Bakıda dron radarlar, "forma 4", nömrə satan dələduzlar, şüuraltı təbliğ etdiyimiz neqativ

Oxunma sayı: 17
8-06-2024, 16:56

Bakıda dron radarlar, "forma 4", nömrə satan dələduzlar, şüuraltı təbliğ etdiyimiz neqativ
Azərbaycanda piyadavurmalar ümumi yol-nəqliyyat hadisələrinin bir-iki faizini təşkil edərsə, o zaman ölkəmiz avtoqəzaların sayının az olduğu ölkələr sırasında ilk yerlərdə olar. Belə olan halda biz deyə bilərikmi ki, bizdə sürücülərin bilik səviyyəsi aşağıdır? Piyadaların təhlükəsizliyi üçün onların maarifləndirilməsinə, yol hərəkəti ilə bağlı biliklərinin artırılmasına, eyni zamanda, yol infrastrukturunun piyadalar üçün daha təhlükəsiz qurulmasına ehtiyac var. Təəssüf ki, bu gün üçün qayda pozan piyadalar sırasında şagirdlər və tələbələrin də sayı kifayət qədər çoxdur. Düşünün, yüksək balla universitetə qəbul olan tələbə yol hərəkəti qaydalarını bilmir və müəyyən edilməyən yerdən keçdiyinə görə yol-nəqliyyat hadisəsinin qurbanı olur. Ömür boyu çəkilən əziyyət, qarşıda onları gözləyən karyera puç olur, bundan da önəmlisi - ailəsinə yaşatdığı sevinc ağır bir kədərə çevrilir. Həyatda istənilən mövzuda qaydaları bilmək, məsuliyyətli davranmaq önəmlidir".

Arasdırma.info xəbər verir ki,bunu Cahantv.az-a müsahibəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi polkovnik-leytenant Rövşən Tağıyev deyib. Onunla müsahibəni təqdim edirik:

- Rövşən bəy, sürücülərin son dövrlər ən çox şikayət etdikləri məqamlardan biri baş verən yol-nəqliyyat hadisələri zamanı qəzanın qiymətləndirilməsi məsələsidir. Belə ki, sığorta şirkətlərinin zərərçəkmişə ödəniş etməsi üçün gərəkli olan, "forma 4" deyilən elektron sənədin göndərilməsi bəzən aylarla yubanır. Bu sənədin gecikdirilməsi nə ilə bağlıdır?

- Bu tip sorğular bizə də ünvanlanır. "Forma 4" sənədi 10 gün müddətində elektron qaydada sığorta şirkətinə göndərilir. Eləcə də, sürücülərin hər birinə xüsusi kod verilir və o kod əsasında sığorta şirkətinə yaxınlaşaraq "forma 4" sənədinin gəlib-gəlmədiyini öyrənə bilirlər. Əgər müddət pozuntusu olarsa, həmin sürücülərin bizə müraciət etmələri tövsiyə olunur. Biz məsələni dərhal araşdıracağıq.

- Bəzi ekspertlər ölkəmizdə yol-nəqliyyat hadisələrinin qonşu ölkələrlə müqayisədə dəfələrlə çox olduğunu və bunun da səbəbinin sürücülərin yol hərəkətinə dair bilik səviyyələrinin aşağı olması ilə əlaqələndirirlər. Bu barədə nə deyə bilərsiniz?

- Təəssüf ki, belə şəxslər var və onların dedikləri hansısa təhlillər əsasında səsləndirilən fikirlər deyil, sadəcə, öz şəxsi düsüncələridir. Yol - elə bir sahədir ki, onunla bağlı hər insanın öz şəxsi fikirləri ola bilər, ancaq bunu ekspert fikri kimi səsləndirmək doğru olmaz. "Ekspert" sözü böyük bir mənanı ifadə edir, ekspert olmaq hansısa sahədə savada, uzunmüddətli təcrübəyə sahib olmağı tələb edir. Həm Azərbaycanda, həm də Avropanın bir çox ölkələrində yol-nəqliyyat hadisələrinin sayı ictimaiyyət üçün əlçatandır və aylıq, rüblük, yarımillik və illik olaraq açıqlanır. Hər kəs bu məlumatları rahatlıqla əldə edə, hər 100 000 insana və ya hər 100 000 nəqliyyat vasitəsinə düşən qəza sayını rahatlıqla hesablayıb qəza əmsalını çıxara bilər. Bizdə olan qəzaların sayı, səsləndirildiyi kimi, Avropa ölkələrində olan qəza sayından çox deyil, eləcə də ölkəmizdə yol hərəkəti təhlükəsizliyi səviyyəsi heç də həmin ölkələrdən aşağı deyil.

