ASALA (Ermənistanın azadlığı naminə gizli erməni ordusu) terror təşkilatı bəyanatlar çıxış etdi. 44 günlük müharibənin nəticələrinin qəbul edilmədiyi və Ermənistan hakimiyyətinin “erməni maraqlarını” qiruya bilmədiyi qeyd olunan terror təşkilatının bəyanatından iki nəticə çıxır:
Birincisi, ASALA uzunmüddətli fasilədən sonra fəaliyyətini bərpa etdiyini rəsmi şəkildə elan edir;
Bəyanatda bildirilir ki, “təşkilat yaradılmasının 47-ci ildönümü münasibətilə ali məqsədinə - “Qərbi Ermənistan”ın azad edilməsi və “böyük Ermənistan”ın qurulması – sadiqliyini bir daha təsdiq edir”.
Və bununla terror təşkilatı yenidən fəaliyyətə başladığını təsdiqləyir.
İkincisi, terror təşkilatı qondarma “ali məqsədi” uğrunda terror aktlarına davam edəcək;
Bəyanatda açıq şəkildə qeyd olunur ki, “Türkiyə dövlətinin çökməsinin qaçılmazlığına əmin olan təşkilat öz missiyasına sadiq qalaraq, Ermənistanın “işğal olunmuş” torpaqlarının azadlığı məşəlini qaldırmağa və nəsildən-nəsilə ötürməyə davam etməlidir”.
Beləliklə, terroru mübarizənin vasitəsi olaraq seçən ASALA yeni terror aktlarının anonsunu verir.
ASALA-nın bəyanatını həm hədəfdə olan Azərbaycan və Türkiyə, həm də beynəlxalq ictimaiyyət tərəfindən ciddiyə alınmalıdır. Çünki terroru mübarizə vasitəsi olaraq seçən ermənilərin tarixi bunu təsdiqləyir.
Hələ XIX əsrin sonlarından təşkilatlanmağa başlayan ermənilər terroru mübarizə vasitəsi olaraq seçdiklərini açıq şəkildə elan edirdilər. Erməni terrorunun praktiki olaraq geniş şəkildə həyata keçirilməsinə XX əsrin əvvəlində start verildi.
1919-cu ilin oktyabrı: İrəvanda Daşnaksütyun partiyasının IX qurultayı keçirildi. Daşnak Şaan Natalinin təşəbbüsü 41 nəfərlik “ölüm siyahısı” tərtib edildi və qondarma soyqırımına görə erməni terrorçular “ova çıxdılar”.
Bu əməliyyata qədim yunan ilahəsi “Nemezidan”ın adından ilhamlanaraq, “Nemezis” adını vermişdilər. Əməliyyatın həyata keçirilməsi üçün Ermənistanın ABŞ-dakı elçisi Armen Qaronun rəhbərlik etdiyi xüsusi orqan yaradıldı. Şaan Natali və Qriqor Merdjanov əməliyyatın maddi dəstəyini həyata keçirirdilər. Özünü türk tələbə kimi təqdim edəın Qraç Papazyan mühacirətdəki türklər haqqında informasiya toplayır, 3-4 nəfərdən ibarət “qətl qrupları” formalaşdırılırdı. Əməliyyatın əsas mərkəzləri İstanbulda “Çakatmart” və Bostondakı “Draşok” qəzetlərinin redaksiyası idi. Və qətllər başlandı.
Tbilisi, 1920-ci il 19 iyun: Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş baş naziri Fətəli xan Xoyski qətlə yetirilir, keçmiş ədliyyə naziri Xəlil bəy Xasməmmədov yaralanır. Qətlin icraçıları Aram Yerkaryan və Misak Kirakosyan idi.
Tbilisi, 1920-ci il 19 iyul: Azərbaycan parlamentininin keçmiş sədr müavini Həsən bəy Ağayev qətlə yetirilir.
Berlin, 1921-ci il 15 mart: Osmanlı imperiyasının keçmiş daxili işlər naziri Tələt paşa erməni terrorçu Soqomon Teyleryan tərəfindən qətlə yetirilir.
İstanbul, 1921-ci il 18 iyul: Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşir erməni terrorçuları Misak Torlakyan, Edvard Fundukyan və Arutun Arutunyans ərəfindən qətlə yetirilir. Misak Torlakyan Britaniya hərbi tribunalının qarşısına çıxarılır, lakin qətli törədərkən, “affekt” vəziyyətdə olduğu bəhanə edilir və cəzasız qalır.
