Bir ailənin üç üzvü ADPU-nun eyni fakültəsinə qəbul olub

Oxunma sayı: 209
6-09-2021, 22:33

Bir ailənin üç üzvü ADPU-nun eyni fakültəsinə qəbul olub
COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, İsmayıllı rayonu ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr göstərib.

"Report" xəbər verir ki, 2020-2021-ci tədris ilində İsmayıllı rayonunun orta ümumtəhsil məktəblərindən ali məktəblərə qəbul olmaq üçün 700 məzun sənəd verib və onlardan 21-i 600-dən çox bal toplayıb.

Rayon üzrə ən yüksək nəticəni Mollaisaqlı kənd tam orta məktəbinin məzunu Mürsəlova İlknur Nofəl qızı (671 bal) göstərib.

Şəhid Sahib Həsənov adına Qubaxəlilli kənd tam orta məktəbin məzunu olan Həsənovlar ailəsinin üç üzvü - iki əkiz qız və onların böyük qardaşı da tələbə adını qazanıb. Ailənin böyük övladı Səməndərağa 307, Lalə 401 və Şəlalə 471 bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetin Kimya və Biologiya Fakültəsinə qəbul olublar.

İmtahanda yaxşı nəticə göstərən Şəlalə Həsənova bildirib ki, repetitor yanına və hazırlıq kurslarına getmədən istədiyi nəticəni əldə edib: “Demək ki, oxumaqla, çalışmaqla istənilən nəticəni əldə etmək mümkündür. Sadəcə bunun üçün səy göstərmək, 11 ilin son iki ilini yox, bütün illərdə çalışmaq, oxumaq lazımdır”.

Onların atası Firdovsi Həsənov deyib ki, övladları hər zaman dərslərinə böyük həvəs və məsuliyyətlə yanaşıblar: “Hər üç övladımdan elə bu nəticəni gözləyirdim. Ümumiyyətlə, belə yüksək nəticələrin əldə olunması rayonda təhsil sahəsində əldə edilən uğurların göstəricisidir”.

Qeyd edək ki, bu il keçirilən qəbul imtahanlarında heç bir abituriyent maksimum 700 bal toplamayıb.

Paylaş
Xəbər lentİ