“Utanıram ona gəlin deməyə” – Məhkəmədə DAVA DÜŞDÜ -YENİLƏNİB

Oxunma sayı: 68
14-09-2023, 07:55

“Utanıram ona gəlin deməyə” – Məhkəmədə DAVA DÜŞDÜ -YENİLƏNİB
Bakının Nizami rayonunda ölümlə nəticələnən kütləvi davanın iştirakçıları – Ceyhun İsayev, onun qardaşı Ramin İsayev və Rauf Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Arasdırma.info Lent.aza istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi mərhum Xəyal Rəhimovun anası Gülayə Rəhimova ifadə verib.

O bildirib ki, oğlu həmin gün günahsız yerə öldürülüb:


"Hadisənin səbəbkarı oğlumun dostu Orxan adlı şəxsdi. Orxan bu adamlardan narkotik vasitə alırmış. Oğlum Xəyal hadisə vaxtı nə içkili olub, nə də əlində bıçaq olub. Həmin gün təxminən axşam saat 9-da Xəyal evdən çıxaraq maşınla bir az dolaşacağını deyib. Orxanla təqsirləndirilən şəxslər arasında dava olanda Xəyal da onunla birlikdə söhbəti aydınlaşdırmaq üçün gedibmiş. Məhkəmədən təqsirləndirilən şəxslərin ən ağır cəza almalarını xahiş edirəm".

Şahid qismində ifadə verən təqsirləndirilən şəxslər Ceyhun və Ramin İsayevlərin anası İlahə İsayeva ifadə verib.

Onun sözlərinə görə, digər təqsirləndirilən şəxs Rauf Hüseynov onun evində kirayə qalıb:

"Həmin gün hamımız yatmışdıq. Çöldən səs eşitdik. Biz çölə çıxanda Orxanın söyüş söydüyünü, Xəyalın da onun yanında olmasının şahidi olduq. Mən onları sakitləşdirməyə çalışdım. Daha sonra oğlanlarım Ceyhun və Ramin, eləcə də Rauf dalaşdılar və xəyalgil də getdilər. Artıq bir neçə dəqiqədən sonra 7-ə yaxın naməlum şəxs evimizə hücum etdilər. Onların hər birinin əlində soyuq silah hesab edilən dəmir dəyənək gördüm. Hadisə vaxtı mən kimin ölməsinin və ya bıçaqlanmasının şahidi olmamışam".

Şahid qismində zərərçəkmiş şəxs, mərhum İlkin Rzayevin keçmiş həyat yoldaşı Nərmin Fətəliyeva dindirilib. O, bildirib ki, hadisədə adı hallanan qardaşı Orxanın heç bir günahı yoxdur:

"Hadisə zamanı yoldaşım İlkin Rzayevə Xəyaldan zəng gəldi. Onu "kosmos" deyilən əraziyə çağırıb. Ancaq Xəyal İlkini davaya çağırması barədə məlumat verməyib".

İlkin Rzayevin anası Mehriban Rzayeva ayağa qalxaraq “Mən utanıram ona gəlin deməyə. Oğlumun günahsız yerə ölümünə səbəb oldu” - deyib.

Bundan sonra prosesdə tərəflər arasında dava düşüb. Hakim bu səbəbdən məhkəməni təxirə salmağa məcbur qalıb.

Məhkəmənin növbəti iclası sentyabrın 27-nə təyin edilib.

İttiham aktına əsasən, hadisə bu il fevralın 11-i saat 2 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində qeydə alınıb.



Belə ki, kütləvi dava zamanı İlkin Rzayev və Xəyal Rəhimov qətlə yetirilib.

Daha sonra C.İsayev, R.Hüseynov və R.İsayev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı R.Hüseynov və C.İsayevə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha artıq adamı öldürmə) və 221.3-cü (Xuliqanlıq) və R.İsayevə isə Cinayət Məcəlləsinin və 221.3-cü ( silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmənin daha ətraflı təffərrüatları veriləcək…

Paylaş
Xəbər lentİ