Roma, 1921-ci il 5 dekabr: Osmanlı imperiyasının keçmiş sədr-əzəmi Səid Hilmi Paşa A rşavir Şirakyan tərəfindən qətlə yetirilir. Erməni terrorçu qətli icra edəndən sonra İstanbula qayıdır. Sonralar məlum olur ki, qətlin təşkilatçıları arasında Ermənistanın Romadakı elçisi Miakel Vartanyan da olub.
Berlin, 1922-ci il 17 aprel: Trabzonun keçmiş valisi Camal Əzim və “Təşkilati Məxsusə”nin (Osmanlının xüsusi xidmət orqanı) yaradıcısı Bahəddin Şahir, eləcə də onun mühafiəçisi Arşavir Şirakyan və Aram Yerkanyan tərəfindən qətlə yetirilir.
Tbilisi, 1922-ci il 25 iyul: Osmanlının keçmiş hərbi dəniz qüvvələri naziri Camal paşa Petros Ter-Poqosyan və Artaşes Qevorqyan tərəfindən qətlə yetirilir.
Bir əsr öncə başlanan erməni terroru 100 il boyunca müxtəlif aktlar həyata keçirirlər və ən dəhşətlisi odur ki, terrorçular cəzasız qalırlar. 100 il öncə başlanan bu terrorun nəticəsində Ermənistan adlı terror dövləti yaradıldı. Bu gün də Ermənistanda siyasi partiya olaraq fəaliyyət göstərən “Daşnaksütyun” erməni terror təşkilatlarının “anası” sayılır. 1890-cı ildə Tbilisidə yaradılan təşkilatın 1905-ci il 22 may tarixli əmrində deyilir: “Kim ermənilərdən silah-sursatları almağa cəhd etsə, onları əvvəllər qətlə yetirilmiş məmurların aqibəti gözləyir”.
“Daşnaksütyun” “zinvorlar” adlı nizamı dəstələr yaradır və 1904-cü ildə “Hərbi Nizamnamə”, 1905-ci ildə isə döyüş dəstələrinin proqramını qəbul edir. Bu təşkilatın terrorçuları XX əsrin əvvəllərində azərbaycanlılara qarşı soyqırımılar törədirlər.
1885-ci ildə yaradılan “Armenakan” partiyası, 1887-ci ildə təsis edilən “Hnçak” partiyası, 1973-cü ildə fəaliyyətə başlayan “Erməni “soyqırımının” intiqamçıları” qrupu, məxfi terror qrupu DRO və onun DRO-8, DRO-88, DRO-888, DRO-8888 adlı bölmələri, 1975-ci ildə Beyrutda yaradılan “Erməni gizli azadlıq ordusu” (ASOA), həmin ildə fəaliyyətə başlayan “Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu” (ASALA), 2001-ci ilin fevralında ASALA tərəfindən yaradılan “Geqaron”, 1991-ci ildə Fransada yaradılan “Erməni azadlıq hərəkatı” (AOD), “Erməni azadlıq cəbhəsi”, “Orli qrupu”, “Erməni soyqırımı ədalət komandosları”, “Erməni birliyi”, “Demokratik cəbhə”, “Apostol”… Bunlar erməni terrorunun məlum olan təşkilatlarıdır.
XX əsrin əvvələrində azərbaycanlılara qarşı soyqırımılar həyata keçirən erməni terrorçular “Nemezis” əməliyyatının davamı olaraq, əsrin ikinci yarısında türk diplomatlara qarşı terror aktlarını davam etdirdilər.
27 yanvar 1973-cü il: Türkiyənin Los-Ancelesdəki Baş konsulu Mehmet Baydar və konsul Bahadır Demir 78 yaşlı erməni QurgenYanikiyan tərəfindən öldürüldü. Yanikiyan ömürlük həbsə məhkum edilsə də, 1984-cü ildə əfvlə azadlığa çıxdı.
22 oktyabr 1975-ci il: Türkiyənin Avstriyadakı səfiri Daniş Tunalıgil üç erməni terrorçu tərəfindən qətlə yetirildi.
20 fevral 1975-ci il: Livanın paytaxtı Beyrutda Türk Hava Yollarının nümayəndəliyinə bomba atıldı.
24 oktyabr 1975-ci il: Fransadakı səfir İsmail Erez və sürücüsü Talip Yener qətlə yetirildi.
