“Azərsu”da köklü kadr islahatları, ciddi araşdırmalar aparılmalıdır

Oxunma sayı: 779
11-05-2021, 16:44

“Azərsu”da köklü kadr islahatları, ciddi araşdırmalar aparılmalıdır
Yasamal rayon sukanal idarəsinin rəisi Ramin Sadıqov Qorxmaz Hüseynovun taleyini yaşaya bilər

“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovun qohumu işçiləri istismar edir



Xəbər verdiyimiz kimi, 10 ildir “Azərsu” ASC-yə sədrlik edən Qorxmaz Hüseynov ölkə başçısının müvafiq sərəncamıyla vəzifəsindən azad edilib. “Azərsu” ASC-nin son illər ziyanla işlədiyi hər kəsə məlumdur. Hətta prezident İlham Əliyev də bunu öz çıxışlarında bildirib. İşdən azad edilən Qorxmaz Hüseynov vəzifədə olduğu illər ərzində suyumuzu durultmaq əvəzinə, daha da bulandırmaqla məşğul oldu. “Azərsu” ASC-yə hər il dövlət tərəfindən milyardlarla vəsait ayrılmağına baxmayaraq, təqdim edilən xidmətlərin keyfiyyətində təəssüf ki, ciddi bir dəyişiklik olmur. Əksinə olaraq, su təchizatı daha da bərbad, içməli suyun keyfiyyəti çox aşağı, kanalizasiya sistemi ondan da aşağı, ölkədə su qıtlığı isə kifayət qədər…

Qorxmaz Hüseynov bütün bunların müqabilində isə “Azərsu” ASC-ni dövlət büdcəsindən kreditlər alaraq borclara qərq edib desək, yanılmarıq. Əksinə, “Azərsu”nun borclarını bağalamaq üçün xalqın istifadə etməyə məcbur olduğu keyfiyyətsiz su-kanalizasiya təchizatının qiymətini artırıb. Göründüyü kimi, yaxın qohum-əqrəbalarını ətrafına yığan, onların bir neçəsini qanunsuz şəkildə milyonluq layihələrə cəlb edən keçmiş sədr əhalinin içməli su ilə təminatını tamamilə bərbad hala salıb.

Heç kimə sirr deyil ki, ən azı Bakı sakinləri həmişə suyun normal gəlməməsindən şikayətlənirlər, hətta loru dildə suyun davlenisi aşağı düşüb deyirlər. Sıravi insanlar başa düşmür ki, suyun davlenisini aşağı salan məhz “Azərsu”nun keçmiş rəhbəri Qorxmaz Hüseynov olub. Görünür ki, Qorxmaz Hüseynovun vəzifədən kənarlaşdırılması da “Azərsu” ASC-də yaşanan özbaşınalıqlar və külli miqdarda büdcə vəsaitinin mənimsənilməsinin göstəricisidir. Məlumata görə, Qorxmaz Hüseynovun Azərsu ASC-də “at oynatması” yuxarı dairələrdə də böyük narahatlıqla qarşılanıb.



“Azərsu” ASC-nin, xüsusilə onun rəhbərliyinin fəaliyyətindəki qeyri-şəffaflıq, korrupsiya elementləri barədə ölkə mətbuatı davamlı olaraq yazır. Keçmiş sədr Qorxmaz Hüseynovun yaxın qohumlarına qanunsuz şəkildə verilən tenderlərin siyahısı internet resurslarında gen-bol dərc edilib.

Sosial şəbəkələrdə Qorxmaz Hüseynovun yaxın qohumları və onların müxtəlif dövlət qurumlarında tutduqları vəzifələr, həmçinin açdıqları şirkətlərin siyahısı yayılıb. Həmin siyahını təqdim edirik:

– “Natural Aqro” MMC-nin rəhbəri Araz Hüseynli – Qorxmaz Hüseynovun oğlu

– “Sənaye Tikinti-M” MMC və “Baba Dağ” MMC təsisçisi Məhəmməd Cavanşir oğlu Hüseynov – qardaşı

– SOCAR-ın qazma işləri üzrə trest rəisinin müavini Faiq Cavanşir oğlu Hüseynov – qardaşı

– SOCAR-ın Geofizika və Geologiya İdarəsinin rəis müavini Əmiraslanov Nicat Mətləb oğlu – yaxın qohumu

– “Azərsu” Yasamal rayonu su kanal idarəsinin rəis müavini İsmayılov Şakir Əhməd oğlu – Qorxmaz Hüseynovun xalası oğlu

