Yerlibazlıq nağılı və qəflət yuxusu

Oxunma sayı: 322
11-09-2020, 19:13

Yerlibazlıq nağılı və qəflət yuxusu
Bu yanaşma bizi hara aparır, bunu düşünən varmı?

Ölkəmizlə, onun gələcəyi ilə bağlı düşünərkən, məni narahat edən məsələlərdən biri də çoxumuzda olan yerlibazlıq sevgisidir. Bizim yerli mətbuat da, bilərəkdən və yaxud bilməyərəkdən, bu məsələni vaxtaşırı qabardır. Təbii ki, bunu insanlarımızın bu mövzuya həssaslığını nəzərə alaraq edirlər və fikrimcə, bu səpgili yazılar, əsasən geniş oxucu kütləsi qazanmağa hesablanır.

Amma səbəb tək budurmu? Xeyir! Bu mövzu millətin arasında ayrıseçkilik toxumu səpmək, inamsızlıq, güvənsizlik, bütöv ola bilməmək kimi hisslərin aşılanmasından başqa bir şey deyil. Sözügedən mövzunun vaxtaşırı olaraq qabardılmasında xarici kəşfiyyat orqanlarının da rolunun olduğu düşüncəsindəyəm. Bu təhdidlərin qarşısını almaq üçün dövlətimizin xüsusi bir ideoloji proqram hazırlamasına (əgər yoxdursa) zərurət olduğunu düşünürəm.

Həmçinin, boynumuza alaq ki, yerlibazlıq yazılarından və yaxud söz-söhbətlərindən “cuşa gələn” insanlarımızın bir çoxu, əksər hallarda digər bölgələrimizin insanlarına ikrah hissi ilə yanaşır və hətta, xoşagəlməz sözlər deməkdən belə, çəkinmirlər.

Bu yanaşma bizi hara aparır, bunu düşünən varmı? Heç bir əsası olmayan və bir bölgədən olan 3-4 nəfərlik qrupa “klan” deyərək car cəkənlər kimlərdir? Onların məqsədləri nədir? Təəssüüf ki, məqsədli insanlara (ki, məncə, məqsədəri yaxşı deyil) bilməyərəkdən qoşulanlar da az deyil.

Mənə elə gəlir ki, həyatımızda yerlibazlığı vətənpərvərliklə əvəz etməyin zamanı çoxdan gəlib. Vətənpərvərlik ruhunun yüksəldilməsi üçün son zamanlar bir sıra işlər görüldüyünü də danmaq olmaz. Sevindirici haldır ki, son Tovuz hadisələrində millətimizin hər bir fərdi tovuzlu oldu. Yeri gələndə də hamımız bir nəfər kimi qarabağlı, qazaxlı, bakılı, qərbi azərbaycanlı, naxçıvanlı, gəncəli, lənkəranlı, qubalı, şəkili və s. olmalıyıq. Bunu etməyi bacarmasaq, gələcək inkişafımızda hər zaman axsaqlığa yol verəcəyimiz qaçılmazdır.

Azərbaycanımızı hər hansı bir bölgəsiz, rayonsuz (Qarabağsız, Şirvansız, Naxçıvansız və s.) təsəvvur etmək belə, çətindir. Bilməliyik ki, hər bir bölgəmizin yetişdirdiyi böyük mütəfəkkirlərimiz var və onların yazıb yaratdıqları ilə hamımız qidalanırıq. Elə bir bölgəmiz yoxdur ki, ordan şəhidimiz olmasın. Vətənimiz bir, düşmənimiz isə çoxdur. Bir olaq ki, düşmənlərimizə layiqli cavab verə bilək. //ayna.az

Paylaş
Xəbər lentİ