Toy etmək istəyənlərin DİQQƏTİNƏ - Restoranların məhərrəmlik ayından sonrakı toy QİYMƏTLƏRİ AÇIQLANDI

Oxunma sayı: 72
11-09-2023, 19:30

Toy etmək istəyənlərin DİQQƏTİNƏ - Restoranların məhərrəmlik ayından sonrakı toy QİYMƏTLƏRİ AÇIQLANDI

Sentyabrın 16-sı səfər ayı bitir, toylar başlayır. İki ay fasilədən sonra toy mərasimlərinə yenidən start verilməsinə sayılı günlər qalıb. Artıq restoranlar çal-çağırlı məclislər üçün sifarişlər qəbul etməyə başlayıblar. Bəzi ərzaq məhsullarının, o cümlədən, ətin bahalaşması toy mövsümünün başlaması ərəfəsində restoran menyularına təsir edib.



Arasdırma.info toy qiymətlərində dəyişikliyin olub-olmamasını öyrənmək üçün Bakı şəhərində yerləşən bir neçə şadlıq sarayları ilə əlaqə saxlayıb.



Araşdırmamıza əsasən, bəzi restoranlar qiymətləri qaldırmamaq üçün menyuda ixtisarlar edərkən, bəziləri isə qiymətlərin stabil qaldığını dilə gətirib. Lakin bu işi dərindən bilən administratorlar Referans.az-a açıqlamasında qeyd ediblər ki, baş verən qiymət artımı xüsusən də, ət və ət məhsullarındakı bahalaşmanın restoran qiymətlərinə təsir etməməsi mümkün deyil.



Administratorların sözlərinə görə, artıq yanvar ayına qədər belə toy üçün yazılanlar var. Bununla belə qiymətlərdə hər hansı bir endirim tətbiq edilmir. Son zamanlar ət və ət məhsullarının bahalaşması şadlıq evlərini tədbir görməyə vadar edib.



Şadlıq evlərinin inzibatçıları bildirirlər ki, əgər ərzaq məhsullarının qiymətləri artmağa davam etsə, menyuları yenidən tərtib etməli olacaqlar.



Kolizey Hall şadlıq sarayının administratoru Kamil İsgəndərov Referans.az-a- açıqlamasında bildirib ki, qiymətlərdə hər hansı bir dəyişiklik yoxdur: “Hələki qiymətlərdə bir dəyişiklik yoxdur. Sifariş üçün müraciət edənlərin sayında keçən illərə nisbətən stabillik müşahidə olunur, yanvar ayı üçün yazılanlar belə var”.



Altun Restoran şadlıq sarayından bildirildi ki, menyularda az da olsa dəyişiklik var: “Nə qədər olmaya ölkədə gedən qiymət artımı az da olsa təsir edib. Əsasən də son günlər ət məhsullarının bahalaşması menyularda qiymət artımına təsirsiz ötüşə bilməzdi”.



Xəzinə Palace restoranından redaksiyamıza bildirilib ki, qiymətlərdə artım müşahidə olunsa da, toy üçün müraciət edənlərin sayında da artım var: “Çox yox, amma artım müşahidə olunur. İstər istəməz ət və ət məhsulları olsun, meyvə-tərəvəz və digər məhsulların bazar qiymətinin artımı restoran sektoruna da təsir edir”.



My Wey Hall şadlıq sarayının administratoru Azər Mirverdiyev isə qeyd edib ki, istənilən qiymət artımının restoran qiymətlərinə təsiri olur: “Əsasən də ət məhsullarında artım varsa, bu avtomatik olaraq restoran qiymətlərində artıma səbəb olur. Yağ, soğan, kartof, digər ərzaqlar olsun, meyvə-tərəvəz olsun və bunların hamsında qiymət artırsa, mütləq restotanlarda da bir qədər artım müşahidə olunur. Əsasən də ət və ət məhsullarında bahlaşma olursa, mütləq şəkildə bu menyu qiymətlərinə təsir edir”.



Azər Mirverdiyev əlavə edib ki, keçən illərə nisbət bu il toy üçün müraciət edənlərin sayında azalma müşahidə olunur.//referans

Paylaş
Xəbər lentİ