Sülhməramlılar Ermənistana gedir... - "Rusiyanın verdiyi bu qərardan bir çox mənalar çıxarmaq olar" / AÇIQLAMA

Oxunma sayı: 14
23-04-2024, 21:03

Sülhməramlılar Ermənistana gedir... - "Rusiyanın verdiyi bu qərardan bir çox mənalar çıxarmaq olar" / AÇIQLAMA
Qarabağdan Rusiya sülhməramlılarının karvanı Ermənistanın Sünik rayonunun Gorus və Sisiandakı müvəqqəti dislokasiya məntəqələrinə yollanıb


Bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

“Ermənistan hökuməti Gorus və Sisianda Rusiya sülhməramlı birləşmələrinə müvəqqəti dislokasiya məntəqələri ayırıb. Laçın dəhlizinin normal fəaliyyətini təmin etmək üçün yer də seçilib. Rusiya sülhməramlı qoşunları Qarabağı tərk etdiyinə görə, təbii ki, onlar Ermənistanda da qala bilməzlər. Qarabağdan gələn sülhməramlılardan ibarət qrup və konvoy onların bağlanması üzrə işlərin təşkili üçün Gorus və Sisiandakı müvəqqəti dislokasiya məntəqələrinə yollanıb” – o qeyd edib.

Belə bir qərarın verilməsində məqsəd nə ola bilər? Bu hərəkəti yeni təxribatların xəbərçisi hesab etmək olar?

Milli Məclisin deputatı Arzu Nağıyev Referans.az-a açıqlamasında bu sualları cavablandırıb.


“Düşünmürəm ki, bu gələcəkdə Azərbaycana qarşı törədiləcək hansısa təxribatla bağlıdır. Bu inandırıcı görünmür. Çünki onlar bir neçə istiqamətdə daşınmanı həyata keçirirlər. Məlumdur ki, Ermənistan ərazisində 102 saylı baza mövcuddur. Bundan başqa Erebuni aeroportu yaxınlığında onların texnikası var. Eyni zamanda sərhəd qoşunları federal təhlükəsizlik xidmətinin sərhəd qoşunlarının Ermənistan ərazisində şəxsi heyəti var”.

Deputat bildirir ki, burada əsas məsələ sülhməramlıların Azərbaycandan çıxıb getməsidir.
“Sülhməramlıların dislokasiya yerini dəyişməsi və ya haradasa qalması artıq öz daxili işləridir. Bunun nəticələri Rusiya və Ermənistan arasında bağlanacaq müqavilələrdən asılı olaraq dəyişə bilər. Sülhməramlıların sözügedən əraziyə hərəkəti və burada yerləşməsi Azərbaycan üçün hər hansısa təhdid törətmir. Ümumiyyətlə, Azərbaycan apardığı daxili və xarici siyasətlə hər cür təhdidin qarşısını almağa qadirdir. Məhz Ermənistan tərəfin belə bir açıqlama verməsi, Qazax tərəfdə boşaldılan dörd kənddə keçirilən qanunsuz mitinqlər, tələblər məlum məsələdir ki, onların daxili işidir. Bizim əsas məsələmiz sülhməramlı qüvvələrin vaxtından əvvəl Azərbaycanı tərk etməsidir. Bu Cənab Prezidentin qətiyyətli qələbələrindən biridir”.

Hərbi jurnalist Səxavət Məmməd isə bildirib ki, Rusiyanın verdiyi bu qərardan Ermənistanın əleyhinə hesab olunacaq bir çox mənalar çıxarmaq mümkündür. Lakin bunlar ağılabatan deyil.







“Sülhməramlı qüvvələrin bir hissəsi xüsusən texnikalar filan Rusiyaya göndərilir. Hətta bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi də onların daşınmasında yardım edilməsi ilə bağlı sərəncam verdi. Eyni zamanda sülhməramlıların bir hissəsini də 102-ci bazaya göndərilir. Bunun əsas səbəblərindən biri orada komplektləşmənin olmasıdır. Bu nə deməkdir? Yəni, silah-sursat və ştata uyğun əsgər sayı. Lakin orada tam komplektləşmə yox idi, təxminən 65-70 faiz arasında bir həcmdə idi bu komplektləşmə. Hesab edirəm ki, hazırkı məqamda Rusiya Gümrüdə yerləşən bazadakı ştatları tam doldurmaq üçün Qarabağdan çıxan sülhməramlıların bir hissəsini oraya göndərir. Bu da ratasiya ilə olan bir prosesdir. Onlar göndərilir həmin əraziyə və orada hərbi xidmətlərini davam etdirəcəklər”.


Səxavət Məmməd qeyd edib ki, ötən gün baş tutan Azərbaycan və Rusiya prezidentlərinin görüşündə diqqət çəkən məqamlardan da bu nəticəyə gəlmək olar ki, Rusiyanın bu qərarı verməsində Azərbaycanla bağlı hər hansısa mən düşüncəsi yoxdur.


“Ötən gün Prezident İlham Əliyevlə Putinin görüşü keçirildi. Burada diqqət çəkən bir məqam oldu. Putin açıq şəkildə bildirdi ki, Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycan və Rusiyadan asılıdır. Yəni Rusiya və Azərbaycan Cənubi Qafqazın təhlükəsizliyi üçün birlikdə fəaliyyət göstərir. Bu məsələyə başqa bir tərəfdən yanaşsaq, əgər Rusiya Azərbaycana güvənməsəydi, Azərbaycandan qoşunlarını çıxarardı? Düşünürəm ki, hər birimiz bunun cavabının “xeyr” olduğunu bilirik”.

Jurnalist son olaraq qeyd edib ki, indiki məqamda Rusiya və Azərbaycanın siyasi, diplomatik, iqtisadi əlaqələri daha da güclənəcək. Səxavət Məmməd bu məsələdə Rusiyanın Azərbaycana qarşı hansısa təhdidinin olduğunu və bu təhdidi Ermənistan üzərindən etməyə çalışdığına inanmadığını deyir.//referans

Paylaş
Xəbər lentİ