Ölkəmizdə yol-nəqliyyat hadisələrinin sayına ən böyük təsiri məhz piyadavurma təşkil edir. Yol hərəkəti təhlükəsizliyi baxımından qabaqcıl ölkələrdə piyadavurma halları ümumi yol-nəqliyyat hadisələrinin maksimum bir-iki faizini təşkil etsə də, bizdə bu, 50 faizdən yuxarıdır. Düşünün, yollarda dünyasını dəyişən hər iki nəfərdən biri piyadadır. Bu hadisələrin də başlıca səbəbi piyadalarımızın qanunvericiliklə onların üzərinə qoyulmuş hüquq və vəzifələri yetərincə bilməmələri və yolu haradan gəldi keçmələridir. Bu sahədə sürücülərdən daha çox, piyadaların maarifləndirilməsinə ehtiyac var.

Çünki bizdə də piyadavurmalar ümumi yol-nəqliyyat hadisələrinin bir-iki faizini təşkil edərsə, o zaman ölkəmiz avtoqəzaların sayının az olduğu ölkələr sırasında ilk yerlərdə olar. Belə olan halda biz deyə bilərikmi ki, bizdə sürücülərin bilik səviyyəsi aşağıdır? Piyadaların təhlükəsizliyi üçün onların maarifləndirilməsinə, yol hərəkəti ilə bağlı biliklərinin artırılmasına, eyni zamanda, yol infrastrukturunun piyadalar üçün daha təhlükəsiz qurulmasına ehtiyac var. Təəssüf ki, bu gün üçün qayda pozan piyadalar sırasında şagirdlər və tələbələrin də sayı kifayət qədər çoxdur. Düşünün, yüksək balla universitetə qəbul olan tələbə yol hərəkəti qaydalarını bilmir və müəyyən edilməyən yerdən keçdiyinə görə yol-nəqliyyat hadisəsinin qurbanı olur. Ömür boyu çəkilən əziyyət, qarşıda onları gözləyən karyera puç olur, bundan da önəmlisi - ailəsinə yaşatdığı sevinc ağır bir kədərə çevrilir. Həyatda istənilən mövzuda qaydaları bilmək, məsuliyyətli davranmaq önəmlidir.

- Bəzi saytlar var ki, avtomobillər üçün nömrələr satırlar. Daha da maraqlısı odur ki, bir nömrəni 10-15 min manata təklif edirlər. Bu qanunidirmi?

- Əlbəttə ki, xeyr. Bəzi saytlar var, hətta sosial şəbəkələrdə səhifələr də var ki, nömrə satışı adı ilə insanları aldatmağa çalışırlar. Bu kimi hallar barədə bizə çoxsaylı müraciətlər daxil olurdu. Kimlərsə bu səhifələrə aldanıb, nömrələri almaq üçün beh verirdilər. Sonda da məlum olurdu ki, bu nömrələr başqa şəxslərə məxsusdur və onların avtomobillərinin nömrələrinin satışa çıxarılmasından heç xəbərləri yoxdur.

Ümumiyyətlə, nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı ayrıca alqı-satqının və ya başqa əqdin (bağışlama, dəyişmə və s.) predmeti ola bilməz. "Yol hərəkəti haqqında" Qanunun 27 və 29-cu maddələrinə görə, avtomobil üzərində nömrə ilə satıla bilər. Amma "mən yalnız nömrəni satıram, avtomobili yox" kimi bir iddia qanunla qadağandır.

- Heç bu istiqamətdə şikayət əsasında qanunsuz olaraq başqalarına məxsus avtomobil nömrələrini satışa çıxaran şəxs və ya şəxslər aşkarlanıbmı?

- Bəli, bu istiqamətdə aparılan araşdırmalar nəticəsində bəzi şəxsləri müəyyən etdik və onlar barəsində qanunamüvafiq tədbirlər görüldü.

Tərəfimizdən aşkar edilən "avtomobil nömrə satışı" adı altında "Instagram" və "TikTok" sosial şəbəkələrində kifayət qədər izləyicisi olan səhifələrin sahibi izahatında insanların diqqətini çəkən avtomobil nömrələrini ağlına gələn qiymətlərlə səhifələrdə yerləşdirməkdə məqsədinin sosial şəbəkə səhifələrinin reytinqini və izləyici sayını artırmaq olduğunu, müəyyən izləyici sayı qazandıqdan sonra onların adını dəyişərək başqa şəxslərə satdığını etiraf etdi.

- Son vaxtlar yenə nəqliyyat vasitəsini nömrəsiz idarə edən sürücülərin sayı artıb. Sürücüləri buna vadar edən nədir?

