Nikah şəhadətnaməsi həm də avtomobil sürmək üçün etibarnamədir

Oxunma sayı: 221
6-09-2021, 00:22

Nikah şəhadətnaməsi həm də avtomobil sürmək üçün etibarnamədir
Ekspert: “Ailə Məcəlləsinin 32-ci maddəsinə görə, ər və arvadın nikah dövründə əldə etdikləri əmlak, onların hər ikisinin mülkiyyəti hesab olunur”.

Nikah şəhadətnaməsinin həm də etibarnamə olması xəbəri ictimaiyyətdə xeyli müzakirəyə səbəb olub. “Xəzər xəbər”in məlumatında bildirilib ki, etibarnamə olmadan həyat yoldaşının avtomobilini idarə etmək olar. Amma bunun üçün gərək cütlüyün nikah şəhadətnaməsi ola. Yəni yol polisinə sürücülük vəsiqəsi ilə yanaşı, nikah şəhadətnaməsini təqdim etmək kifayət edir.
Ancaq insanların əksəriyyəti belə bir qaydadan xəbərsizdirlər. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev də bildirib ki, qanunda belə bir qayda var: “Təkcə nikah şəhadətnamsənin göstərilməsi kifayət etmir. Ola bilər ki, avtomobil nikah bağlanmamışdan öncə alınıb və onun ümumi mülkiyyət hüququ yoxdur. Lakin notarial qaydada təsdiq edilərsə ki, daşınan əmlak ümumi mülkiyyət hüququna malikdir, o zaman həmin nəqliyyat vasitəsini idarə edə bilər”.

Qaydalara görə, qadın qaydaları pozduğu halda isə həmin inzibati protokol onun həyat yoldaşına yönləndirilir. Onların ər və arvad olması müəyyənləşdirildikdən sonra həmin şəxs inzibati məsuliyyətə cəlb olunacaq.

Ekspert Ərşad Hüseynov “Yeni Müsavat”a bildirib ki, bu qayda hələ Sovet dövründən belədir: “Ailə Məcəlləsinin 32-ci maddəsinə görə, ər və arvadın nikah dövründə əldə etdikləri əmlak, onların hər ikisinin mülkiyyəti hesab olunur. Eyni zamanda Mülki Məcəllədə də buna bənzər maddələr var. Yol Hərəkəti Haqqında Qanuna görə isə, şəxs öz mülkiyyətində olan avtomobili problemsiz olaraq idarə edə bilər. Bir şərtlə ki, onun sürücülük hüququ olmalıdır. Belə olan halda həmin avtomobilin qeydiyyat şəhadətnaməsində mülkiyyətçi kimi məsələn, qadının adı yazılırsa, onunla birlikdə nikahda olan kişi də həmin avtomobili etibarnaməsiz idarə hüququna malikdir. Yaxud da əksinə. Sadəcə olaraq yolda inspektor onlardan hansısa birini saxlayarsa və avtomobil həmin şəxsin adına deyilsə, sual çıxacaq ki, bəs sən kimsən? Onda gərək nikah şəhadətnaməsini üzərində saxlayıb, inspektora təqdim edəsən. Çünki Dövlət Yol Polisinin hansısa informasiya sistemində kim, kimin həyat yoldaşıdır deyə, məlumat yoxdur. Cəriməni də avtomobilin sükan arxasında kimdərsə ona yazılır. Elektron protokola gəldikdə isə polisin informasiya sistemində kimin adı varsa, onun adına yazılır. Sonradan məlum olsa ki, bunu başqa adam sürüb, o zaman protokol ləğv edilir və sürən şəxsin adına yeni protokol yazılır”.

Paylaş
Xəbər lentİ