7,7 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ - Ölən və çox sayda yaralanan var

Oxunma sayı: 32
3-04-2024, 08:07

7,7 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ - Ölən və çox sayda yaralanan var
Aprelin 3-ü, çərşənbə günü səhər Tayvanın şərq sahilləri yaxınlığında silsilə zəlzələlər baş verib.

Arasdırma.info xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

Əvvəlcə 7,5 bal gücündə zəlzələ olub. Təxminən 15 dəqiqə sonra meteoroloqlar 6,6 bal gücündə daha bir zəlzələnin olduğunu bildiriblər.

Ümumilikdə adada 20-dən çox təkan qeydə alınıb

Daha sonra adanın şərqində maqnitudası 5,4-ə çatan daha dörd yeraltı təkan qeydə alınıb, daha sonra 6,3 bal gücündə yeddinci zəlzələ baş verib.

Tayvanın Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə, ümumilikdə adanın şərq sahillərində 3,4-6,5 bal gücündə 20-dən çox yeni təkan qeydə alınıb. Yaponiyanın meteoroloji agentliyinin nümayəndəsi deyib ki, Tayvanda baş verən ən güclü zəlzələnin maqnitudası 7,5 yox, 7,7 bal olub.

"ETtoday" portalın məlumatına görə, bu zəlzələ son 25 ilin ən güclüsü olub - 1999-cu il sentyabrın 21-də adada 7,3 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələdən sonra sunami Yaponiya sahillərinə çatıb

İlk təkandan dərhal sonra Yaponiyanın Okinava prefekturasının adaları üçün üç metrlik sunami təhlükəsi elan edilib.

Hündürlüyü 0,3 metr olan sunami Yaponiyanın Yenaquni adasının sahillərinə çatıb. Dalğa İşigaki və Miyakojima adalarına da çatıb, onun hündürlüyü dəqiqləşdirilir. Eyni zamanda yapon meteoroloqları dalğanın hündürlüyünün arta biləcəyi barədə xəbərdarlıq ediblər.

Yaponiya hökumətinin baş katibi bildirib ki, dağıntılar və tələfatlar barədə məlumat yoxdur.

Tayvanda binalar zədələnib, fabriklər boşaldılıb

Tayvanda baş verən yeraltı təkanlar nəticəsində bir sıra binalara ciddi ziyan dəyib.

Adanın Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, Hualien qraflığında 8 mərtəbəli yaşayış binası qismən uçub və əyilib. Səkkiz nəfər içəridə sıxışıb, xilasedicilər onları pəncərələrdən çıxarmaq üçün yanğın nərdivanlarından istifadə ediblər.

Adada internetin kəsildiyi bildirilir. Tayvanda 87 mindən çox ev təsərrüfatları işıqsız qalıb.

Bundan əlavə, Tayvanın ən böyük yarımkeçirici istehsalçısı TSMC adadakı fabrikləri boşaltmağa başlayıb. Şirkət "Apple" və "Nvidia" kimi korporasiyalarla əməkdaşlıq edir və ən kiçik silkələnmə yüksək dəqiqliklə yaradılmış yarımkeçiricilərin bütün partiyalarını məhv edə bilər.

Yaponiyanın baş naziri Fumio Kişida bildirib ki, lazım gələrsə, Tokio zəlzələdən sonra Tayvana yardım göstərəcəyk.

Seysmoloqlar yeni zəlzələlərin baş verə biləcəyi barədə xəbərdarlıq edirlər

Yaponiyanın baş meteorologiya agentliyi bir həftə ərzində maqnitudası 6,5-ə çatan afterşokların olacağı barədə xəbərdarlıq edib. Meteoroloqlar əlavə ediblər ki, yeni güclü zəlzələ baş verərsə, sunami təhlükəsi mümkündür. Tayvanda seysmoloqlar da yaxın günlərdə 7 bal gücündə təkrarlanan zəlzələlər barədə xəbərdarlıq edirlər.

Bu arada Çinin Təbii Sərvətlər Nazirliyi Tayvanda baş verən zəlzələdən sonra ən yüksək qırmızı təhlükə səviyyəsini açıqlayıb.//publika

Paylaş
Xəbər lentİ