“Tenderdən sonra 6 milyondan 900 minini Zakir Sultanova qaytardım”

Oxunma sayı: 270
28-08-2021, 06:42

“Tenderdən sonra 6 milyondan 900 minini Zakir Sultanova qaytardım”
Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Arasdırma.infonun məlumatına görə, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baxılıb.

Prosesdə "Piramida" şirkətinin rəhbəri olmuş şahid Şamxal Ağaşirinov dindirilib: "Zakir Sultanovla birlikdə işlər görmüşük. Tenderlərdə qalib olurduq. Hesabımıza köçürülən pulun bir hissəsini geri qaytarırdıq. Tenderdə qalib olandan sonra bizim şirkətin hesabına 6 milyon manat pul köçürdülər. Onun 900 min manatını geri qaytardım".

Zakir Sultanov şahidə cavab olaraq bildirib ki, həmin 900 min manata Dövlət Xidməti üçün lazım olan avadanlıqlar aldırıb. Z.Sultanov bildirib ki, Şamxal Ağaşirinovla şərik işləyiblər.

Digər şahidlər gəlmədiyi üçün proses 3 sentyabra təxirə salınıb.

Rəsmi ittihama görə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlu Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə suçlanır.

Zakir Sultanovun xidməti və yaşadığı ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

Zakir Sultanov tərəfindən zərər tam olaraq ödənilib. Zərər 5 milyon manatdan çoxdur, o, zərərin 4 milyon manatını nağd şəkildə ödəyib.//hurriyet

Paylaş
Xəbər lentİ