Məhərrəmlik mərasimləri ilə bağlı fikir ayrılığı

Oxunma sayı: 525
26-08-2020, 20:25

Məhərrəmlik mərasimləri ilə bağlı fikir ayrılığı
Din xadimləri çağırış edir; sosioloq: “Şəriətimizə görə, insan sağlamlığına təhlükə daşıyan hər şey haramdır…”
Ötən gündən Hicri-qəməri təqvimi ilə Məhərrəm ayı başlayıb. Miladi təqvimi ilə avqustun 21-i Məhərrəm ayının ilk günüdür. Kərbəlada İmam Hüseyn və əzadarlarının şəhid olduğu Məhərrəm ayı hər zaman İslam dünyasında matəm ayı kimi qeyd olunub və bununla bağlı bir çox kütləvi tədbirlər, dini ayinlər icra olunub.

Bu il isə vəziyyət bir qədər fərqlidir. 6 aydır ki, bütün dünyada pandemiya tüğyan etdiyindən Həcc mərasimi baş tutmadı, Ramazan və Qurban bayramlarının da kütləvi tədbirlər olmadan keçirildi. Hazırda məscidlərin açılması ilə bağlı dindarların arzu və istəkləri səslənsə də, rəsmi qurumlar bu durumun ölkədə pandemiya ilə bağlı vəziyyətə mənfi təsir edəcəyindən narahatdırlar. Qeyd edək ki, Məhərrəm ayının başlamasından 10 gün sonra, yəni avqustun 30-u isə Aşura günü olacaq. Sentyabrın 19-da başlayacaq Səfər ayı isə oktyabrın 19-da başa çatacaq.

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası və səlahiyyətli nümayəndələri bəyan edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən koronavirus pandemiyası ilə əlaqədar olaraq bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək. Kərbəla şəhidlərinin xatirəsinə ənənəvi olaraq qan vermə aksiyası da pandemiya səbəbindən məscidlərdə deyil, ölkəmizin Qan bankının paytaxtda və bölgələrdəki filiallarında təşkil olunacaq. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdirilib. Güman edilir ki, həmişə müqəddəs dəyərlərə hörmətlə yanaşan, nəcib keyfiyyətləri ilə seçilən və milli-mənəvi dəyərlərini hər zaman yüksək tutan xalqımız öz mütəşəkkilliyi və həmrəyliyi sayəsində hazırkı çətinliyi də geridə qoyacaq, dini tədbirlərini növbəti illərdə davam etdirəcək.
Məhərrəmlik mərasimləri ilə bağlı fikir ayrılığı
Əsas səbəb odur ki, Aşura ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkədə yeni növ koronavirusla mübarizədə əldə edilmiş uğurlara zərbə vura, vəziyyətin yenidən pisləşməsinə, karantin rejimininin daha da uzanmasına və ya yenidən sərtləşdirilməsinə səbəb ola bilər. Kütləviliyi ilə seçilən, sosial məsafənin saxlanması mümkün olmayan Aşura mərasiminin izdihamla keçirilməsi, yürüşlər təşkil olunması, məscidlərin, ziyarətgahların qarşısında toplaşmaq insanlarımız və cəmiyyətimiz üçün böyük təhlükədir.

Cəmiyyətdən, əsasən də dindar kəsimdən gələn tələblə hökumətin verdiyi açıqlamanın yaratdığı fərq gərginlik yarada bilərmi? Bu məsələdə ortaq yol nədir?

