Ekspert deyir ki, portal 2024-dən işə düşəcək, normativ qaydalara zidd olmayan, sənədləşməsində problem olmayan evlər mütləq sənədləşdiriləcək
Uzun illərdir Bakıda və rayonlarda 100 minlərlə çıxarışı olmayan evin sənədləşdirilməsi məsələsindən danışılır. Bununla bağlı 2 il öncə Prezident xüsusi sərəncam imzalayıb, komissiya yaradılıb. Lakin bu günədək məmurlar ciddi bir iş ortaya qoymayıblar. Niyə sənədsiz evləri sənədləşdirmək icra hakimiyyətlərinin, müvafiq qurumların marağında deyil? Məsələ niyə yubanır?
"Bakı və Abşeronda olduğu kimi, bölgələrdə də yaşayış evlərinin çıxarışı ilə bağlı ciddi problemlər var. Xüsusilə, əksər kənd evlərində çıxarış, demək olar, yoxdur. Bu evlər ya sənədsizdir, ya da yerli icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən verilən sənədlər əsasında tikilib".
Bunu əmlak eksperti Elnur Fərzəliyev "Xəzər Xəbər”ə bildirib. O deyib ki, kənd evlərinin bir çoxu hələ də çıxarışla təmin edilməyib: "Evlərin çıxarışının olmaması onların alqı-satqıda istifadə edilməsini məhdudlaşdırır. Bununla yanaşı, turizm potensialı olan ərazilərdə inkişafı xeyli zəiflədir. Bundan başqa, çıxarışsız kənd evlərinə maraq azalır”.
Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, əlində hüquqi sənədi olan vətəndaşların evlərinin çıxarışla təmin edilməsində heç bir problem yoxdur. Ümumiyyətlə, sənədi olmayan və mühafizə olunan zonalarda tikilən evlərə gəldikdə isə bu məsələyə köklü yanaşma nəzərdə tutulur. Problemin həlli üçün ayrıca normativ hüquqi sənədin qəbul edilməsi gözlənilir.
Ətraflı
Bəs yaradılmış komissiya nə zaman çıxarış məsələsini həll edəcək? Müvafiq məsələ ilə bağlı portal yaradılacağı bildirilmişdi. Bu portal nə zaman hazır olacaq?
Qeyd edək ki, 2023-cü ilin yanvar ayının axırında Əmlak Məsələləri üzrə Dövlət Xidməti ilə Ədliyyə Nazirliyi tərəfindən birgə layihənin hazırlanmasıyla bağlı ictimaiyyətə açıqlama verildi. Gələcəkdə bir portal üzərindən bütün ölkədə olan daşınmaz əmlakların qeydiyyata alınması, sənədləşməsi, eyni zamanda sənədsiz evlərin də ilkin qeydiyyatı və amnistiya olunması məsələsi aparılacaq. Lakin prosesin çox qəliz olduğuna görə bitmədiyi deyildi. Burada müvafiq qanunların və normativlərin də prosesə uyğun olmasının vacibliyi vurğulanırdı. Hazırda bu istiqamətdə iki qurum tərəfindən işlər görülür. 2024-cü il ərzində bu portalı ictimaiyyətə təqdim olunacağı bildirilirdi. Amnistiya qanunla icazə verilməmiş yerlərdə, yəni xüsusi mühafizə olunan və normativə uyğun olmayan ərazilərdə tikilən evlərə şamil edilməyəcək.
Onu də nəzərə çatdıraq ki, bir neçə il əvvəl Bakı Şəhər İcra Hakimiyyəti paytaxt və paytaxtətrafı ərazilərdə tikilmiş sənədləşdirilməsi mümkün hesab edilən qanunsuz evlərin sayının 700 mindən artıq olduğunu bildirmişdi. Onların çoxunun avtomobil, dəmiryol, su, qaz, işıq xətlərinin mühafizə zolaqlarında inşa olunduğu deyilirdi. Bundan əlavə, bir sıra evlər bələdiyyələr tərəfindən dövlət mülkiyyətindəki torpaq sahələrinin qanunsuz satdığı ərazilərdə inşa olunub. Başqa bir qrup evlər sovet dövründən Bakıətrafı kəndlərdə vətəndaşlara ayrılan, lakin müvafiq sənədləşmə aparılmayan ərazilərdə tikilib. Ümumilikdə, ekspertlərin qənaətinə görə, hazırda təkcə Bakı şəhəri və Abşeronda təxminən 600 minə yaxın, regionlarda isə 200 min mənzilin sənədləşdirilməsinə ehtiyac var. Bu hesablamalar əsasən kommunal xidmətlərdə qeydiyyatda olan abunəçi sayı əsasında müəyyənləşdirilir. Belə ki, məsələn, ölkədə elektrik enerjisi ilə təmin olunan əhali abonentlərinin sayının 3 milyona yaxın olduğu bildirilir. Bu, respublikada qanuni sənədlər əsasında tikilməsinə baxmayaraq, mülkiyyət sənədi verilməyən mənzilləri, habelə qanunsuz tikililəri əhatə edir. Qanuni qeydiyyatı olan evlərin sayını bu göstəricidən çıxmaqla, rəsmiləşməsi hələ də aparılmayan ev sayını müəyyən etmək olur.