Bu gün 2 il yarımdan sonra Brüsseldə NATO-Rusiya Təhlükəsizlik Şurasının ilk iclası keçirilib.
Rusiyanın bu görüş öncəsi səsləndirdiyi əsas tələb Alyansın 1997-ci il sərhədlərinə geri çəkilməsidir. NATO isə əksinə, Şərqə doğru genişlənmə istəyini gizlətmir. Təkcə bəzi postsovet ölkələri deyil, İsveç və Finlandiyanı da sıralarında görmək istəyir.
Rusiya və NATO-nun Cənubi Qafqazla bağlı mövqeyi necədir?
NATO bu bölgəni yenə də Rusiyanın “arxa bağçası” kimi qəbul edir?
Arasdırma.info xəbər verir ki,Yenisabah.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi İlyas Hüseynov bildirib ki, 2021-ci ildə ABŞ və Rusiya arasında bir sıra intensiv görüşlər keçirilib.
Türkiyə-NATO-Azərbaycan
“Eyni zamanda, Aİ-nin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində ilə NATO Rusiyanın sərhədlərinə qədər yaxınlaşıb və ətraf ölkələri NATO-nun tərkibinə qatmaq istiqamətində fəaliyyət göstərir. Rusiya 1997-ci ildən bu yana NATO-nun genişlənməyəcəyi haqqında qarantiyalar alsa da, ötən dövr ərzində bir sıra Şərqi Avropa, Baltikyanı dövlətlər, eləcə də, Balkan yarımadasında yerləşən dövlətlər NATO-nun tərkibinə qatılıb və sonuncu ölkə Şimali Makedoniyadır.
Bu xüsusda bizim regionda Rusiya-NATO qarşıdurmasının perspektivləri də böyük maraq doğurur. Nəzərə alınmalıdır ki, NATO dövləti olan Türkiyə ilə Azərbaycan arasında “Şuşa Bəyannaməsi” imzalanıb. Bu münasibətləri keyfiyyətcə yeni müstəviyə qaldırır, həm də Türkiyə NATO-nun tərkibində etibarlı tərəfdaş kimi, Yaxın Şərq və Şimali Afrika regionunda təhlükəsizlik axitekturasında mühüm rola malikdir”.
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan və Türkiyənin bu qədər yaxınlaşması Rusiyanı narahat edir.
“NATO portfeli” və Rusiyanın tərəddüdləri
“Rusiyanın əsas məqsədi NATO-ya üzv olan dövlətlərlə postsovet məkanında olan dövlətlərin əməkdaşlığını istisna edir. Həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya regionu Rusiyanın məsuliyyət zonası elan olunub və postsovet məkanındakı dövlətlərin “NATO portfeli”nə daxil olan dövlətlərlə əməkdaşlığı Rusiya tərəfindən qıcıqla qarşılanır. Buna görə də, NATO və Rusiya arasında hazırkı gərginlik Cənubi Qafqaz regionunu yaxından narahat edir.
Türkiyə Azərbaycanla həmsərhəddir. Eyni zamanda, Rusiya Azərbaycanla çox yaxşı münasibətləri olan ölkədir”.
Hansı qütbü seçməli?
“Bu xüsusda Azərbaycan 2 regional qütb arasında seçim etməsi ilə bağlı bir sıra fikirlər söylənsə də, Azərbaycanın hərbi-siyasi doktrinası hazırda daha çox Qoşulmama Hərəkatının üzv dövləti kimi xarici siyasətini qurmağa sövq edir. Bu hərəkatın üzvü kimi Azərbaycan heç bir hərbi-siyasi bloka qoşulmamaqla regional və qlobal miqyasda öz xarici siyasətini və diplomatiyasını davam etdirir.
Ötən ilin sonlarında ABŞ-ın demokratiya sammiti adı altında dövlətləri yenidən qütbləşməyə cəlb etməsi, hazırda Rusiyanın əks-addımlar atması ilə nəticələnir və 2022-ci ildə də bu prosesin davamlılığını müşahidə edirik”.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70