Kimlərin müalicə sanatoriyalarında ödənişsiz istirahət hüququ var? - RƏSMİ AÇIQLAMA

Oxunma sayı: 70
8-10-2023, 08:35

Kimlərin müalicə sanatoriyalarında ödənişsiz istirahət hüququ var? - RƏSMİ AÇIQLAMA
“Hazırda Azərbaycanda 1 700 000 nəfərə yaxın əmək fəaliyyəti ilə məşğul olan, yəni sosial sığortaya cəlb olunan şəxs var. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) vəsaitləri hesabına pensiya alan təqaüdçülərin sayı isə 1 500 000 nəfərə yaxındır.

Əgər fonda sığorta haqqı ödəyənlərin və pensiyaçıların ailə üzvlərini də buraya əlavə etsək, dövlət büdcəsi vəsaiti hesabına 4 milyon nəfərdən artıq şəxsin müalicə sanatoriyalarına yollayış almaq hüququ var”.

Bu sözləri “Bizim.media”ya açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Nəsirov deyib.

Onun sözlərinə görə, il ərzində DSMF büdcəsinin vəsaiti hesabına maksimum 20 000 nəfər yollayışla təmin olunur:

DSMF vəsaitləri hesabına alınmış yollayışlar əsasən müalicə müəssisələrinə verilir ki, bunun da əsas hissəsi Abşeron yarımadasında yerləşir. Yollayışların az bir qismi Naftalan, Şabran, Nabran inzibati ərazi vahidlərində yerləşən müalicə və istirahət müəssisələrinə verilir.

“Bunlardan əlavə vətəndaşlar üzv olduqları həmkarlar ittifaqları təşkilatlarının öz büdcəsi, yəni toplanmış üzvlük haqları hesabına da yollayış əldə edə bilərlər. Həmkarlar İttifaqı təşkilatlarına toplanmış vəsaitlər hesabına il ərzində orta hesabla 150 000 nəfərə yaxın həmkarlar ittifaqı üzvü yollayışla təmin olunur.

Həmkarlar İttifaqına toplanan üzvlük haqları hesabına isə Abşeron yarımadası, Nabran, Quba, Qusar, İsmayıllı, Şamaxı, Qəbələ, Lənkəran, Masallı, Lerik, Naftalan inzibati ərazi vahidlərində yerləşən istirahət və müalicə müəssisələrinə yollayışlar alınır.

Dövlət qurumları, xüsusən də təhsil və səhiyyə sahəsində çalışan işçilər də ən çox yollayış alan vətəndaşlar kateqoriyasına daxildirlər. Belə ki, təkcə ötən il həm DSMF, həm də Həmkarlar İttifaqlarının öz büdcə vəsaitləri hesabına alınmış (turist səfərləri istisna olmaqla) 65 000 yollayışdan 35 600 ədədi dövlət qurumları, o cümlədən 19 700 ədədi təhsil, 8 200 ədədi isə səhiyyə müəssisələrində çalışan işçilərə verilib”.
Şöbə müdiri, təmsil etdiyi qurum tərəfindən vətəndaşlara yollayışın verilmədiyini də diqqətə çatdırıb:

“Konfederasiya tərəfindən ilin əvvəlində yollayışın bölgüsü aparılır və bölgü əsasında alınaraq yalnız sahələrdə ilk həmkarlar ittifaqı komitələri tərəfindən vətəndaşlara verilir. DSMF vəsaitləri hesabına alınmış yollayışlar vətəndaşlara dəyərinin 15%-i ödənilməklə, yollayışların sayının 10%-i isə tam güzəştlə, yəni pulsuz olaraq bu quruma sosial sığorta haqqı ödəyən vətəndaşlara verilir.

Həmkarlar İttifaqının büdcəsinin vəsaitləri hesabına alınmış yollayışların verilmə ödənişini isə həmkarlar ittifaqı təşkilatları öz qərarları ilə müəyyən edirlər. Orta hesabla bu ödəniş yollayışın dəyərinin 20%-ni təşkil edir”.

R.Nəsirov, yollayışların növbəlilik qaydasında kimlərə verilməsinin də həmkarlar ittifaqı təşkilatları tərəfindən müəyyən edildiyini vurğulayıb:

“Həmkarlar İttifaqı üzvlərinin istirahət müəssisələrinə tələbatını ödəmək məqsədilə təhsil, dövlət, dəmiryol, səhiyyə, dəniz nəqliyyatı, rabitə işçiləri Həmkarlar İttifaqı respublika komitələri öz büdcə vəsaitləri hesabına istirahət müəssisələri tikərək istifadəyə veriblər. Bu müəssisələrdə hər il 7000 nəfərə yaxın həmkarlar ittifaqı üzvləri istirahət edir”.

AHİK rəsmisi sonda, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi vəsaiti hesabına sanatoriya-kurort və istirahət müəssisələrinə alınmış yollayışları əldə etmək hüququna malik olan şəxslərin siyahısını da təqdim edib. Bu siyahıya DSMF-yə sosial sığorta haqqı ödəyənlər, DSMFvəsaitləri hesabına pensiya alan təqaüdçülər, DSMF sosial sığorta haqqı ödəyənlərin və pensiyaçıların ailə üzvləri, əlilliyə görə pensiya alan hərbi qulluqçular daxildir. //Cahantv.az

Paylaş
Xəbər lentİ