Səni xilas etdi sirli təbiət... - Əhməd Qəşəmoğlu | Edebiyyatqazeti.az

“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, koronavirus təhlükəsini nəzərə alaraq Məhərrəmlik mərasimləri fərqli şəkildə qeyd olunmalıdır: “Biz hər zaman Məhərrəmlik əyyamının mərasimlərini keçirməliyik, İslam üçün, şiələr üçün olduqca müqəddəs bir aydır. Mən də gözümü açandan hər zaman bu mərasimlərin keçirildiyini görmüşəm. Hətta kəndimizdə, Sovet hökumətinin ən güclü vaxtında Məhərrəmlik, Aşura günü qeyd olunub. Ancaq indiki vaxtda həqiqətən təhlükə yaradırsa, bu tədbirləri fərqli şəkildə etmək olar. İmam Hüseyn (ə) İslam aləmi üçün də, insanlıq tarixi üçün də çox böyük şəxsiyyətdir, bu hər kəsə aydındır. Onun xatirəsi hər zaman yad edilməlidir. Ancaq bu, o demək deyil ki, cəmiyyət üçün təhlükə yaratmalıyıq. Mənim qərar vermək səlahiyyətim yoxdur, ancaq din xadimləri bunu izah edə bilərlər. Dini məsələlərdə bir fəlsəfi yanaşmaya ehtiyac var. Belə ki, İslam dinində, şəriətdə o şeylərdən ki, xəstəlik keçir, onu murdar elan ediblər. O şeylərdən ki, təhlükə gəlir onu haram elan ediblər. Haramın fəlsəfəsi budur. Şəriətimizdə insan sağlamlığı üçün təhlükə daşıyan hər şey haramdır. Bu məntiqlə yanaşanda bu vaxt kütləvi tədbirlər keçirmək məqsədəuyğun deyil. Elə şəriətimizin fəlsəfəsindən də bu məna çıxır”.

Bir çox ölkələrdə açıq havada, sosial məsafə saxlanılmaqla, əzadarlara maska paylanılmaqla Məhərrəmlik mərasimləri keçiriləcək. Ə.Qəşəmoğlu vurğuladı ki, bu yaxşı çıxış yoludur: “Bizim əhali üçün ən vacib məsələ koronavirusun yayıldığı dövrdə davranış normalarını öyrətməkdir. Çünki yer üzündə yeni bir era başladı, bu isə virus dövrüdür. Koronavirus bitəndən sonra başqa bir virus gələcək. Biz bu işi görmürük, əhaliyə davranış qaydalarını öyrətmirik. Karantin bu məsələdə ziyanlıdır, insanların psixologiyasına da, maddi durumuna da təsir edir. İnsanlara davranış qaydaları öyrətmək baxımından din xadimlərinin də rolu effektiv ola bilər. Təklif etmək olar ki, İmam Hüseyn və Kərbəla şəhidləri üçün mərasimlər fərqli şəkildə keçirilsin. Qapalı məscidlərdə insanlar nəfəs-nəfəsə dayanmasınlar. Məsələn, həyəti çox geniş olan məscidlərdə, insanların bir-birinə yaxın dayanmasına yol vermədən, açıq havada və hər kəsin maska taxması şərti ilə mərasimlər keçirilə bilər. Sosial məsafə saxlamayanlara və maska taxmayanlara isə izah edilər ki, o insanların sağlamlığına xələl gətirməklə harama yol verir. Din xadimləri elan edə bilər ki, məsafə saxlamayan qayda pozur, haram iş görür və günaha batır. Ona görə də bu 10 günlük mərasimlər dediyim qaydada keçirilərsə, maarifləndirmə sahəsində də əhaliyə ciddi bir təlimat verilmiş olar. Yaxşı olar ki, əhalinin davranışlarının təmzimlənməsində din xadimləri, dini idarələr yaxından iştirak etsinlər”.

Bəzi ilahiyyatçılar isə Quranda qeyd olunan “özünüzü təhlükəyə atmayın” ayəsini əsas gətirərək, pandemiya dövründə möminlərdən məscidlərə getməkdən çəkinməyi, kütləvi toplaşaraq virusun yayılmasına yol verməməyi xahiş edir. Qeyd edirlər ki, ötən aylarda ətrafımızda nə qədər insan bu xəstəliyə yoluxub, dünyasını dəyişənlər olub. Buna görə də canımızı bu təhlükədən qoruyaq. Dini ibadət yerlərinin kütləvi tədbirlər üçün açılması ölkəmizdə epidemioloji vəziyyətə olduqca mənfi təsir göstərə bilər. Deməli, bu məsələdə xüsusi riskə getməmək və əldə olunan uğurların davamını təmin etmək lazımdır.

Paylaş
Xəbər lentİ