16 fevral 1976-ci il: Türkiyənin Livandakı səfirliyinin Baş katibi Oktar Cirit güllələndi. ASALA ilk dəfə terror aktını üzərinə götürdüyünü elan etdi.
9 iyun 1977-ci il: “Erməni soyqırımı ədalət komandosları” Türkiyənin Vatikandakı səfiri Taha Carımı qətlə yetirdi.
2 iyun 1978-ci il: “Erməni soyqırımı ədalət komandosları” Türkiyənin İspaniyadakı səfiri Zəki Kuneralpı, qızı Necla Kunerapı, keçmiş səfir Bəşir Balcıoğlunu və sürücüsü Antonio Torresi qətlə yetirdi.
12 oktyabr 1979-cu il: “Erməni soyqırımı ədalət komandosları” və ASALA Türkiyənin Hollandiyadakı səfiri Özdəmir Benlerin oğlu Ahmet Benleri qətlə yetirdi.
22 dekabr 1979-cu il: “Erməni soyqırımı ədalət komandosları” Türkiyənin Fransadakı turizm müşaviri Yılmaz Çolpanı qətlə yetirdi.
31 iyul 1980-ci il: ASALA Türkiyənin Yunanıstandakı səfirliyinin attaşesi Qalib Özmeni və 14 yaşlı qızı Neslihan Özmeni qətlə yetirdi.
17 dekabr 1980-ci il: Türkiyənin Avstraliyadakı Baş konsulu Şarık Arıyak və mühafizəçisi Engin Sever ermənilər tərəfindən qətlə yetirildi.
6 fevral 1980-ci il: Türkiyənin İsveçrədəki səfiri Doğan Türkmənə qarşı terror hücumu edildi, lakin səfir xilas ola bildi.
17 aprel 1980-ci il: Türkiyənin Vatikandakı səfiri Vecdi Türelə hücum edildi, ağır yaralandı.
26 sentyabr 1980-ci il: Türkiyənin Fransadakı səfirliyinin mətbuat katibi Səlcuq Bakkalbaşı ağır yaralandı.
4 mart 1981-ci il: ASALA Türkiyənin Fransadakı səfirliyinin attaşesi Reşat Moralı və dini nümayəndəsi Tecelli Arı qətlə yetirdi.
9 iyun 1981-ci il: ASALA Türkiyənin İsveçrədəki Baş konsulluğunun katibi Mehmet Savaş Yergüzü qətlə yetirdi.
24 sentyabr 1981-ci il: ASALA Türkiyənin Fransadakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesinin binasını ələ keçirərək, diplomatları əsir aldı. Mühafizəçi Cemal Özen öldürüldü, baş konsul Kaya İnal yaralandı.
2 aprel 1981-ci il: Türkiyənin Danimarkadakı səfirliyinin attaşesi Cavit Demir silahlı hücum nəticəsində ağır yaralandı.
25 oktyabr 1981-ci il: Türkiyənin İtaliyadakı səfirinin müavini Gökberk Ergenekon silahlı hücum nəticəsində yaralandı.
28 yanvar 1982-ci il: Türkiyənin Los-Ancelesdəki baş konsulu Kemal Arıkan qətlə yetirildi.
5 may 1982-ci il: Türkiyənin Bostondakı baş konsulu Orhan Gündüz qətlə yetirildi.
7 iyun 1982-ci il: Türkiyənin Portuqaliyadakı səfirliyinin attaşesi Erkut Akbay və həyat yoldaşı Nadir Akbay qətlə yetirildi.
27 avqust 1982-ci il: Türkiyənin Kanadadakı səfirliyinin hərbi attaşesi qətlə yetirildi.
9 sentyabr 1982-ci il: Türkiyənin Bolqarıstandakı səfirliyinin attaşesi Bora Süelkan qətlə yetirildi.
8 aprel 1982-ci il: Türkiyənin Kanadadakı səfirliyinin ticarət müşaviri Kani Güngör qətlə yetirildi.
21 iyul 1982-ci il: Türkiyənin Hollandiyadakı baş konsulu Kemal Demirerə silahlı hücum edildi, lakin terrorçular məqsədinə nail ola bilmədilər.
9 mart 1983-cü il: Türkiyənin Yuqoslaviyadakı səfiri Qalip Balkar qətlə yetirildi.
14 iyul 1983-cü il: Türkiyənin Belçikadakı səfirliyinin attaşesi Dursun Aksoy qətlə yetirildi.
