Bakının 43 hektarlıq yeni parkı.VİDEO

Oxunma sayı: 253
28-08-2021, 02:07

Bakının 43 hektarlıq yeni parkı.VİDEO
Bir zamanlar baxımsız olan bu ərazi qısa müddət ərzində paytaxt sakinlərinin istirahət edəcəyi məkana çevrilib. Artıq bu ərazinin əvvəlki görünüşündən əsər-əlamət qalmayıb. Paytaxtın Xətai rayonunda yerləşən bu məkan yenidən qurularaq Bakının meşə tipli füsunkar parklarından biri ilə əvəzlənib. Məhz ötən gün (avqustun 26-da) Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonu ərazisində yeni yaradılan “Gənclik” parkının açılışında iştirak ediblər.

"Report"un çəkiliş qrupu yeni yaradılan “Gənclik” parkında olub və ziyarətçilərlə söhbət aparıb.

Cəmi bir gündür açılan parka artıq çoxlu sayda insan gəlir. Buranı təkcə yaxınlıqda yaşayanlar deyil, eləcə də paytaxtın müxtəlif rayonlarından gələn sakinlər də ziyarət edirlər.

Parkda şəhər sakinləri və qonaqların istirahəti üçün müxtəlif infrastruktur yaradılıb. 43 hektar ərazini əhatə edən parkda 300 minədək ağac əkilib, yaşıllıqlar salınıb. Burada həm uşaqlar, həm də böyüklər üçün idman və əyləncə sahələri yaradılıb, attraksion quraşdırılıb. Həmçinin fiziki məhdudiyyətli şəxslər üçün idman və əyləncə sahəsi yaradılıb.

Parkda bağlı və açıq futbol meydançaları inşa olunub. Qaçış üçün cığırlar, eləcə də velosiped yolları buranın idmansevərlərin də ən çox üz tutduqları məkana çevriləcəyindən xəbər verir.

İstirahət məkanında ziyarətçilər üçün piknik məntəqələri də var. Park ərazisinin genişliyi nəzərə alınaraq istirahət edən şəxslərin rahatlığı üçün müvafiq məlumatlandırıcı və istiqamətləndirici lövhələr quraşdırılıb. Ərazinin ən görməli yerlərindən biri də parkda yaradılan göldür.

“Gənclik parkı”nın tərtibatı zamanı hər bir detal xüsusi zövqlə hazırlanıb. Burada təqdim olunan "Ürəklər" kompozisiyası paytaxtımıza, təbiətimizə, insanlarımıza olan sevgini tərənnüm edir.

Paylaş
Xəbər lentİ