy etmək istəyənlərin olduğunu və toy mərasiminin keçirildiyini qeyd edib.

Bakıda yerləşən “Xəzinə Place” şadlıq sarayının administratoru Şahin Abdıyev Referans.az-a açıqlamasında bildirib ki, məhərrəmlik ayı müddətində çox nadir hallarda toy üçün onlara müraciətlər olunur. Restoran əməkdaşı keçən il bir dəfə müraciət olunduğunu, bu il isə hələki hər hansı toy müraciətinin olmadığını vurğulayıb.

Redaksiyamıza danışan “Al Saray” şadlıq sarayının administratoru Ramin Bağırovun sözlərinə görə, hər il məhərrəmlik ayı müddətində onlara bir neçə dəfə toy keçirmək istəyən şəxslər tərəfindən müraciətlər daxil olur, lakin bunu qəbul etmirlər. O bildirib ki, iyul ayının 30-da toy keçirmək istəyənlər olub, amma restoran rəhbərliyi bunu qəbul etməyib.

Bakıda fəaliyyət göstərən “Neolit City” şadlıq sarayının administratoru Ayaz Salmanov isə qeyd edib ki, onların restoranına məhərrəmlik ayı boyunca az da olsa toy etmək istəyənlər müraciət edir və toylar baş tutur.

Bəs məhərrəmlik ayında toy etmək günahdır?

Bu barədə Referans.az-ın sorğusunu cavablandıran ilahiyyatçı Hacı Təyyar Hüseynli bildirib ki, məhərrəmlik ayı sayılan 40 gün müddətində toy etmək düzgün deyil: “Məhərrəm ayının ilk 10 gününü dünyada 2 milyarda yaxın müsəlman yaşayırsa, hər biri bilir ki, bu gün nə baş verib. Allahın sonuncu elçisinin ailə üzvlərinə qız, qadın, uşaq demədən o dövrə görə, minlərlə müsəlman hesab olunan orduya qarşı dəhşətli bir qətliam törədilib. Bütün müsəlman dünyası bunu bilir. Bizim milli matəm günlərimizə xüsusi diqqətimiz var. 20 yanvar faciəsi, Xocalı soyqırımı günü və ya hər hansısa bir milli matəm günümüzdə kimsə toy, şənlik etmək istəyirsə, birinci özünə sual verməlidir. Bu bir milli, dini, vicdan məsələsidir. Toy etmək olar və ya olmaz bu tamam fərqli bir düşüncədir. Bu insanın özünün daxili və mənəvi düşüncələrinə yönələn bir sualdır. Məhərrəm ayı barəsində uzun illərdir alimlər, mütəfəkkillər, Azərbaycanın dahiləri və digər şəxslər bu faciə ilə bağlı çox danışıb. Yəni illər boyu Azərabaycan xalqı məhərrəm ayında hüzünlü olur toy və şənlik etmirlər”.

Son zamanlar bəzi ilahiyyatçılar, sonradan başını başlara qoşub ilahiyyatçı olanlar, qarışıqlığa düşüb ilahiyyatçı olanlar, guya ki, ağıllı, dərin söz danışanlar hərəsi bir söz deyir. İllərdir ki, bu aylarda toy olunmayıb. Bizdən də dərin biliyə sahib, ağıllı alimlər olub. Bu yeni-yeni mövzular ortalığa atılıb ki, toy etmək olar və sairə. Mən özüm görməmişəm, amma eşitmişəm ki, toy edənlər olub. Yəni toy edənlər olur. Amma bu düzgün deyil.

Dinşünas Elşad Miri isə Referans.az-a açıqlamasında bildirib ki, məhərrəm ayında toy etməyin heç bir qəbahəti yoxdur: “Azərbaycanın müxtəlif bölgələrində illərdir, əsirlərdir ki, məhərrəmlikdə toy edilib və bu onların ailəsinin dağılmasına, boşanmalarına, uşaqlarının olmamasına, müəyyən uğursuzluqların baş verməsinə gətirib çıxarmayıb. Bunlar nağıllardır, uydurmadır. Qurani-Kərimdə hansı ayda toy edib etməməkləri ilə bağlı bir məsələ varmı? Xeyr, yoxdur. Məhəmməd peyğəmbərin dövründə hansısa ayda toy etməmək anlayışı varmı? Təbii ki, yoxdur. Məhəmməd peyğəmbərimizin sağlığında 3 qızı, xanımları, 3 oğlu və yaxınları vəfat edib. O bununla bağlı hər hansı bir məsələ qaldırmayıb ki, biz bu günlər toy-şadlıq etməyək və ya şənlənməyək. Heç bir zaman belə bir şey olmayıb”.

Elşad Miri qeyd edib ki, məhərrəm ayında toy etmək bədbəxtlik gətirir və ya digər bu tipli deyimlərin hamısı əsassızdır və absurd düşüncədir.

Paylaş
Xəbər lentİ