BMT Məhkəməsinin Azərbaycan və Ermənistanın şikayətləri barədə qərarı: Bundan sonra nə olacaq?

Oxunma sayı: 210
3-01-2022, 08:05

BMT Məhkəməsinin Azərbaycan və Ermənistanın şikayətləri barədə qərarı: Bundan sonra nə olacaq?
BMT-nin ali ədliyyə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi (İCJ) Azərbaycan və Ermənistandan irqi zəmində nifrətin qızışdırılmasına son qoymağı tələb edib.

Məhkəmənin sədri Joan E. Donoghue bildirib ki, hər iki tərəf ziddiyyətləri dərinləşdirə və ya mürrəkkəbləşdirə, mübahisənin həllini çətinləşdirə biləcək hərəkətlərdən çəkinməlidir.

Məhkəmə Ermənistanın Azərbaycanda saxlanılan və Ermənistanın məhkəməyə şikayətində hərbi əsirlər kimi təsvir olunan şəxslərin azadlığa buraxılması barədə tələbini rədd edib. Ancaq məhkəmə Azərbaycanın qarşısına bu şəxslərlə "insani davranış" tələbi qoyub.

Qərarda deyilir ki, "2020-ci il münaqişəsi zamanı əsir götürülən və həbsdə qalan bütün şəxslərin zorakılıqdan müdafiəsi, onların təhlükəsizliyi və qanun qarşısında bərabərliyi təmin edilməlidir".

Bundan başqa, məhkəmə Ermənistanın erməni mədəni irsinin Azərbaycan tərəfindən dağıdılmasına dair şikayətini də təmin edib. "Erməni mədəni irsinə qarşı vandalizm aktlarının qarşısını almaq üçün bütün lazımi tədbirləri görülməlidir", məhkəmənin qərarında deyilir.

Məhkəmə Azərbaycanın vəsatətini təmin edərək, Ermənistandan öz sərhədləri daxilində fərdlər və təşkilatlar tərəfindən irqi ayrı-seçkiliyi qadağan etməyi tələb edib.

Məhkəmə eyni zamanda Azərbaycandan irqi ayrı-seçkiliyin qarşısını almaq üçün tədbirlər görməsini tələb edib.

Məhkəmənin qərarında Azərbaycandan irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya üzrə öhdəliklərinə uyğun olaraq"o cümlədən rəsmi şəxslər və dövlət qurumları tərəfindən də ermənilərə qarşı irqi nifrət və ayrı-seçkiliyin qızışdırılması və təhrikinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görmək" tələb olunub.

Azərbaycan qərarı belə şərh edib
Azərbaycan hökuməti məhkəmənin qərarına dərhal reaksiya verib. "Azərbaycan, Məhkəmənin irqi ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı qeyd etdiyi tədbirlərə əməl edəcək. Azərbaycan Beynəlxalq Konvensiyalarla üzərinə götürdüyü öhdəliklərə sadiqdir", Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatında bildirib.

"Azərbaycan beynəlxalq hüquq çərçivəsində bütün vətəndaşlarının hüquqlarını qorumağa və Ermənistanın beynəlxalq hüquq pozuntularına görə cavabdehlik daşımasını tələb etməyə davam edəcək", XİN əlavə edib.

Ermənistan qərardan "razı qalıb"
"Ermənistan sözügedən qərarları alqışlayır və onların Azərbaycan və bu ölkənin yüksək vəzifəli şəxsləri tərəfindən praktik reallaşdırılmasını gözləyir".

Bunu Ermənistanın Avropa İnsan Haqları Məhkəməsindəki nümayəndəsi Yeğişe Kirakosyan öz Twitter hesabında yazıb.

Kirakosyan həmçinin deyib ki, BMT Beynəlxalq Məhkəməsi Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü "az qala bütün müvəqqəti tələbləri" təmin edib və Azərbaycanın Ermənistana qarşı tələblərinin "böyük hissəsini qəbul etməyib".

Bu ilin oktyabr ayında Azərbaycan və Ermənistan irqi zəmində qarşı tərəfi nifrət yaymaqda, etnik təmizləmə siyasətini həyata keçirməkdə qarşılıqlı sürətdə ittaham edən iddialarla BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət ediblər.

Ermənistanın iddiası ilə bağlı dinləmələr BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində oktyabrın 14-15-də, Azərbaycanın iddiası ilə bağlı dinləmələr isə bir həftə sonra, oktyabrın 18-19 keçirilib.//BBC

Paylaş
Xəbər lentİ