- Əlbəttə, məqsəd - qayda pozsalar da, xüsusi texniki vasitələr tərəfindən aşkarlanıb cərimələnməməkdir. Bu cür sürücülərə qarşı ciddi mübarizə aparılır. Nəqliyyat vasitəsinin nömrəsini çıxardığınız zaman hər hansı yol-nəqliyyat hadisəsi törətdikdə nəqliyyat vasitəsinin kimə məxsus olduğunu müəyyənləşdirmək çətinləşir. Təbii ki, bu da zərərçəkənlərin haqlı narazılığına səbəb olur. Nömrə nişanları birmənalı olaraq avtomobilin üzərində olmalıdır. Buna əməl edilməməsi həm qanunlara, həm də hərəkət iştirakçılarına qarşı hörmətsizlikdir.

- Bahalı avtomobillərin səsgücləndirici sistemləri zavodda tərtib edilir. Bəzən sürücülər 100-300 min manatlıq avtomobillərini şəhərdə "rahat" sürə bilmədiklərindən tez-tez nəqliyyat vasitələrinin polis tərəfindən cərimə meydançasına aparıldığını iddia edirlər. Burada belə bir sual yaranır ki, əgər bu nəqliyyat vasitələrinin respublika ərazisində sürülməsi qadağandırsa, aidiyyəti üzrə ölkəyə gətirilməsinə niyə icazə verilir?

- Avtomobil zavod tərəfindən hansı konstruksiyada buraxılıbsa, onda hər hansı bir məhdudiyyət tətbiq olunmur. Yox, əgər siz sonradan səsgücləndirici qurğular quraşdırıb, səsboğucuya kənar müdaxilə edərək səsgücləndiricilər, partlama səsi çıxaran qazanlar qoşursunuzsa, bu, qanunla qadağandır. Çünki bu, digər sürücülərin narazılığına səbəb olmaqla yanaşı, onların diqqətini də yayındırır. Elə sürücü ola bilər ki, həmin səs onu qorxudar və o, ani manevrlə qəza törədə bilər. Düşünün, işıqforda dayandığınız yerdə yaxınlaşan nəqliyyat vasitəsi güclü partlayış səsləri çıxarır. Hərəkət iştirakçıları arasında uşaqlar, yaşlı şəxslər, hamilə qadınlar da var, bu isə onlara, təbii ki, mənfi təsir edir.

- Sosial şəbəkələrdə operativ nəqliyyat vasitələrinə xas olan sayrışan işıqları şəxsi avtomobillərinə quraşdıran sürücülərin videolarına da rast gəlinir. Həmin sürücülər digər hərəkət iştirakçılarını çaşdıraraq onlardan ehtiyac oldu-olmadı yol istəməklə qəza şəraiti yaradırlar. Bu kimi hallarla necə mübarizə aparırsınız?

- Belə avadanlığı alan və avtomobilinə quraşdıran şəxs düşünməlidir ki, bu ona problem yaradacaqsa, buna görə yüksək məbləğdə cərimə ödəyəcəksə, belə qurğunu niyə alsın və quraşdırsın? Biz, demək olar ki, bütün platformalarda bunu səsləndiririk ki, vəzifəsindən, statusundan asılı olmayaraq, yollarda hər kəs bərabər hüquqa malikdir və yol hərəkəti ilə bağlı qaydalara riayət etməyə borcludur.

- Avtoxuliqanlıq edən sürücülərlə bağlı reydlər davam edirmi? Təəssüf ki, belə sürücülər bəzən etdikləri əməlləri fəxr edilməli hal kimi sosial platformalarda paylaşırlar. Onlara qarşı mübarizə aparılırmı?

- Avtoxuliqanlıq edən şəxslərə qarşı çox ciddi mübarizə tədbirləri aparılır və aparılmalıdır da. Avtoxuliqanlıq - ictimai təhlükəli əməldir. Bu, insan həyatını təhlükəyə atmaq deməkdir. Bəzilərinin diqqət çəkmək və ya fərqlənmək istəkləri kimlərinsə həyatına son qoyur. Kimlərsə belə şəxslərə "cavandır" deyərək haqq qazandırmağa çalışırlar. Cavandır deyə avtomobili bu cür idarə etməli və insanların həyatına son qoymalıdır? Bu, yolverilməzdir!

Bu tərz videoların sosial şəbəkələrdə geniş yayılması isə ən təəssüfləndirici haldır. Biz çox zaman sosial şəbəkələrdə nümunəvi sürücülər, eləcə də respublika yollarında müşahidə edilən müsbət hallarla bağlı məlumat paylaşarkən onun geniş ictimaiyyətə çatması üçün heç kim dəstək olmur. Görürük ki, paylaşılma minimumdur. Çünki sosial şəbəkə istifadəçiləri tərəfindən belə müsbət hallar o qədər də maraqla qarşılanmır. Ancaq kimsə hansısa bir qayda pozuntusunu çəkib paylaşanda baxırıq ki, onun izlənməsi bir saat ərzində, bəlkə də, yüz min baxışı keçir. İstifadəçilər də dayanmadan bunu paylaşırlar. Əslində, istəmədən, şüuraltı səviyyədə neqativ halları, qayda pozuntularını təbliğ etmiş olurlar. Buradan belə nəticəyə gəlirik ki, sosial mediada pozitiv xəbərlər yox, neqativ xəbərlər daha çox yayılır, daha çox maraq cəlb edir. Düşünürəm ki, eyni təbliğatı müsbət hallar üzərində etsək, artıq müəyyən zaman sonra bu da insanların maraq dairəsinə düşər.

