Danimarkalı milyarderin faciəsi: Şri-Lankada onun üç övladı həlak olub

Oxunma sayı: 568
22-04-2019, 20:13

Danimarkalı milyarderin faciəsi: Şri-Lankada onun üç övladı həlak olub
Danimarkanın “Bestseller” ticarət şəbəkəsinin sahibi və məşhur “Asos” brendinin səhmdarı Holch Povlsen-in (Anders Holch Povlsen) üç övladı Şri-Lankada törədilən terror aktları zamanı həlak olub.

BBC telekanalına istinadən, bir qədər əvvəl Danimarkanın Xarici İşlər Nazirliyi Şri-Lankada partlayışlar nəticəsində üç vətəndaşının öldüyü barədə məlumat yaymışdı. Sonradan onların “Bestseller” ticarət şəbəkəsinin sahibi Holch Povlsen övladları olduğu aydınlaşıb.

“Təəssüf ki, bu informasiyanı təsdiq edə bilərik. Biz Povlsenin şəxsi həyatına hörmət etməyə çağırır və şərh vermirik”, – B.T. qəzeti “Bestseller” şəbəkəsinin mətbuat xidmətinin bu bəyanatını yayıb.
Məşhur “Asos” brendinin səhmdarının ailəsi Şri-Lankaya pasxa bayramı tətilinə getmişdi. Onun üç qızı və bir oğlu vardı.

Holch Povlsen dünyanın 70 ölkəsində 2,7 mindən çox ticarət nöqtəsinə və 3 milyard dollardan çox dövriyyə kapitalına malik “Bestseller” geyim mağazaları şəbəkəsinə rəhbərlik edir. O, həmçinin “Asos” internet mağazasının səhmdarı və Danimarkanın ən varlı insanlarından biridir. Povlsenin varidatı 6,7 milyard dollar həcmində qiymətləndirilir.

Xatırladaq ki, ötən bazar günü pasxa bayramı zamanı Şri-Lankada törədilən partlayışlar seriyası nəticəsində azı 290 nəfər həlak olub, 500-ə yaxın insan isə yaralanıb. Həlak olanlar arasında Danimarka, Yaponiya, Pakistan, Mərakeş, Hindistan, Banqladeş, Çin, Niderland, ABŞ, Türkiyə və Böyük Britaniya vətəndaşları, ümumilikdə 35 nəfər əcnəbi var.

Şri-Lankanın hakimiyyət orqanları terror hücumlarında “Tövhid camaatı” qruplaşmasını ittiham edib. Hadisə ilə bağlı 24 nəfərin saxlanıldığı bildirilir.

Paylaş
Xəbər lentİ