"Sürücülər qiymətdən narazı qalsalar, qiymətlərə yenidən baxıla bilər"

Oxunma sayı: 55
18-10-2023, 06:31

"Sürücülər qiymətdən narazı qalsalar, qiymətlərə yenidən baxıla bilər"
Tarif Şurasının Bakı-Quba-Rusiya yeni avtomobil yolu üçün müəyyən etdiyi gediş tariflərini yüksək hesab edirəm və bir müddətdən sonra yenidən baxılacağını düşünürəm.

Çünki, tarifin müəyyən edilməsi üçün nə qədər amillər təhlil olunsa da, ən böyük amil haqqında dəqiq məlumat yoxdur. Bu, tələb amilidir.

Bu amili isə heç bir müşahidə və ya təhlillərlə dəqiq hesablamaq mümkün deyil. Bunu yalnız bu yoldan istifadə edənlərin real sayı müəyyən edəcəkdir. Yalnız bundan sonra qiymətlərin endirilməsi və ya daha da artırılması məsələsi gündəmə gələcəkdir.

Əgər sürücülər qiymətdən narazı qalsalar, istifadə edənlərin sayı azalacaq. Bu isə gəlirlərə ciddi təsir edəcəkdir. Buna görə də bu qədər vəsait xərclənən yola çəkilmiş xərcləri çıxarmaq üçün qiymətlərin tədricən endirilməsinə ehtiyac yaranacaqdır.

Niyə tədricən? Ona görə ki, Tarif Şurası tarazılıq nöqtəsini tapmalıdır. Bunun üçün isə tədrici yaxınlaşma daha effektiv və itkisiz olur.


Amma vay o günə ki, avtomobil axını çox ola, o zaman qiymətlərə yenə baxılması və qiymətlərin qaldırılması ehtimalı çoxdur. Çünki, onsuz da “yolun müştərisi” boldur. Amma təbii ki, bu zaman qiymətin qaldırılmasının səbəbi kimi tələbin çox olması göstərilməyəcək. Bu sürücülər tərəfindən birmənalı qarşılanmaz.

Bu zaman tariflərin qaldırılması üçün ən çox istifadə edilən metoddan istifadə edilməsi daha ağılabatandır. Bu “xərclərimiz çoxdur” adlı məşhur metoddur. Odur ki, əgər bu yolun da istifadəsinə görə qiymətlər artırılarsa, bunun səbəbinin yol-tikinti xərclərin, o cümlədən yolun keyfiyyətli saxlanılması xərclərinin çox olması ilə əlaqələndiriləcəyi daha realdır.

Bütün hallarda bu yoldan istifadəyə dair qiymətlərin uzunmüddətli dövr ərzində bu gün təyin edildiyi kimi qalacağını gözləmirəm. Tariflərə yenidən baxılması ehtimalı çox yüksəkdir.

İqtisadçı Eldəniz Əmirov

Paylaş
Xəbər lentİ