60 nəfərə qarşı milyonluq dələduzluq edən şirkət rəhbərləri narazıdırlar

Oxunma sayı: 37
31-01-2024, 18:11

60 nəfərə qarşı milyonluq dələduzluq edən şirkət rəhbərləri narazıdırlar
60 nəfərə qarşı dələduzluqda təqsirləndirilən “Meqa-Siti Holdinq” MMC-nin direktoru Aqil Qədirov və şirkətin vəzifəli şəxsləri Elnur Məmmədov, Fariz Nuriyev, Maksim Zeynalov və Tamara Novruzovanın cinayət işi üzrə Ali Məhkəməyə kassasiya şikayəti verilib.

Arasdırma.info xəbər verir ki, İlkin Rəcəbov iş üzrə hakim təyin edilib. Məhkəmənin vaxtı bəlli deyil.

“Meqa-Siti Holdinq” MMC-nin direktoru Aqil Məmmədov və şirkətin digər vəzifəli şəxsləri 2019-cu ildə saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

İş materiallarına görə, onlar inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satmaqla, bir milyon manatlıq dələduzluq əməli törədiblər. Aqil Qədirov və Elnur Məmmədov barəsində həbs-qətimkan, digər üç nəfər barəsində isə polisin nəzarətinə vermə tədbiri seçilib.

Bu iş üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində aparılıb. Məhkəmənin hökmü ilə Aqil Qədirov 8 il, Elnur Məmmədov isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Digər şəxslərə təyin edilən cəza barədə məlumat yoxdur.
Təqsirləndirilən şəxslər hökmdən apellyasiya şikayəti versələr də, şikayət təmin olunmayıb. Aqil Qədirov Ali Məhkəməyə kassasiya şikayəti verib, lakin nəticəsi olmayıb.

“Meqa-Siti Holdinq” MMC-nin direktoru Ali Məhkəməyə şikayət etdiyinə görə, ehtimal olunur ki, budəfəki şikayəti onun şərikləri veriblər. Lakin bəzi məlumatlara görə, Ali Məhkəməyə zərərçəkmiş şəxslər müraciət ediblər.

Bunu dəqiqləşdirmək mümkün olmayıb.

İş üzrə İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti də zərərçəkmiş kimi tanınıb.

Paylaş
Xəbər lentİ