DTX Fransanın casus şəbəkəsini belə ifşa etdi... - Detallar

Oxunma sayı: 42
25-12-2023, 09:50

DTX Fransanın casus şəbəkəsini belə ifşa etdi... - Detallar
Azərbaycan kəşfiyyatı Fransa kəşfiyyatını məğlub etdi. Xüsusi xidmət orqanlarının Fransanın casus şəbəkəsini ifşa etməsindən sonra bütün Avropa “mat” vəziyyətinə düşüb. Və məsələ heç də Fransa kəşfiyyatnın uğursuzluğu yox, Azərbaycan xüsusi xidmət orqanlarının peşəkarlığından ibarətdir. Mediada yayılan məlumatda qeyd olunur: Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub.

Burada söhbət təkcə Fransa agentura şəbəkəsinin Azərbaycanda ifşa olunmasından getmir. Azərbaycan xüsusi xidmət orqanları Fransa kəşfiyatının Şərqi Avropadan Mərkəzi Asiyaya qədər geniş coğrafiyada fəaliyyət göstərən şəbəkəsini deşifrə edib. Və müharibənin qalibi Azərbaycan kəşfiyyatıdır.

Hərbi müstəvidə aparılan müharibələrdən fərqli olaraq, kəşfiyyat müharibələri heç vaxt bitmir. Bu döyüşdə nə atəşkəs razılaşması, nə də sülh sazişi var, kəşfiyyat daim mübarizə aparır və pərdəarxası müharibə zamansız şəkildə davam edir. Bakı-Paris xəttində gərginləşən münasibətlər, Fransanın açıq müstəvidə həyata keçirdiyi anti-Azərbaycan siyasəti fonunda fransızların casus şəbəkəsinin ifşa edilməsi iki ölkə arasında kəşfiyyat müharibəsinin aktiv fazaya keçdiyini deməyə əsas verir. İstisna deyil ki, kəşfiyyat müharibəsini aktiv fazası da məhz 44 günlük müharibədən sonra – Makron administrasiyasının Bakıya açıq hücuma keçməsi ilə başlayıb.

Casus şəbəkəsi necə ifşa olunub?

Qərb mediasına sızan məlumata görə, hər şey Fransa səfirlikdaxili rezidenturasının Azərbaycan ərazisində əslində Fransanın “tərəfdaşı” kimi bilinən ölkələrin nümayəndələrinə qarşı çox arxayın kəşfiyyat əməllərinə görə diqqətə düşməsi ilə başlayıb. Belə görünür ki, Fransanın Azərbaycandakı səfirliyi casus yuvası olaraq istifadə edilib və səfirlik əməkdaşları digər ölkələrin diplomatlarının “ələ alınması” prosesini həyata keçirməyə cəhd edirmiş. Geniş əlaqələrindən istifadə edən rezidentura region ölkələrində fəal hərəkət etməklə yeni məqsədlər formalaşdırmaq və təsir dairəsini genişləndirməklə məşğul olub.

Məlumata görə, mənbələrdən əldə edilmiş informasiyaya əsasən, araşdırma bir-biri ilə əlaqəli xüsusatlar şəbəkəsini aşkarlamağa imkan verən çox maraqlı aspektləri üzə çıxarır. Uzun illər Fransa casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri isə könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlığa təşəbbüs göstərib. Müəyyən müddət ərzində bir qismi indi və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb. Bununla yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarına Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyətinə dair dəlil və sənədlər təqdim edilib.

Azərbaycan xüsusi xidmət orqanları tərəfindən istintaq olunan cinayət işi üzrə Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini həyata keçirən bir sıra şəxs həbs olunub, bəziləri isə istintaq altındadır.

Beynəlxalq hüququn pozulması

Fransanın diplomatik fəaliyyəti kəşfiyyat məqsədilə istifadə etməsi Vyana Konvensiyasının pozulması deməkdir. Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasında səfirliklərin fəaliyyəti konkret olaraq təspit olunur. Diplomatların kəşfiyyatın işini icra etməsi beynəlxalq qanunla qadağandır, çünki diplomatik toxunulmazlıq imtiyazı onlara yalnız öz missiyasını yerinə yetirmək üçün verilir. Diplomatiyanı casusluq fəaliyyəti üçün istifadə edən Fransa isə başda Vyana Konvensiyası olmaqla beynəlxalq hüqu kobud sürətdə pozub. Göründüyü kimi, Fransa beynəlxalq təşkilatlarda təmsilçiliyindən ayrı-ayrı dövlətlərin daxili işinə qarışmaq və təxribat planları həyata keçirmək məqsədilə sui-istifadə edib.

Fransa kəşfiyyatının məğlubiyyəti

Azərbaycan xüsusi xidmət orqanları qarşısında aciz qalan Fransa kəşfiyyatı son illər tarixinin ən biabırçı dövrünü yaşayır. Fransa xüsusi xidmət orqanları nə AUKUS işini, Ukrayna müharibəsini, nə də Malidəki çevrilişi və digər hadisələri əvvəlcədən proqnozlaşdıra bilməyib. Bununla yanaşı, Afrika və Cənubi Qafqazda ciddi uğursuzluğa düçar olublar. Hətta Makronun özü Fransa xüsusi xidmət orqanlarının “heç nədən xəbərinin olmadığı” ittihamını irəli sürmüşdü. Məlumatlara görə, Cənubi Qafqaz və Afrikadakı uğursuzluqdan sonra Makron Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad edib. Daxili Təhlükəsizlik Baş İdarəsinə (DGSİ) rəhbərlik etmiş Nikolas Lerner isə Xarici Kəşfiyyat strukturuna yeni rəhbər təyin edilib.

Beynəlxalq mütəxəssislər hesab edir ki, Azərbaycan xüsusi xidmət orqanlarının Fransa şəbəkəsini de-şifrə etməsi yeni faktların da ortaya çıxması ilə nəticələnəcək və bu, Makron üçün heç də yaxşı gələcək vəd etmir.


Fransa casus şəbəkəsinin ifşası ümumilikdə bu ölkənin düşdüyü acınacaqlı vəziyyəti ön plana çıxarır. Bunun əsas səbəbi də Makron Administrasiyasının yalnış siyasət yürütməsidir. Azərbaycana qarşı siyasət də bu yanlışların, düşünülməmiş addımların ən bariz nümunəsidir.

Paylaş
Xəbər lentİ