- Hazırda ölkə ərazisində "təmiz hava aylığı" keçirilir. Bu aylığın keçirilməsinə zərurət nə idi?

- "Təmiz hava aylığı" ildə bir neçə dəfə olmaqla hər il BDYPİ və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir. İl ərzində havaya atılan zərərli qazların ümumi həcminin 85%-i nəqliyyat vasitələrinin, 15%-i isə zavod və fabriklərin payına düşür. İkinci bir statistikanı da deyim. İl ərzində nəqliyyat vasitələri tərəfindən havaya atılan dəm qazının miqdarı 800 000 tondan artıqdır. Təəssüf ki, bu gün yollarda olan nəqliyyat vasitələrinin təxminən 80%-dən çoxu istehsal ili 15-20 ildən çox olan avtomobillərdir. Bu isə həm havanın çirklənməsinə, həm də yol-nəqliyyat hadisələri zamanı ölüm və xəsarət faktlarının artmasına bilavasitə səbəb olan hallardandır.

- Bəs nəqliyyat vasitələrinin utilizasiya proqramı ilə bağlı nə deyə bilərsiniz?

- Çox istərdik ki, ən qısa müddət ərzində insanların istəyi əsasında utilizasiya proqramı uğurla həyata keçirilsin.

Biz utilizasiya proqramını icra edən qurum olmasaq da, məsələyə təhlükəsizlik baxımından yanaşsaq, sürücülərimizin yeni, komfortlu, müasir təhlükəsizlik tələblərinə cavab verən avtomobillər əldə etməsi həm ekologiyaya, həm də avtoqəzaların sayına müsbət təsir göstərərdi. Çünki yol-nəqliyyat hadisələri zamanı ölüm faktına yol açan əsas səbəblərdən biri avtomobilin müasir təhlükəsizlik tələblərinə cavab verməməsi və istehsal ilinin kifayət qədər köhnə olmasıdır.

- Bir sıra Avropa ölkələrində yollarda qayda pozuntularının aşkarlanmasında dronlardan istifadə edilir. Son dövrlər yol infrastrukturunda bir sıra yeniliklər tətbiq edilir, məhz buna görə maraqlıdır ki, ölkəmizə dron radarların gətirilməsi gözlənilirmi?

- Bizdə də ötən illərə nisbətdə artıq bir çox qayda pozuntuları elektron formada, yəni insan amili olmadan xüsusi texniki vasitələrlə aşkar edilir. Doğrudur, gündən-günə yol hərəkəti təhlükəsizliyinə dair yeni, müasir texnologiyadan istifadə edilir. Dronlar da bunlardan biridir. Ölkəmizdə hələ ki inzibati xətaların aşkarlanmasında dronlardan istifadə olunmur. Lakin gələcəkdə buna zərurət yaranarsa, yəqin ki, bu məsələ müzakirə oluna bilər.

- İlin əvvəlindən indiyədək respublika yollarında baş verən qəzaların sayında azalma müşahidə edilirmi?

- Cari ilin dörd ayı ərzində respublika yollarında ümumilikdə 439 yol-nəqliyyat hadisəsi baş verib ki, onlardan 212-si ölümlə, 389-u xəsarətlə nəticələnib. Rəqəmləri keçən ilin müvafiq dövrü ilə müqayisə etsək, görülən tədbirlərin müsbət nəticə verdiyini və ölüm halının azalan dinamikasını görərik. Belə ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə bu il yol-nəqliyyat hadisələrinin sayı 73 fakt, ölüm halları 35 fakt, xəsarət halları isə 55 fakt azalıb.

Qəza törədən şəxslərlə bağlı aparılan araşdırmalar göstərir ki, yol-nəqliyyat hadisəsinə sürücülük hüququ olmayan 46 nəfər, birillik sürücülük hüququ olan 51 nəfər, 10 ildən yuxarı sürücülük hüququ olan 171 nəfər səbəb olub.

Təəssüf doğuran məqamlardan daha biri sürücü səhlənkarlığı səbəbindən baş verən yol-nəqliyyat hadisələrində ailə üzvlərinin həlak olmalarıdır. Bu tip 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, hadisə zamanı üç nəfər özünün, beş nəfər həyat yoldaşının, bir nəfər atasının, dörd nəfər oğlunun, bir nəfər isə qızının ölümünə səbəb olub.

Paylaş
Xəbər lentİ