Kəramətlə nə baş verir? Niyə narkodispanser?

Oxunma sayı: 206
9-10-2021, 08:53

Kəramətlə nə baş verir? Niyə narkodispanser?
Ötən gün Kəramət Böyükçölün Narkoloji Dispanserə yerləşdirilməsi xəbəri sosial şəbəkələrdə təəccüb və narahatlıqla qarşılandı. Hər şeydən öncə bir fikir ağıla gəldi: narkotik istifadə edir?

Çünki bir müddət öncə Nəsimi Nəbizadə haqda xəbər də beləcə qəfil yayılmış və eşidənləri şoka salmışdı. Hələ adını çəkməyə ehtiyac görmədiyimiz – elə DİN-in də açıqlamasında çılpaq şəkildə vurğulamadığı (sağ olsunlar) – başqa tanınmış imzalar haqda da neqativ xəbərləri, yaxud da çox əxlaqlı bir gənc yazarın bir müddət öncə canlı yayımda qollarını doğrayaraq intihara cəhd etməsini yada salmıram.

Düzdür, Kəramətin atası, tanınmış şair Qəşəm Nəcəfzadə hər şeyə aydınlıq gətirdi və onun içki aludəçiliyindən müalicə olunması məqsədi ilə Narkoloji Dispanserə yerləşdirildiyini bildirdi. Bu, doğrusu, kifayət qədər ciddi təsəllidir. “Heç olmasa narkotik deyil”...

Ancaq hər bir halda üzərində düşünüləsi məsələdir: çox erkən yaşda parlayan və qısa müddətdə tanınan istedadlı gənclərin taleyi... Onlar nə istəyir və cəmiyyət onların istədiyi nəyi vermir?

Kəraməti “ümumiləşmiş obraz” kimi götürək, çünki bu gənclərin böyük əksəriyyəti üçün eyni hal xarakterikdir – kimisi üçün bir qədər az, kimisi üçün bir az çox...

“Kəramətlər”ə yaradıcı mühitdə hər qapı açıqdır: hara gedibsə, işə alınıb, hansı qapını döyübsə, “yox” deyilməyib, onun nümunəvi olmayan iş davamiyyətinə də, ərköyünlüyünə də, günlərlə “yoxa” çıxmasına da dözülüb. Çünki “məhsulları” hər zaman dəyərləndirilib, istedadla yazıblar, komplekssiz olublar, fikirlərini və özlərini rahat ifadə ediblər və bu da onlara hörmət və imtiyazlar qazandırıb.

Hüquq-mühafizə orqanlarının da onlara güzəşti hər zaman olub: “şairdi də...” deyib, bir çox hallarda “ictimai qayda pozuntusuna” görə rəisin otağına aparılan bu istedadlı gənclər “iki şeirlə” nəinki yaxasını qurtarıb, hələ rəisdən mükafat da alıb.

Bu gənclər üçün jurnalistika məşəqqətdir – çünki xüsusilə onlayn media çox sərt nizam-intizam tələb edir; bu şəxslər üçün nəşriyyat işi sadəcə əzabdır... Sərbəst həyata can atırlar, sonsuz sərbəstliyə. Niyə?

Daxili azadlıqlarından irəli gələn məsələdir. Ancaq məsələ də burasındadır ki, istedadlarının onlara tanıdığı daxili azadlıqların realizə olunduğu yeri müəyyənləşdirə bilmirlər.

Onlar illərlə müxbirlik edib, çörəkpulu qazanmaq üçün çalışan, çiynində reportyor qitələri qarış-qarış gəzən, aylarla evkirəsi verə bilməsə də, borc-xərc içində işləyən Markes, od-alovun içində çalışan, qəlpə yaraları ilə gecə səhərə qədər bağırıb, əzablar içində qovrula-qovrula şedevrlər yaradan Hemenquey olmaq istəmirlər;

Onlar “Hərb və sülh”ün üzünü 12, “Anna Karenina”nın üzünü 8 dəfə köçürən (kompüter yox idi ki, rahat redaktə etsin) və gecə-gündüz “iynə ilə gor qazan” Lev Tolstoy, bəzən 8 saat yerindən tərpənmədən cəmi bir səhifə yazan, amma hər cümləsində dilə möhtəşəm cümlə strukturu gətirənlərlə özlərini müqayisə edə bilmirlər;

Onlar azadlıqlarını yalnız yazı masasında – “öz dünyalarında” məhdudlaşdırmağı bacarmırlar, istedadlarını realizə etmək yolunun əziyyətinə qatlaşmağa gücləri (daha doğrusu, sözün yaxşı və hərfi mənasında – “oturmaq üçün nəzərdə tutulan orqanları”) çatmır. O fikir və yük, o missiya ki onlara verilib, onu daşımaqdan yayınırlar. Ancaq özlərindən qaça bilmirlər və nəticədə arağa və ya digər zəhrimarlara qaçırlar;

Onlar ən yaxşı halda Dostoyevski, ən pis halda Lermontov “yolu” seçirlər. O isə sadəcə yol deyil; sadəcə, onların bəxti gətirmişdi – biri çox tez öldüyündən, digəri daha çox yaşamağa fürsət tapdığından və qumarda uduzduqlarını ödəmək üçün yazmaqdan başqa heç bir qazanc yeri olmadığından...

Sənin aldığın kosmik informasiyadan qaçmağın mümkün deyil – onu dalını stula qoyub, zəhmətlə, zülmlə, minbir əziyyətlə sözlərə çevirməlisən.

Dövlətin “yazmaq üçün fürsət yaratması” cəfəngiyyatdır: şərait yaradılacaq, haqq etmədiyin “dolanışıq aylığı” veriləcək ki, işləyəsən, sən haqq etmədiyin aylığı arağa verəcəksən...

Heç kəsdən – xüsusilə kənardan imtiyaz gözləməyə dəyməz: “özün öz yolunsan”, özün özünü tapacaqsan və oturmağı bacaracaqsan...

Əlbəttə ki, “bir günah sənindir, bir günah da mənim”. Cəmiyyət də “şairdir də...” psixoloji yanaşmasından qurtulmalıdır, sovet yanaşması bitməlidir.

İndi savaşdıqları “qocalar”la gedin söhbət edin. Elçin baş bazirin müavini olanda hər gün 4-də qalxıb, 7-yə qədər yazırdı ki, gün ərzində vaxt olmayacaq; Anar ildə bir neçə ay bağ evində “yoxa çıxırdı” – bütün günü – gecə və gündüz işləyirdi... Bu siyahıya bilirsinizmi nə qədər tanıdığınız, iş prosesini bilmədiyiniz şəxsləri əlavə edə bilərəm?

Özünüz özünüzü qoruyun; özünüzü Tanrının sizə məsləhət gördüyündən daha pis aparmayın; missiyanızı yerinə yetirin...

Yoxsa yeriniz mütləq ən yaxşı halda dispanserlər, ən pis halda narkoticarətə görə türmələr olacaq və bu, sizə cəmiyyətin cəzası deyil, Allahın cəzasıdır.

Bu cəzanı ya yazı masası arxasında çəkəcəksiniz, kənardan çox yekə, titullu-imkanlı görünüb, içinizdə yekə bir ağrı gəzdirəcəksiniz, ya da eyş-işrət masasında ağrının başına sığal çəkə-çəkə türmədə, dispanserdə oyanacaqsınız...

Başqa seçim yoxdur.
//Axar.az

Paylaş
Xəbər lentİ