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc mövzu ilə bağlı "Yeni Müsavat”a fikirlərini bildirib: "Sənədsiz evlər yüz minlərlədir. Bizdə olan məlumata görə təqribən 600 mindən çox sənədsiz ev var, bu böyük bir rəqəmdir. Bu evlərin içərisində icazə olmadan tikilən, yaxud da müəyyən normativ qaydalara uyğun tikilməyən evlər var. Elə evlər də var ki, həm meşə zolağında, həm üzərindən yüksək gərginlikli elektrik xətti keçən ərazilərdə, eləcə də kommunikasiya xətlərinin keçdiyi yerlərdə tikilib. Onların sənədləşdirilməsi hüquqi baxımdan mümkün deyil. Amma hüquqi baxımdan mümkün olan, heç bir normativ qaydalara zidd olmayan, sənədləşməsində problem olmayan evlər mütləq sənədləşdiriləcək. Bu barədə 2016-cı ildə müvafiq sərəncam imzalanıb. O dövrdən 8 ilə yaxındır bu proseslə bağlı işlər görülür. Düzdür, müəyyən ləngimə var. Amma bu ləngimə prosesin böyüklüyü ilə, Azərbaycanda təqribən əhalinin orta hesabla 20-25 faizini, bəlkə də 30 faizini əhatə etdiyinə görə gecikir. Bu bütünlükdə ölkəni əhatə edən məsələdir. Bir-iki günə həll olunan məsələ deyil. Prosesin başlamasını gözləyən milyonlarla insan var. Burada söhbət vətəndaşların hüquq və haqlarının bərpasından, onlara məxsus olan evlərin sənədləşməsindən getmir. Burada başqa məsələ də var. Hər bir dövlətdə olan daşınmaz əmlak reyestrinin tam şəkildə bərpasından, təşkilindən gedir. Yəni dövlətin qeydiyyatında olan bütün obyektlər sənədləşməlidir. Bir baza olmalıdır, o bazaya uyğun olaraq ev kimə məxsusdur, sahəsi nə qədərdir və sairə. Bu prosesin aparılması əslində böyük bir layihədir. Hər bir qurulan yeni dövlətin qarşısında duran bir nömrəli məsələdir. İndiyə qədər niyə olmayıb. Bu gecikmələrin səbəbi Qarabağ problemi var idi, dövlətin diqqəti bu istiqamətə yönəlmişdi. 30 ildən artıq işğal altında olan torpaqlarımız azad olundu, ərazilərin yenidən qurulması prosesi gedir. Artıq Azərbaycan dövləti indiyə qədər həll olmamış problemləri həll etmək, eyni zamanda ölkə vətəndaşlarının rifah halının yüksəldilməsi istiqamətində addımlar atmaq barədə ciddi şəkildə düşünür. İndiyə qədər yubanan proyektlər artıq start alıb. Fikrimcə, yaxın müddətdə bu problem də həll olunacaq. Qeyd edilən kimi, portal yaradılıb, portalın son tamamlama işləri də yekunlaşıb. Yəqin ki 2024-cü ilin sonlarına qədər istifadəyə veriləcək. Bu proses yekunlaşandan sonra hər bir vətəndaşın öz kabineti olacaq. Həmin kabinetdə ona məxsus daşınmaz əmlak növləri qeyd olunacaq. Vətəndaş çox asan şəkildə hər hansı bürokratik maneə olmadan, digər müdaxilə tələb edilmədən öz əmlakı ilə bağlı qərarlar verəcək. Bu doğurdan da yenilikdir. ASAN xidmətin açılması ilə 2012-ci ildə Azərbaycanda necə böyük inqilab baş veribsə, indi 2024-cü ildə daşınmaz əmlak sektorunda da bu cür inqilab olacaq. Əvvəllər ASAN xidmət yaradılana qədər sənədləşmələrdə vətəndaşların bir çox problemlərinin həllində müəyyən bürokratik əngəllər var idi. Bir sənəd əldə etmək üçün bir neçə yerə müraciət etmək tələb olunurdu. Bunun üçün müvafiq müddəti gözləmək tələb olunurdu. ASAN xidmət burada rüşvət və korrupsiyanın qarşısını aldı. İndi ikinci proses məhz daşınmaz əmlak sektorunda tətbiq ediləcək. Artıq vətəndaşlar öz əmlakları ilə bağlı müvafiq qərarlar vermək imkanı əldə edəcək. Bu yalnız portal üzərindən aparılacaq, elektron hökumət sistemində böyük addımdır, islahatdır. Əvvəllər problem var idi, kimsə fərdi yaşayış evi tikirdi, onun mansardını texniki pasporta, çıxarışa salmaqdan imtina edirdilər. Artıq bu problem də aradan qaldırılacaq. Obyektlərin bütün ölçüləri reallığa əsasən portalda qeyd olunacaq”.
Ekspert portalın müstəsna üstünlüklərindən də söz açıb: "Təbii ki, bu üstünlüklər vətəndaşlara imkan verəcək ki, 21-ci əsrin qaydalarına uyğun şəkildə öz əmlakları ilə bağlı düzgün qərar versinlər. Mühafizə zonalarında, meşə təsərrüfatına yaxın yerlərdə, yüksək gərginlikli elektrik xətlərinin altında, kommunikasiya xətlərinin üzərində, normativ qaydalara uyğun olmayan evlər sənədləşmə hüququndan istifadə edə bilməyəcəklər. Bəs bu halda nə olacaq? Biz bununla bağlı hökumətə təkliflər vermişik, həmin vətəndaşlara kompensasiyalar ödənilsin ki, onlar öz yaşayış yerini tərk edib, alternativ yaşayış məkanını əldə edə bilsinlər. Düşünürəm ki, vətəndaşlar nəzərə alınacaq, o vətəndaşlar da bu hüquqlardan istifadə etməlidirlər”.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70