Bakı Zooparkından həyəcanlı xəbərlər: “İşçilər qovulur, heyvanlar ac saxlanılır”

Oxunma sayı: 215
14-09-2021, 07:22

Bakı Zooparkından həyəcanlı xəbərlər: “İşçilər qovulur, heyvanlar ac saxlanılır”
Bakı Zooloji Parkında çalışan peşəkar mütəxəssislərin işdən çıxarıldığı iddia edilir.

Bu barədə sosial şəbəkədə paylaşım edilib. Paylaşımda qeyd edilib ki, işçilərin azad edilməsi ilə bağlı qərarı Bakı Zoologiya Parkına yeni təyin edilən icraçı direktor Nəzakət İsayeva verib. Azad edilən işçilərin yerinə isə heyvanların baxımı ilə bağlı məlumatsız olan yaxın qohumlarını işə götürür.

İddialar arasında Bakı Zooloji Parkında saxlanılan heyvanlarının vəziyyətinin yaxşı olmadığı da yer alır. Bildirilib ki, iki ay yarımdır ki, zoopark heyvanlar üçün cəhənnəmə çevrilib:

“Xəstə və sağlam heyvanlar eyni yerdə saxlanılır. Zooparkda baytar yoxdur, heyvanların sağlamlığına nəzarət edən yoxdur. Yeməkləri isə az-az və gündə bir dəfə verilir. Heç su da verilmir. Heyvanların qaldığı yerlər çox pinti şəraitdə saxlanılır, vaxtlı-vaxtında təmizlənmir. Videolara baxın, görün çörəyi necə yeyirlər, hansı şəraitdə sağ qalmağa çalışırlar.

Belə davam edərsə, heyvanlar öləcək. Ayının pəncələrində problem olduğundan yeriyə bilmir, pələngin gözləri görmür və s. Onları xilas etməsələr, məhv olacaqlar”.

İlkin məlumatlara görə, təmir-bərpa işlərindən sonra artıq 2 aydır ki, heyvanlar Qaradağdan “Gənclik” metrostansiyası yaxınlığında yerləşən zooparka geri köçürülüb.

Lakin işçilər iddia edir ki, N. İsayeva əsassız olaraq, 6 nəfəri işdən azad edib. İşdən azad edilən əməkdaşlardan biri Lada Məmmədova bildirib ki, heyvanlar acından ölürlər:

“Biz oradakı quşların və ayıların vəziyyətindən narahatıq. Heyvanlar günlərlə ac saxlanılır. Elə quşlar var ki, yalnız buğda yeyirlər, ancaq onlara arpa verirlər, yemədikləri digər “qidalar” verilir. Heyvanlara tərəvəzlər verilməlidir, lakin alınmır. Azər Hüseynovun rəhbərliyi altında heyvanların xüsusi qida rasionu var idi, saxlanma yerləri təmiz olurdu. Hazırda bildiyimiz qədər, o, məzuniyyətdədir. O, bu prosesləri çox yaxşı idarə edirdi. İki aya yaxındır direktor vəzifəsinə Nəzakət İsayeva gətirilib. Mən və digər 5-6 əməkdaşı da işdən azad edib. Onlar arasında quşlara, meymunlara, ayılara baxan çox peşəkar əməkdaşlarımız var idi. Şəxsən mən 6 ildir orada çalışırdım və sahəmi çox gözəl bilirdim. Mənim yerimə isə xadiməni təyin ediblər”.İşdən azad edilən əməkdaşlar bununla bağlı sosial şəbəkədə də paylaşım ediblər. Onlar qeyd ediblər ki, heyvanlara normal qida vermədikləri üçün əməkdaşlar özləri qida alırdılar:

“Kimin gücü nəyə çatırdısa, kələm, kök, çörək, alma, qarpız, müxtəlif meyvələr alıb gətirirdi. Daha sonra buna da qadağa qoydular. Bütün işçilər öz heyvanlarını sevirdi və onlara ürəkdən qulluq edirdilər. Zoopark özü heyvanlar üçün zəruri olan qida rasionunu qaydasında vermirdi. Təsəvvür edin ki, o boyda ayıya vedrənin yarısında makaron və balıq verirdilər. Heyvan bununla doymur. Yemək üstündə nə qədər dava edirdik, bir Allah bilir. İndi də kim onlarla mübahisə edirsə, işdən çıxarılır”.

Bütün bu iddialarla bağlı Bakı Zooloji Parkında direktor vəzifəsini icra etdiyi deyilən Nəzakət İsayeva ilə əlaqə saxlayıb, haqqında səsləndirilən iddialara münasibət öyrənməyə çalışdıq.

N.İsayeva Cahantv.az-ın müxbirinin suallarına cavab olaraq bildirib ki, orada vəziyyət çox yaxşıdır:

“Kim nə yazıb, bilmirəm, məlumatsızam. Hər şey qaydasındadır. Kiminsə yazdıqları barədə sizə nəsə demək səlahiyyətim yoxdur”.

Təəssüf ki, suallarımıza cavab verməkdən imtina edən N.İsayeva dəstəyi asıb.

Bakı Zooloji Parkında isə əslində nə baş verdiyi, işçilərin azad olunmasının səbəbləri və heyvanların aqibəti sual altındadır…

Paylaş
Xəbər lentİ