27 iyul 1983-cü il: “Erməni inqilab ordusu” Türkiyənin Portuqalliyadakı səfirliyini ələ keçirdi. Səfirin müşaviri Yurtsev Mıhçıoğlu və həyat yoldaşı Cahidə Mıhçıoğlu qətlə yetirildi. Portuqaliya polisi terrorçuları məhv etdi. Buna görə “Erməni inqilab ordusu”nun rəhbərliyi Portuqaliyanın baş naziri Mario Suarezi ölümlə təhdid etdi.
28 aprel 1984-cü il: ASALA Türkiyənin İrandakı səfirliyinin katibi Şadiyə Yöndərin həyat yoldaşı iş adamı İşık Yöndəri qətlə yetirdi.
20 iyun 1984-cü il: “Erməni inqilab ordusu” Türkiyənin Avstriyadakı səfirliyinin attaşesi Ərdoğan Özeni öldürdü.
19 noyabr 1984-cü il: “Erməni inqilab ordusu” Türkiyənin BMT-dəki nümayəndəliyində fəaliyyət göstərən Evner Ergunu Avstriyada qətlə yetirdi.
28 mart 1984-cü il: Türkiyənin İrandakı səfirliyinin baş katibi Hasan Servet Öktem və səfirliyin işçisi İsmail Pamukçu silahlı hücum zamanı ağır yaralandı.
16 iyun 1983-cü il: İstanbulun Kapalıçarşı bazarında bir erməni terrorçu silahlı hücumla 2 nəfəri qətlə yetirdi, 21 nəfəri yaraladı.
15 iyul 1985-ci il: ASALA Türk Hava Yollarının Paris Orli hava limanındakı bürosu qarşısında bomba partlatdı. Terror aktı nəticəsində iki türk, dörd fransız, bir amerikalı və bir isveçli olmaqla 8 nəfər öldü, 63 nəfər yaralandı. Tarix bu terror aktını “Orli qətliamı” olaraq yazdı.
1985-ci ildən sonra “ləğv edildiyini” elan edən ASALA əslində “yeraltına” çəkilərək, gizlənmişdi.
I Qarabağ müharibəsində ASALA və digər erməni terror təşkilatlarının üzvləri azərbaycanlılara qarşı XX əsrin ən böyük soyqırımılarını törətdilər: Xocalı soyqırımı bəşəriyyətin ən qanlı səhifələrindəndir.
Azərbaycan torpaqlarının Ermənistan işğalında qaldığı 30 ilə yaxın müddətdə də erməni terroru dayanmadı və mülki əhaliyə, xüsusilə uşaqlara qarşı terror hücumlarını davam etdirdilər.
2020-ci ilin 12 iyulunda dövlət sərhədinin Tovuz istiqamətində erməni təxribatından sonra başlanan döyüşlərdə və sonrasında erməni terror yenidən aktivləşdi. Ermənistan Azərbaycanın yaşayış məntəqələrinə, xaricdəki erməni terrorçular Azərbaycan səfirliyinə və soydaşlarımıza qarşı hücumlar etdi. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızdakı 30 illik işğala son qoydu. Müharibənin davam etdiyi 44 gün ərzində Ermənistan döyüşlərin getdiyi ərazidən yüz kiçometrlərlə uzaqda olan şəhərləri bombaladı, yüzlərlə dinc insan həlak oldu. Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələri 100 il öncə başlanan, 90-cı illərdə daha da şiddətlənən erməni terrorunun davamı idi.
Azərbaycan müharibəni ədalətlə apardı və qalib gəldi. Biz işğala son qoyduq, amma erməni terroruna son qoyulmayıb. ASALA-nın son bəyanatı erməni terrorunun yenidən aktiv mərhələyə keçdiyinin sübutudur.
Və terror təşkilatı açıq şəkildə bəyan edir ki, Azərbaycan və Türkiyəyə qarşı terror aktlarına yenidən başlayacaq. Bu, beynəlxalq ictimaiyyət üçün həyacan siqnalı olmalıdır, erməni terrorunun tarixi və ASALA-nın keçmişi verilən bəyanatın rotirik xarakter daşımadığını, terror təhlükəsinin olduğunu deməyə əsas verir. Beynəlxalq birlik erməni terroruna qarşı hərəkətə keçməsə, bu, təkcə Cənubi Qafqaz regionunda yox, Avropa paytaxtlarında da teraktların səsinin eşidilə biləcəyi deməkdir. Çünki “Orli qətliamı”nı törədənlər yenidən aktivləşdi.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70