Paşinyanın utopik strateji sənədi – Ermənilər ona güldü

Oxunma sayı: 458
4-09-2019, 08:07

Paşinyanın utopik strateji sənədi – Ermənilər ona güldü
Ermənistanın baş naziri Nikol Paşinyan təkcə siyasi avantüraları ilə deyil, həm də utopik düşüncüləri ilə böyük siyasətin təsadüfi oyunçusu olduğunu nümayiş etdirir. Bu, artıq onun öz komandasında da narahatlıq doğurmağa başlayıb. Axı yeni hakimiyyət hələ kövrəkdir, digər tərəfdən uzun müddət Ermənistanı idarə edən Dağlıq Qarabağ klanı tam sıradan çıxarılmayıb və bu gün Paşinyan üçün ən ciddi təhlükə məhz bu qrupdan gözlənilir.
Yenisabah.az bildirir ki, əslində, Paşinyanın Dağlıq Qarabağa tez-tez səfərlər etməsi, orada populist bəyanatlar verməsi hakimiyyəti üçün gözlənilən təhlükələri dəf etməyə hesablanıb. Amma bu taktikanın effekti Paşinyanın xeyrinə deyil. Buna baxmayaraq, baş nazir hələ ki, təcrid siyasətinin qurbanı olan erməni xalqını fantastik vədlərlə yuxuya vermək siyasətini davam etdirir.

Beş milyon erməni...

Onun elan etdiyi “Ermənistan 2050-İnkişaf Strategiyası”da utopik vədlər silsiləsindədir. Bu gün Ermənistanda ciddi müzakirə mövzusu olan sözügedən strateji sənədə görə 2050-ci ilə qədər əsas hədəflər Ermənistan əhalisinin sayını 5 milyon nəfərə çatdırmaq, 1,5 milyon iş yeri açılmaq, 2,5 milyon məşğulluq məsələsini həll etmək və yoxsulluğu aradan qaldırmaq, Ermənistanı sənaye ölkəsinə çevirmək, ümumdaxili məhsulu 15 dəfə artırmaq, ermənilərin dəyəri 10 milyard dollara və işçi startapları on minlərə yüksələn ən azı beş texnologiya şirkətinə malik olmaq, ordu döyüş hazırlığına görə dünyanın iyirmi lideri arasında yer tutmaqdır.

Bu sənəd Ermənistan mediasında “ya xan ölər, ya eşşək” kontekstində şərh edilir. Ermənistan müxalifəti və ekspertlər hesab edir ki, bu sənəd sürrealizm və utopiyadan başqa bir şey deyil.

Rəqəmlərlə manipuliyasıya...

Xüsusilə, iqtisadi hədəflər inandırıcı hesab edilmir. Ermənistan ictimaiyyəti düşünür ki, 30 il ərzində ümumdaxili məhsulun həcminin 15 dəfə artırılması faktiki olaraq mümkün deyil. Hətta hökumətə yaxın ekspertlər belə bu barədə danışarkən “əsas rəqəmlər deyil” deməklə diqqəti şişirdilmiş rəqəmlərdən yayındırmağa çalışırlar.Digər tərəfdən, sənəddə göstərilən hədəflərlə Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozları arasında ciddi fərqlər var. Sənəddə 2024-cü ildə ümumdaxili məhsulun ümumi həcminin 22 milyard dollar, adambaşına düşən miqdarı isə təxminən 6,6 min dollar olacağı qeyd edilsə də, BVF-nin proqnozlarına əsasən, ümumdaxili məhsulun həcmi 17 milyard dollar, adambaşına düşən miqdarı isə 5,7 min dollar təşkil edəcək.

Hələ mart ayında Dünya Bankı (DB) və BVF Ermənistan iqtisadi fəllağın azalacağı barədə proqnoz verib. DB-nin proqnozuna görə, 2019-cu ildə Ermənistan iqtisadiyyatının aktivliyi 4,3 % azalacaq. BVF-nin proqnozunda isə bu, 4,5 % göstərilib.

İqtisadiyyatın inkişafında digər həlledici indikator hesab edilən ixrac həcminin də gələcəyi sual atındadır. Çünki BVF-nin proqnozlarına əsasən, bu günədək ticarət əməliyyatlarında idxalın ixracdan üstün olması tendensiyası hələ uzun müddət artaraq davam edəcək.
Paşinyanın utopik strateji sənədi – Ermənilər ona güldü
15 milyon turist arzusu

Bu proses ölkədən xarici valyutanın çıxması, sosial-iqtisadi vəziyyətin inkişafını əngəlləyən başlıca faktordur. Bundan başqa, strateji sənəddə təbii resurlardan asılılığın azaldılması istiqamətində görülməsi gərəkən işlər qeyd olunsa da, bunun reallığa çevrilməsi mümkünsüz görünür. Çünki 2018-ci ildə Ermənistanın ixrac strukturunun özəyini dağ-mədən sənayesinin xam və yarım-fabrikat malları (23 %), təbii daş-qaş və digər metallar (12,8 %), tütün məmulatları (11,2 %) və içkilər (9,63 %) təşkil edir ki, bu da ölkə iqtisadiyyatının primitiv iqtisadi modelə sahib olduğu təsdiq edir. Bu tendensiya uzun müddətdir ki, davam edir və 2016-2018-ci illər ərzində də qeyd edilən məhsulların ümumi ixracda payı 50 %-dan çox olub. Ermənistan hökumətinin açıqladığı hədəflər içərisində turizm sektorunun inkişafına diqqət ayrılması da qeyd edilib. Bunun üçün ölkədə bir sıra idman yarışlarının keçirilməsi və turizm sektoruna investisiya yatırılması ilə 2050-ci ildə ölkəyə 15 milyon turistin gəlməsi hədəflənməkdədir.

Erməni mərkəzləri nə düşünür?

Lakin Ermənstanın İqtisadiyyat və Qiymətləndirmələr Araşdırma Mərkəzi-nin təhlilinə əsasən, xarici turist olaraq ölkəyə səfər edən qonaqların 62%-i dünyanın müxtəlif yerlərində yaşayan etnik ermənilərdir. Bu tendensiyanın davamlı olma ehtimalı və ölkənin Cənubi Qafqaz regionunda qonşularına nisbətən cəlbediciliyinin olduqca aşağı olması, verilən vədlərin reallaşmasını mümkünsüz edir.

Araşdırma mərkəzinin hazırladığı hesabata əsasən deyə bilərik ki, hökumət digər məsələlərdə olduğu kimi, turizm sektorunda da ən yüksək proqnoza köklənərək real vəziyyəti anlamaq istəmir. Nikol Paşinyan iqtidarı ölkənin düşdüyü acınacaqlı durumun baiskarının keçmiş rəhbərlik olduğunu desə də, Ermənistanın yerləşdiyi coğrafi mövqe və apardığı işğalçı xarici siyasət ölkənin sosial-iqtisadi həyatına mənfi təsir etməkdədir və bugünədək heç bir ciddi nailiyyət əldə edilməməsinin əsil səbəbi budur. Amma deyəsən, Paşinyan bu barədə düşünmək istəmir.

Yenisabah.az

Paylaş
Xəbər lentİ