– Azərsu SC xarici layihələr şöbəsinin müdür müavini İsmayılov Şahlar İsmayıl oğlu – Qorxmaz Hüseynovun qohumu (“DISTANT TRAVEL” MMC)

– “Hidro-İnşaat Servis” MMC-nin rəhbəri olan Cəbrayılov Namiq Cidalı oğlu – qaynı

– Bakı Su Kanal idarəsinin Həmkarlar Təşkilatının sədri Cəbrayılov Natiq Cidalı oğlu – digər qaynı

– “Azərsu” Su-Tikinti idarəsinin rəis müavini Cəbrayılov Nurəli Cidalı oğlu – digər qaynı

– Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri Akif Məmmədov – qohumu

– Qorxmaz Hüseynovun bacısı oğlu Yusifəli isə boru və qum biznesini idarə edir

– Qaynı Cəbrayılov Namiq Cidalı oğlunun adına olan şirkətlər: “Xəzər Tur Travel” MMC, “Sevda” xüsusi kiçik müəssisəsi, “HİDRO TOP” MMC “OMİCRON” MMC “HİDRO MAKİNA” MMC “HİDRO İNŞAAT SERVİS” MMC “Komproqram proqramlaşdırma və texniki təchizat” müəssisəsi.



Düzdür, Qorxmaz Hüseynov suyumuzu bulandırıb getdi. Lakin görünür ki, “Azərsu” ASC-də Qorxmaz Hüseynova bağlı olan, ən əsası da “kreslosu”ndan bərk-bərk yapışan çox adam var. Məsələn, birini nümunə gətirə bilərik. “Azərsu” ASC-nin Yasamal rayon sukanal idarəsinin rəisi Ramin Əsədbala oğlu Sadıqov. Etibarlı mənbədən “Hürriyyət”ə verilən məlumata görə, Yasamal rayon sukanal idarəsində işçilərlə intriqa apan Ramin Sadıqov istirahət günündə belə, əməkdaşları işə çağırır. Gəlmədikdə isə həmin işçini işdən çıxarmaqla qorxudur. Bütün dünyada qəbul edilmiş qaydaya görə, işçi iş vaxtından əlavə çalışdıqda, ona hər iş saatına görə ikiqat ödəmə olur. Əmək qanunvericiliyini kobud şəkildə pozan Ramin Sadıqov istirahət günündə çağırılmaq qərarının rəhbərliyin göstərişi olduğunu deyir.



Yəqin ki, “Azərsu” rəhbərliyi və ən başlıcası Ramin Sadıqov ölkə başçısının işçilərin istismarıyla bağlı səsləndirdiyi çıxışını ya izləməyib, ya da izləyib qulaqardına vurub. Prezident bildirib ki, sahibkarlar fəaliyyətini qanunvericiliyə uyğun qurmalıdırlar, işçiləri istismar etməməlidirlər: “Çünki mənə verilən məlumata görə, bəzi hallarda işçiləri vaxtından çox işlədirlər. Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir. Amma daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir. Xüsusi müşavirə keçirilsin ki, bu məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkar cəzalandırılacaq. İşçilərə də müraciət edirəm”.

Ramin Sadıqova Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsini xatırlatmaq istəyirik. Əsasən, gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq müəyyən edilə bilməz. Əmək qanunvericiliyində bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. Altıgünlük iş həftəsində də həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.

İşçiyə yuxarıdan aşağı baxaraq aşağılamağı sevən “rəis” görünür ki, kimlərəsə güvənir. Bir qədər araşdırmamızdan sonra Ramin Sadıqovun “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovla qohumluq əlaqələrinin olduğu bəlli oldu. Belə ki, Etibar Məmmədov Ramin Sadıqovun həyat yoldaşının əmisidir.

Qeyd edək ki, Ramin Sadıqov “Azərsu” ASC-nin tabeliyində olan ən iri müəssisələrdən biri olan “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri vəzifəsində də çalışıb.

Görünən odur ki, Qorxmaz Hüseynovla yanaşı, onun tabeçiliyində olmuş məmurlar da qanunları görməzdən gəlir. Bu qədər özbaşınalıqlar, xəyanətlər burulğanında qıvrılan məmurları Qorxmaz Hüseynovun himayə etməsi, əslində, bir çox mətləblərdən xəbər verir. Odur ki, Qorxmaz Hüseynovun yolunu gedən Yasamal rayon sukanal idarəsinin rəisi tezliklə ASC rəhbərinin taleyini yaşaya bilər. Bütün bunlar onu deməyə əsas verir ki, ən qısa zamanda “Azərsu”da köklü kadr islahatları, o cümlədən ciddi araşdırmalar aparılmalıdır.

Paylaş
Xəbər lentİ